Mobil versiya
Hafiz Kərimov: “İşimizə verilən yüksək dəyər bizi daha böyük əzmkarlıqla çalışmağa ruhlandırır”
Tarix: 18-03-2024 | Saat: 13:00
Bölmə:Siyasət | çapa göndər

Hafiz Kərimov: “İşimizə verilən yüksək dəyər bizi daha böyük əzmkarlıqla çalışmağa ruhlandırır”

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə dövlət qulluğu və müxtəlif ictimai vəzifələrdə çalışan bir qrup şəxs “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuşdur. Bu yüksək mükafata layiq olanların sırasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov da yer almışdır.

Bu münasibətlə saytımıza müsahibə verən komitə sədri bildirmişdir ki, Prezident İlham Əliyevin ölkəmizin və xalqımızın rifahı naminə göstərdiyi misilsiz fəaliyyət tutduğu vəzifəsindən, çalışdığı sahədən asılı olmayaraq hər bir azərbaycanlı üçün əsl vətənpərvərlik və fədakarlıq örnəyidir: “Ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı Azərbaycan xalqının qalib ruhunun güzgüsüdür. Artıq 21 ildir ki, möhtərəm dövlət başçımız öz xalqına arxalanaraq Azərbaycanı inamla inkişafa doğru aparır. Birmənalı olaraq demək lazımdır ki, ölkəmizdə 2003-cü ildən etibarən planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycanı bugünkü qələbələrə gətirdi. 2020-ci ilə qədər davam edən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb və bu tendensiya indi də davam etdirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bütün bu əhatəli və böyük zəhmət tələb edən işlər 2020-ci ildə öz möhtəşəm nəticəsini verdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Bu parlaq Zəfərin davamı olaraq keçən ilin sentyabr ayında uğurla həyata keçirdiyi anti-terror əməliyyatı nəticəsində Azərbaycan Qarabağda illər öncə yaradılmış qondarma separatçı rejimin ləğvinə və bütün ərazisində suverenliyinin tam bərpasına nail oldu. Oktyabr ayında qədim şəhərimiz olan Xankəndinin mərkəzində Azərbaycanın Dövlət Bayrağını ucaldan Ali Baş Komandan demişdir: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.” Cənab Prezident İlham Əliyev xalqa verdiyi bütün vədlərinə əməl etdi.”



Daha sonra Hafiz Kərimov azad edilmiş torpaqlara Böyük Qayıdış dövlət proqramının uğurlu icrasından bəhs edərək bunları deyib: “Bu gün tarixi Qələbəmizin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyindən və perspektivliyindən xəbər verir. Əlbəttə ki, dövlət başçımızın bu misilsiz və möhtəşəm fəaliyyəti, hər birimizi yeni-yeni nailiyyətlərə ruhlandırır. Bizim gördüyümüz kiçik işlərə cənab Prezident İlham Əliyev tərəfindən bu qədər yüksək qiymət verilməsi isə, ən güclü stimul rolunu oynayır. Mən də Ulu Öndərimizin adı ilə bağlı olan bu mükafata layiq görüldüyümə görə möhtərəm dövlət başçımıza sonsuz minnətdarlığımı bildirirəm” – deyə, Hafiz Kərimov müsahibəsini sona çatdırıb.

Öz növbəmizdə, aia.az saytının redaksiya heyəti olaraq, biz də ATİAHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimovu bu ali mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edirik, hörmətli Hafiz müəllimə bundan sonrakı fəaliyyətində də yeni-yeni uğurlar diləyirik!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024