Mobil versiya
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Tarix: 19-03-2024 | Saat: 13:18
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Gürcüstanın Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Azərbaycanın Gəncə şəhərində Gürcüstanın baş konsulluqları açılıb.

İkitərəfli münasibətlər Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik" və "Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq" haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Müqavilə iqtisadi, ekoloji, təhsil, rabitə və s. sahələr üzrə əməkdaşlığı əhatə edir.

Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələri daha da möhkəmləndirən səbəblərdən biri də həyata keçirilən rəsmi səfərlərdir. Martın 16-da İrakli Kobaxidzenin Baş nazir seçildikdən qısa müddət sonra Azərbaycana səfər etməsi dostluq münasibətlərinin nümunəsidir. Prezident cənab İlham Əliyev Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuat konfransında həm də regionda siyasi vəziyyəti hərbi vəziyyətə gətirən səbəblərdən, bu vəziyyəti aradan qaldıran qətiyyətdən də söz açıb: “Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək”.

Mətbuata bəyanatla çıxışı zamanı dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanla Gürcüstanın yaşıl enerji sahəsində yeni layihələr üzərində iş apardıqlarını qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuat konfransında dediyi kimi, “Bizim şəxsi tanışlığımız dostluğa çevriləcək, çünki xalqlarımız dost xalqlardır. İki qardaş ölkə bundan sonra da əl-ələ verərək, çiyin-çiyinə irəliyə gedəcək və qarşıda duran bütün vəzifələri birlikdə həll edəcəkdir”.

Ölkələrimizin iştirakı ilə strateji meqa layihələr - Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Bu qlobal layihələr bizim strateji tərəfdaşlığımızın əsasını təşkil edir. Bugünkü reallıqları nəzərə alsaq, bu layihələr daha da aktuallaşır. Prezident İlham Əliyev Baş nazir İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata açıqlamasında bu məqama xüsusilə toxunaraq bildirdi ki, bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq.

Şübhəsiz, iki ölkələr arasındakı münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində daha da inkişaf edəcək və müxtəlif sahələrdə yeniliklərə imza atılacaqdır.

Malik Məmmədov
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024