Mobil versiya
Pensiyaçılara əlavə müavinətlər ödənilə bilərmi? - AÇIQLAMA
Tarix: 13-04-2024 | Saat: 09:48
Bölmə:Manşet / Ölkə | çapa göndər

Pensiyaçılara əlavə müavinətlər ödənilə bilərmi? -

Dünyanın müxtəlif ölkələrində pensiyaçıların ləyaqətli həyat sürmələri üçün müxtəlif proqramlar həyata keçirilir.

KONKRET.az-ın diqqətini “bir millət, iki dövlət” adlandırdığımız qardaş Türkiyədə gerçəkləşdirilən maraqlı və əlverişli proqram cəlb etdi.

Deməli, 2017-ci ildən başlayaraq Türkiyə hökuməti Sosial Güvənlik Qurumu (SGK) vasitəsilə ölkə bankları ilə protokol imzalayıb. Həmin protokola əsasən, həmin ilin mart ayından etibarən pensiyaçılara həvəsləndirmə müavinətləri də ödənilməyə başlanılıb. Türkiyədə bu, “promosyon ödənişlər” adlandırılır. SGK bu məsələ ilə bağlı dövlət bankları və 18 özəl bankla müqavilə bağlayıb.

Bu proqramdan 3 il ərzində təqaüdünü eyni bankdan almağı öhdəsinə götürən pensiyaçılar yararlana bilirlər. Buna görə pensiyaçılar hesablarının olduğu bank şöbəsinə gedib müqavilə imzalayır və aldıqları təqaüdə uyğun müavinətlərdən yararlana bilirlər.

Maliyyə qurumlarının təklif etdiyi bu təşviq proqramından hər iki tərəf udur: bir tərəfdən pensiyaçılara maliyyə dəstəyi göstərilir, digər tərəfdən banklar arasında rəqabət artır və daha keyfiyyətli xidmətlər təqdim edilir.

Məsələn, bu il Türkiyədəki pensiyaçılar martın 28-dən başlayaraq öz əlavə ödənişlərini ala bilirlər. Məlum olub ki, “YAPI Kredi” bankının filiallarında təqaüdlərini saxlayan pensiyaçılar arasında əlavə müavinətin məbləği 18 min lirəyə çata bilənlər var. Əgər pensiyaçı ayda 9 999 lirə alırsa, ona əlavə olaraq 6 250 lirə həvəsləndirmə müavinəti ödəniləcək. Bu məbləğ 10 000 – 14 999 lirə arasındadırsa, pensiyaçı əlavə 10 min, 15 000 – 19 999 arasındadırsa, əlavə olaraq 12 500, 20 000-dən yuxarıdırsa, 15 min nağd müavinət alacaqdır.

Bundan başqa, pensiyaçı əlavə müavinətini aldıqdan sonra bankını dəyişə də bilər. Bu zaman o, təbii ki, ona daha çox həvəsləndirmə müavinəti təklif edən bankı seçir.

“Bəs Azərbaycanda bu proqramın tətbiqi mümkündürmü?” sualı ilə tanınmış iqtisadçı Akif Nəsirliyə müraciət etdik.

Eksperin sözlərinə görə, Türkiyədəki pensiya sistemi Azərbaycandakı pensiya sisteminə nisbətən daha demokratikdir, çünki qardaş ölkədə vətəndaş könüllü olaraq fərdi yığım sisteminə keçə bilər. “Tutaq ki, 30 yaşlı vətəndaş fərdi yığım sisteminə keçmək istədiyi barədə müraciət edir. Onun bu müraciəti dərhal qəbul edilir və yığdığı vəsait fərdi uçotunda toplanır. Hökumətin öhdəliyi var ki, bu vəsaiti inflyasiyadan qorusun. Hər ilin sonunda vəsait inflyasiya səviyyəsində indeksləşdirilir. Üstəlik, uzunmüddətli vəsaitlər ölü capital kimi saxlanılmır. Həmin vəsaitlər özəl banklara depozit şəklində yatırılır və hər il öz sahibinə və pensiya fonduna dividendlər gətirir. Məsələn, 100 manat dividend gəlibsə, 15 manat fondun xərclərinin ödənilməsinə ayrılır, 85 manat isə vətəndaşın fərdi uçotunda yığılan vəsaitin üzərinə gəlir”.

Ekspert əlavə edib ki, Türkiyədə pensiyanı ödəyən banklar buna görə dövlətdən xidmət pulu alırlar və banklar xidmət haqqının bir hissəsini güzəştə gedərək, pensiyaçılara əlavə vəsaitlər verirlər.

O qeyd edib ki, hələlik Azərbaycanda bu sistemin tətbiqi mümkün deyil: “Azərbaycanda da banklara dövlət xidmət haqqı ödəyir. Amma ölkəmizdə pensiyaçı nə fərdi uçotda vəsait toplaya, nə də pensiya aldığı bankı özü seçə bilər. Ona görə də banklar maraqlı deyil ki, pensiyaçıya əlavə vəsait ödəsin. Çünki pensiyaçının hansı bankdan təqaüdünü alması onun səlahiyyətində deyil. Əgər bizdə də pensiyaçının bank seçmək hüququ olsaydı, banklar arasında rəqabət gedərdi və banklar dövlətdən və ya pensiya fondlarından aldıqları xidmət haqqının bir hissəsin güzəştə gedərək, daha çox pensiyaşı cəlb etməkdən ötrü həvəsləndirici müavinət verə bilərdilər”.

Ekspert hesab edir ki, bizdə də sistem elə qurulmalıdır ki, banklar xidmətdə maralıq olsun: “Türkiyədə bu maraq var. Orada pensiyaçının vəsaiti bir ay tamam olan kimi kartına köçürülür. Hətta bazar günü belə vəsait karta oturulur. Rəqabət mühiti inkişafın rəhnidir. Biz elə etməliyik ki, Azərbaycandakı banklar da rəqabət aparsın. Özəl pensiya sistemləri yaradılmalı, fərdi yığım sisteminə keçilməlidir. O zaman banklar da stimullaşdırma müavinətlərin verilməsinə keçə bilərlər”.Konkret.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024