Mobil versiya
Xocalı – tarixin qanlı səhifəsi
Tarix: 23-02-2024 | Saat: 16:24
Bölmə:Siyasət | çapa göndər

Xocalı – tarixin qanlı səhifəsi

Erməni ideoloqlarının xəstə təxəyyülünün məhsulu olan xəyali “böyük Ermənistan” dövlətini Qara dənizdən Xəzərin sahillərinə qədər uzanan böyük bir ərazidə qurmaq üçün bu etnosun mənsubları iki əsr ərzində bütün qeyri-insani vasitələrə əl atıblar. Terror, kütləvi qırğınlar, yerli əhalinin zorla deportasiya olunması erməni faşizminin ən çox istifadə etdiyi üsullardan olub. Zaman-zaman bu vəhşiliklərdən regionda yaşayan bütün xalqların nümayəndələri əziyyət çəksələr də, bütün dövrlərdə ermənilərin ən çox hücumlara məruz qoyduqları məhz Azərbaycan xalqı olub. Hələ 1988-ci ildə erməni millətçiləri keçmiş Ermənistan SSR-nin ərazisində öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlını bu yerlərdən qovmaqla Ermənistanı Cənubi Qafqazda yeganə, dünyada isə nadir hallarda rast gəlinə biləcək monoetnik dövlətə çevirdilər. Bundan sonra sovet dönəmində heç bir əsas və zərurət olmadan, süni şəkildə yaradılmış qondarma “Dağlıq Qarabağ” ətrafında başlanan hadisələr “dənizdən dənizə Ermənistan” adlı mifik bir ideyanın reallaşdırılmasına yönəldildi.

Həmin hadisələrdən başlayan və 30 ilə yaxın müddət davam edən mürtəce proseslərin faciəvi nəticəsi olaraq Azərbaycanın kənd və şəhərləri dağıdılıb, on minlərə günahsız insanımız ölüb, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşüb. Ermənistan tarixi Azərbaycan ərazilərini özünə birləşdirmək naminə hər cür qanlı cinayətə və istənilən vəhşiliyə hazır olduğunu heç zaman gizlətməyib. XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımı da bu vəhşiliyin bir təcəssümü olaraq baş verib. Hər kəs bilməlidir ki, Xocalı qətliamı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Erməni işğalından sonra Xocalıda bütün maddi mədəniyyət abidələrinin məhv ediliməsi, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, həm də dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Xocalı qətliamının bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır insanlıq əleyhinə cinayət əməli olduğunu artıq bütün dünya dövlətləri birmənalı olaraq qəbul etməlidirlər. Yalnız bu halda bəşəriyyət oxşar hadisələrin gələcəkdə yenidən baş verməsi ehtimalını minimuma endirə bilər. Erməni faşistləri isə Xocalı faciəsinə görə mütləq Beynəlxalq hərbi tribunal qarşısında cavab verməlidirlər. Bu qətliam haqqında həqiqətləri olduğu kimi bütün dünya ictimaiyyətinə çatdırmaq hər birimizin müqəddəs borcudurdır və bu istiqamətdə bütün ictimai-siyasi birliklər, ictimai təşkilatlar, diaspor təşkilatları, elm adamları, siyasi xadimlər – bir sözlə hər kəs öz fəaliyyətini yorulmadan davam etdirməlidir.

Məlum olduğu kimi, Xocalı faciəsinə ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyev siyasi qiymət verib. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi Qərara əsasən 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Bu gün isə bu faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə məqsədyönlü addımlar atılır. Məhz bu səylərin nəticəsidir ki, artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. 2020-ci ildə Azərbaycanın şanlı Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmaqla bütün şəhidlərimizin, o cümlədən Xocalıda qətlə yetirilmiş günahsız insanların qanını düşməndən döyüş meydanında aldı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədaləti bərpa etmək üçün əslində heç bir xarici qüvvənin köməyinə ehtiyacı olmadığını bütün dünyaya nümayiş etdirdi. Eynilə 2023-cü ildə ölkəmiz özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdikdən sonra qolları qandallı Bakıya gətirdiyi erməni cinayətkarlarının timsalında, Azərbaycan dövləti bütün dünyada olan anti-Azərbaycan qüvvələrə ən vacib mesajını göndərdi – ölkəmizə, xalqımıza qarşı törədilən heç bir cinayət cəzasız qalmayacaq! Ölkə Prezidenti cənab İlham Əliyev keçən ilin oktyabr ayında Xankəndidə, Ağdərədə, Xocavənddə və əlbəttə ki, Xocalıda Azərbaycan Bayrağını şəxsən ucaldaraq bütün şəhidlərimizin ruhunu şad etdi.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024