Mobil versiya
Erməni faşistləri digər xalqların nümayəndələrini də qətlə yetiriblər – ŞƏRH
Tarix: 29-03-2024 | Saat: 18:53
Bölmə:Siyasət | çapa göndər

Erməni faşistləri digər xalqların nümayəndələrini də qətlə yetiriblər

Son iki yüz il ərzində erməni millətçiləri Azərbaycan xalqına qarşı kütləvi şəkildə ağır cinayət əməlləri törədiblər. Hər zaman iri miqyaslı qətliamlar və deportasiyalarla müşayiət olunan belə cinayətlərdən biri də 1918-ci ildə törədilmiş mart soyqırımlarıdır. Həmin qırğınlarda qətlə yetirilənlərin sayı on minlərlə ölçülür. O dövrdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından zor gücünə qovmuşdular. Həmçinin soyqırımının gedişində on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da erməni daşnakları tərəfindən qılıncdan, süngüdən keçirilərək öldürülmüş, diri-diri yandırılmışdılar. Bütün bu hadisələrdə əlbəttə ki, “Daşnaksutyun” partiyasının iştirakı və hətta aparıcı rolu tamamilə danılmazdır. Belə ki, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Heç şübhəsiz 1918-ci ilin mart-aprel soyqırımları istər amansızlığına, istərsə də miqyasına görə dünya tarixində məlum olan ən qəddar qətliamlardan biri kimi qiymətləndirilməlidir. Faciənin miqyasını təsəvvür etmək üçün Bakı qırğınları ilə yanaşı Şamaxı və Quba qətliamlarının da ciddi şəkildə araşdırılması tələb olunur. Məsələ bundadır ki, Şamaxı hadisələri ilə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi məhv olduğu üçün bu istiqamətdə tədqiqat işləri hələ də davam etdirilir və bu səbəbdən erməni cinayətlərinin tam mənzərəsi hələ də formalaşmayıb.

Məlum olduğu kimi, ermənilərin xalqımıza qarşı törətdikləri 31 Mart soyqırımı faciəsinin araşdırılması və bu xüsusda əsl həqiqətlərin dünyaya yayılması işinə məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin sonlarında start verilmişdir. Ulu Öndər azərbaycanlıların soyqırımı ilə əlaqədar demişdir: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”. Bu baxımdan 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31-nin “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsi, həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ümummilli Lider tərəfindən təsdiq edilən 30 mart 1999-cu il tarixli tədbirlər planı müstəsna tarixi əhəmiyyət kəsb edən sənədlərdir. Məhz bu Fərmanın imzalanması ilə bu istiqamətdə aparılan tədqiqatlar yeni təkan aldı və bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görüldü, çoxlu əsərlər yazıldı və əcnəbi dillərə tərcümə olundu. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Hətta bu günün özündə də işğaldan azad edilmiş ərazilərimizdə erməni faşizmini ifşa edən dəlillərə kifayət qədər rast gəlinir. Bu ilin fevral ayında Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı aşkarlanmış daha bir kütləvi məzarlıq da bu sübutlardan biri oldu. Üzə çıxmış danılmaz faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların ötən əsrin sonlarında da davam etdirildiyini sübuta yetirir.

2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı ədalətli Vətən müharibəsinin gedişində Azərbaycanın şanlı Ordusu düşməndən bütün şəhidlərimizin qisasını döyüş meydanında aldı. Ötən ilin sentyabr ayında keçirilmiş 1 günlük antiterror əməliyyatı Qarabağda separatizmin məhv edilməsi ilə nəticələndi. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Ali Baş Komandan Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə müqəddəs bayrağımızı dalğalandırmaqla bütün xalqa növbəti dəfə qürur hissi yaşatdığı kimi, şəhidlərimizin və soyqırımı qurbanlarımızın da ruhlarını şad etdi. Lakin Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı erməni vəhşiliklərini heç zaman unutmamalıdır. 1918-ci ilin mart-aprel aylarında ermənilərin xalqımıza qarşı törətdikləri qətliamın bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır insanlıq əleyhinə cinayət əməllərindən biri olduğunu bütün dünya dövlətləri birmənalı olaraq qəbul etməlidirlər. Yalnız bu halda bəşəriyyət oxşar hadisələrlə gələcəkdə yenidən qarşılaşmamaq şansı əldə edə bilər.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024