Mobil versiya
Müzəffər Ali Baş Komandan xalqa Novruz təbriklərini Xankəndi şəhərindən ünvanladı
Tarix: 20-03-2024 | Saat: 13:30
Bölmə:Siyasət | çapa göndər

Müzəffər Ali Baş Komandan xalqa Novruz təbriklərini Xankəndi şəhərindən ünvanladı

Ümummilli Lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirərək bildirmişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Ulu Öndər Heydər Əliyevin vəsiyyətini və bütün Azərbaycan xalqının arzularını reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 18 mart tarixində Xankəndi şəhərində Zəfər meydanında alovlandırdığı bayram tonqalı xalqımızın səbirsizliklə gözlədiyi gün idi. Dövlətimizin başçısının Novruz bayramı münasibətilə Xankəndidən xalqa ünvanlanan təbriki hər bir vətəndaş üçün böyük sevinc və xoşbəxtlik təntənəsinə çevrildi.

Dövlətimizin başçısı deyib: “Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir”.

Cənab Prezident Xankəndidə xalqı təbrik etməklə yanaşı, bir sıra məqamlara da toxunaraq deyib ki, 2020-ci ildə baş verənlərdən Ermənistan nəticə çıxarmadı. İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Biz hansı yolla olur olsun, torpaqlarımızı azad etməli idik. 2023-cü ildə Azərbaycan işğala son qoydu.

Prezident İlham Əliyev təbrikində bu ilin 26 fevral tarixində Xocalı şəhərində xocalılarla birlikdə Xocalı Memorial Kompleksinin təməlinin qoyulduğunu da diqqətə çatdırdı. Xankəndidəki qanunsuz inşa edilmiş şeytan yuvası - dırnaqarası parlament binası və onun yanındakı terror təşkilatının binası həmin tarixdə sökülməyə başladı və yerlə-yeksan edildi. Separatçıların izi-tozu da qalmadı.

Prezident nitqinin sonunda deyib: “Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.
Mən bir daha əziz xalqımı qarşıdan gələn bayram münasibətilə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır!”.

Aytən Rüstəmova
Abşeron Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024