Mobil versiya
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı islahatları Cənab Prezident İlham Əliyev uğurla davam etdirir
Tarix: 12-04-2024 | Saat: 11:19
Bölmə:Özəl | çapa göndər

Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı islahatları Cənab Prezident İlham Əliyev uğurla davam etdirir

1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayan Ulu Öndər Heydər Əliyev ölkəmizi iqtisadi böhrandan çıxarmaqla dövlətin varlığı üçün ən önəmli olan ordu quruculuğuna, müdafiə qüdrətinin möhkəmlənməsinə da xüsusi diqqət yetirdi. Milli kadrların hazırlanmasını respublikamızın gələcəyi üçün vacib hesab edən müdrik siyasətçi Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin əsasını qoydu. Sovetlərin ilk və sonuncu Prezidenti ermənipərəst Mixail Qorbaçovun Ulu Öndərə qarşı qısqanclığından, özünə qarşı edilən təhdidlərdən sonra doğma Vətəni Azərbaycana gələn, sonra Naxçıvan MR Ali Məclisinin Sədri kimi siyasi fəaliyyətini davam etdirən Ulu Öndər o illərdə də ən çox ordu quruculuğuna diqqət yetirirdi. Təcavüzkar Ermənistanla sərhəddə yerləşən Naxçıvanı müdafiə edən Ulu Öndər 70 ildən artıq bir müddətdə «sərhədlərimizi qoruyan» SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş moto-atıcı diviziyanın muxtar respublikanın ərazisindən çıxarılması, I Sərhəd Dəstəsinin yaradılması barədə qərarlar qəbul etməklə ordu quruculuğu ilə bağlı islahatların təməlini qoydu. Azərbaycanda «qızıl ordu» hissələrinin qaldığı bir vaxtda Naxçıvanda belə cəsarətli addımın atılması, rus ordusuna məxsus silah- sursatın, əmlakın, mülkü texnikanın yeni yaradılan Milli Orduya təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi.
Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı bütün sahələrdə, o cümlədən ordu quruculuğu istiqamətində ciddi islahatların aparılmasını intensivləşdirdi. Ulu Öndərin vahid komandanlığın təmin edilməsi sahəsində gördüyü məqsədyönlü tədbirlər nizami ordunun formalaşmasına səbəb olmaqla yanaşı, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə də gətirib çıxardı. Nəticədə mərkəzləşmiş maddi-texniki təminat işində uğurlu addımlar atıldı, müxtəlif qoşun növlərinin, ayrı-ayrı hərbi hissələrin təminatı həyata keçirilməklə təkmilləşmə prosesi davam etdirildi, fərarilik hallarının qarşısı alındı, orduya çağırış işi təkmilləşdirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Hərbi vətənpərvərlik tərbiyəsi güclənən gənclərin ən çətin sahə olan zabitlik peşəsinə maraqları artdı. Zabit kadrlarının hazırlanması üçün müxtəlif istiqamətli ali hərbi məktəblər yaradıldı. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu və 21 min hektar ərazi - Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin azad edilməsi xalqımızda Ermənistanın işğalı altında qalan torpaqlarımızın əsl sahiblərinə qaytarılması inamını artırdı.
Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı islahatlar onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir ordu quruculuğunun təminatına geniş imkanlar yaradan iqtisadi inkişafın dinamikası sürətləndirildi. Silahlı Qüvvələrimizin bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına və Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsinə geniş imkanlar yaradan Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından Ermənistanın fərari ordusunu dəfələrlə qabaqlayır. Məğlub Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edən əzgər və zabitlərimizin şücaətini, döyüş hazırlığını daim diqqətdə saxlayan Ali Baş Komandan İlham Əliyev «1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq» sözləri ilə ölkəmizin qurucularına varislik borcunu yerinə yetirdiyini bildirir. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Milli
2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı qüvvələrinin təxribatlarının qarşısını alan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında qalan ərazilərimizin azad olunması üçün geniş hərbi əməliyyatlara başlayan Silahlı Qüvvələrimiz 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığı Zəfərlə tarix yazdı. XXI əsrin ən sürətli, müasir və ədalətli döyüş əməliyyatı nəticəsində Qarabağın ürəyi Şuşa şəhərini işğaldan azad edən Silahlı Qüvvələrimiz dünyanın müharibə tarixinə özlərinə məxsus səhifələr yazdılar. Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu.
Ötən ilin aprelin 23-də isə Silahlı Qüvvələrimiz Azərbaycan-Ermənistan sərhədində Laçın nəzarət-buraxılış məntəqəsini formalaşdırdı, ərazidə müstəqilliyimizin rəmzi sayılan Azərbaycan Bayrağı qaldırıldı. Hadrutda, Kəlbəcərdə yeni Komando briqadalar yaradıldı. «Ordumuzun, bütün Silahlı Qüvvələrimizin torpaqlarımızın azad olunması üçün hazırlıq işlərinə xüsusi önəm verilirdi və biz buna nail olduq. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. Ancaq buna baxmayaraq, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır» sözləri ilə Silahlı Qüvvələrimizin daha da güclənməsi üçün bütün vasitələrdən istifadə olunacağını bildirən Ali Baş Komandan İlham Əliyevin Xocalıda, Ağdərədə, Xankəndidə dalağandırdığı Azərbaycan Bayrağı əbədi qalibiyyət rəmzi kimi düşmənə göz dağıdır.
Silahlı Qüvvələrimizin qardaş Türkiyə ilə hərbi əməkdaşlıq getdikcə güclənir. « Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür» söyləyən, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı ölkələrin olmadığını diqqətə çatdıran Prezident, Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, müdafiə sahəsindəki əməkdaşlıq hər iki dövlətin siyasi, iqtisadi qüdrətinin ifadəsidir. İki qardaş ölkə hərbçilərinin birgə iştirakı ilə keçirilən «TurAz», «Sarsılmaz Qardaşlıq» adlı hərbi təlimlər gələcəkdə də davam etdiriləcək. , Pilotsuz uçuş aparatı ( PUA) «Akınçı» ilə tanışlıq məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bölmələri ilə təlim-məşq uçuşları sınaqdan çıxarılır. Türkiyə ilə Azərbaycan strateji tərəfdaşlığının ən bariz nümunəsi olan Şuşa Bəyannaməsində hər iki ölkə arasında müdafiə sənayesinin inkişafı ilə bağlı ayrıca bəndin alması sarsılmaz əməkdaşlığı daha da gücləndirir.
Bu günlərdə Cənubi Qafqazda baş verən hadisələr, kənar qüvvələrin bölgəyə müdaxilə səylərinin artması, «Zəngəzur dəhlizi» ifadəsindən, bu yol vasitəsi ilə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin güclənməsindən təlaşlananların kürkünə birə düşməsi iki qardaş ölkənin müdafiə qüdrətini gücləndirmək zərurətini intensivləşdirib. Silahlı Qüvvələrimizin nəyə qadir olduğu 44 gün davam edən İkinci Qarabağ müharibəsində, ötən ilin sentyabrında keçirilən bir günlük antiterror tədbirlərində bəlli olsa da, dünyanın müxtəlif ali hərbi məktəblərində Milli Ordumuzun döyüş rəşadəti XXI əsrin müharibə təcrübəsi kimi öyrənilsə də Ulu Öndər Heydər Əliyevin «Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır» sözlərini yaddan çıxarmamalıyıq.
Son aylarda ölkəmizə qarşı ədalətsiz yanaşan, Ermənistanı silahlandıran bəzi Qərb dövlətlərinin və beynəlxalq təşkilatların, o cümlədən Fransanın, ABŞ-ın və Avropa İttifaqının məqsədi ölkəmizi daim təzyiq altında saxlamaqdır. «Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada da Fransa yenə də ön plandadır» söyləyən, Qafqazda gərginliyin artmasına səbəb olacaq bu kimi halları özünün bir dövlət kimi məhv olacağını anlamaq istəməyən Ermənistanı yersiz illüziyalara arxayınlaşmamağı tövsiyə edən Prezident İlham Əliyevin vurğuladığı kimi, biz heç vaxt sakitləşməməliyik, daha güclü ordu yaratmalıyıq. Müdafiə Sənayesi Kompleksinin nəzdində olan müəssisələrimizdə daha çox hərbi avadanlıq və ləvazimatlar istehsal olunmalıdır.
Ölkəmizdə ordu quruculuğu prosesinin davamlı olacağını diqqətə çatdıran Prezident İlham Əliyev «Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq «Bastion»” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik» sözlər ilə Ermənistana və havadarlarına bəd niyyətlərindən əl çəkiməyi tövsiyə edir. İnsanları xarici anti-Azərbaycan qüvvələrin mənfur niyyətlərinə qarşı ayıq-sayıq olmağa çağıran dövlət başçımız vurğulayır ki, demirəm, hər an biz fikirləşməliyik ki, yeni müharibə olacaq: «Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!»

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024