Mobil versiya
Kamaləddin Qafarov: “ Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”
Tarix: 25-02-2024 | Saat: 10:02
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

Kamaləddin Qafarov: “ Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

Bu sözləri Xocalı Soyqırımı Günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, öz amansızlığına, vəhşiliyinə görə Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada durur. “Xüsusilə son otuz ildə Ermənistan Azərbaycanın tarixi ərazisi olan Qarabağı özünə birləşdirmək məqsədilə xalqımıza qarşı olmazın vəhşiliklərə əl atmışdır. Bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı da aqressiv və cinayətkar erməni siyasətinin təzahürlərindən biri kimi baş vermişdir. Lakin ermənilərin vəhşilikləri xalqımızın iradəsini qıra bilmədi. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə sayəsində torpaqlarımızın 30 illik işğalına birdəfəlik son qoydu. Bu parlaq Zəfərdən cəmi üç il sonra- 2023-cü il sentyabrın 19-da keçirilmiş lokal xarakterli antiterror tədbiri nəticəsində isə, Xocalı, Xankəndi, Ağdərə, Xocavənd şəhərləri və digər qalan ərazilərimiz separatçılardan birdəfəlik təmizləndi. Həmin ərazilərdə şanlı Azərbaycan bayrağını şəxsən qaldıran Ölkə Prezidenti cənab İlham Əliyev Xocalı qətliamı qurbanlarının və bütün şəhidlərimizin ruhunu şad etdi.”

K.Qafarov qəti şəkildə əmin olduğunu bildirib ki, keçən il qolları qandallanaraq Bakıya gətirilən və hazırda öz əməllərinə görə Azərbaycan qanunları qarşısında cavab verən digər separatçılar kimi, əlləri Xocalı qurbanlarının qanına bulaşmış bütün cinayətkarlar da bir gün öz cəzalarını alacaqlar: “Erməni separatistlərinin bütün dünyada olan havadarları tərəfindən yaradılmış və uzun illər boyunca saxlanan cəzasızlıq mühiti bu qəsbkarları yeni təxribatlara sövq edirdi. Otuz ilə yaxın müddət ərzində bir çox beynəlxalq təsisatlar Qarabağ münaqişəsini guya ki, sülh yolu ilə həll etməyə çalışsalar da, əslində onların məqsədi bu münaqişəni dondurmaq, Azərbaycana hərbi yolla öz ərazilərini geri almağa imkan verməmək və illər sonra xalqımızı işğal faktı ilə həmişəlik barışdırmaq idi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz siyasi iradəsi və qətiyyəti bu planları alt-üst etdi. Son üç il ərzində Azərbaycan əvvəlcə 44 günlük Vətən müharibəsi nəticəsində işğala son qoydu və daha sonra, keçən il cəmi 1 günə həyata keçirdiyi antiterror əməliyyatı ilə bütün Qarabağda separatizmin və terrorçuluğun kökünü kəsdi, özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi. Bu ardıcıl qələbələrlə şanlı ordumuz həm də Xocalı qətliamının günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Bu gün artıq Xocalı soyqırımını törədən qatillərin bir qismi, xalqımıza qarşı kütləvi qətliamlar, soyqırımlar törədən cinayətkar erməni separatçıları indi bir-bir Azərbaycan qanunları qarşısında cavab verirlər. Əlbəttə, bu gün onlardan hələ də azadlıqda gəzənlər, öz himayədarlarının kölgəsində saxlananlar da var. Lakin onlar da bilməlidirlər ki, bu cəzasızlıq mühiti daimi olmayacaq. Gec-tez onlar da öz qanlı əməllərinə görə ədalət məhkəməsi qarşısında mütləq cavab verməli olacaqlar”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024