Mobil versiya
Azərbaycan-Gürcüstan münasibətləri uğurla inkişaf edir - ŞƏRH
Tarix: 27-03-2024 | Saat: 16:20
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-Gürcüstan münasibətləri uğurla inkişaf edir -

Azərbaycan ilə Gürcüstan arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətləri bu gün bütün sahələrdə uğurla inkişaf edir. Cari ilin mart ayının 16-da cənab Prezident İlham Əliyevin dəvətilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə rəsmi səfəri də əlbəttə ki, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da şaxələnməsinə xidmət edəcək. Məlumdur ki, Gürcüstan Cənubi Qafqaz regionunda ənənəvi olaraq Azərbaycanın ən yaxın müttəfiqidir. Azərbaycan və gürcü xalqları əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşayıblar. Ölkə Prezidenti cənab İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, bu, həm ölkələrimiz üçün, eyni zamanda bütün Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir. Bu gün Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr ölkələrimizi bir-birinə strateji cəhətdən bağlayır. Buna paralel olaraq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Ölkələrimiz arasında siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda gedir və bu, münasibətlərə strateji xarakter verir.

Xüsusilə diqqətəlayiq, vacib məqamlardan biri də budur ki, bu gün Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinə böyük töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu önəmli məqam da cənab Prezidentin mətbuata bəyanatla etdiyi çıxışında da öz əksini bariz şəkildə tapmışdır. Dövlət başçımız qeyd etmişdir ki, hazırda Azərbaycan və Gürcüstan birgə səylərlə nəinki öz iqtisadi inkişaflarını təmin edir, eyni zamanda, region üçün və geniş mənada Avrasiya üçün də önəmli ölkələrə çevriliblər. Birgə həyata keçirilən infrastruktur layihələr, xüsusilə də nəqliyyat və enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir.

Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün ölkələrimizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsi də mövcuddur. Bu istiqamətdə də Azərbaycan və Gürcüstan Avropa ölkələri ilə sıx əməkdaşlıq edirlər və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Bundan sonra konkret işlərə start veriləcək. Bərpaolunan enerjini Avropaya çatdırmaq üçün Qara dənizin dibi ilə elektrik kabeli aparılacaq. Beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm Azərbaycanın, həm Gürcüstanın, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və bu potensial ölkələrimizin inkişafına böyük töhfələr verəcək.

Cənab Prezident məhz nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastrukturun bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacağını anonsladı. Qeyd olundu ki, Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması, xüsusən də bu dəmir yolunun ötürmə qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması bir çox ölkələr üçün yeni perspektivlər yaradacaq.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024