Mobil versiya
Möhtəşəm abidə
Tarix: 29-02-2024 | Saat: 13:20
Bölmə:Siyasət | çapa göndər

Möhtəşəm abidə

Tariximizin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımından 32 il ötür. Amansız qətliamın ildönümü ilə bağlı Bakının Xətai rayonundakı Xocalı soyqırımı abidəsi önündə izdiham yaşanır. Səhər saatlarından başlayaraq minlərlə insan abidənin önünə gül-çiçək düzərək faciə qurbanlarının xatirəsini anır. Budəfəki anım mərasimində kədərlə yanaşı, qürur hissləri də yaşandı. Rəşadətli Ordumuz Qarabağı düşməndən azad edib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub, şəhidlərimizin, eləcə də Xocalı qətliamı qurbanlarının qanı yerdə qalmayıb.
2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri də separatçılardan, terrorçulardan təmizləndi. Prezident, Müzəffər Ali Baş Komandan ötən il oktyabrın 15-də Xankəndində, Xocalıda və digər ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq Zəfər salnaməsinə yeni parlaq səhifələr yazdı. Xocalı bizim sağalmayan yaramızdır. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 197-nin taleyi indiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bir neçə gün əvvəl Xocalıda aşkarlanmış kütləvi məzarlıq, üzərində işgəncə əlamətləri olan insan qalıqları erməni vəhşiliyinin daha bir sübutudur.
Bu ilki anım günündə - Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə çıxış edən ölkə başçısı deyib: “Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur. Yəni, biz bu həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Çünki Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Halbuki Ermənistan dövləti, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əlindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın.”
Hazırda tək Xovcalıda deyil, Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən cənab Prezident bildirib ki, “Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb.”
Zaman ötüb keçəcək, yaralar qaysaq bağlayacaq. Lakin Xocalı yarası elə bir yaradır ki o, heç vaxt qaysaq bağlamayacaq. Bu faciə daim qanı axan bir yaradır. Bu faciə insanlığa qarşı ən böyük cinayətdir. Ölkəmizin başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də bunu çıxışında təkrar edərək 30 il yox, 300 il keçsə belə Xocalı faciəsinin undulmayacağını bildirmişdir. Xocalıda ucaldılan memorial kompleks isə bu faciənin simvolu olaraq əsrlərcə bu hadisəyə şahidlik edəcəkdir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024