Mobil versiya
Brüsseldə Avropa Azərbaycan Cəmiyyətinin Benilüks ofisinin açılışı olub
Tarix: 06-10-2016 | Saat: 12:20
Bölmə:Siyasət | çapa göndər

Brüsseldə Avropa Azərbaycan Cəmiyyətinin Benilüks ofisinin açılışı olub


Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Avropa İttifaqının (Aİ) mərkəzi olan Brüsselin diplomatik məhəlləsində yeni ofisinin açılış mərasimi olub. Cəmiyyətin Brüssel ofisinin adı dəyişdirilərək TEAS Benilüks ofisinə çevrilib.Açılış mərasiminə Brüsseldəki diplomatik korpusun nümayəndələri, Belçikanın ictimai-siyasi xadimləri, Azərbaycan diasporunun fəalları və Azərbaycanın dostları qatılıblar. Tədbirdə Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim, Belçikanın Xarici İşlər üzrə Dövlət Federal Xidmətinin prezidenti Dirk Aşten, Xarici Ticarət və İnkişafa dair Əməkdaşlıq üzrə Dövlət Federal Xidmətinin Şərqi və Cənubi-Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin direktoru Co İndekeu və Belçika Baş nazirinin müavini, Xarici və Avropa İşləri Nazirinin Ofisinin direktor müavini Mark Mullie iştirak ediblər.
Belçika Baş nazirinin müavini və xarici işlər naziri Didye Reynders bildirib ki, Azərbaycan və Belçika arasında çox gözəl dostluq və əməkdaşlıq münasibətləri var və bu münasibətlər Avropa Azərbaycan Cəmiyyətinin fəallığı sayəsində daha da irəliləyib. D.Reyndersin sözlərinə görə, TEAS Brüsseldə Avropa İttifaqının müxtəlif qurumlarında tədbirlər təşkil etməkdə davam edir. “Mən azərbaycanlı həmkarım Elmar Məmmədyarovun təyyarə ilə Brüsselə enməsindən cəmi iki saat sonra bu tədbirə qatılmışam. Azərbaycanın Belçikaya və bütün Avropaya daha da yaxınlaşmasında TEAS-ın rolu yüksək qiymətləndirilməlidir. Belçika-Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir”, - deyə nazir vurğulayıb.
Natiq daha sonra deyib ki, qarşılıqlı ticarət missiyalarının və ötən il onun Bakıya səfəri zamanı xarici sərmayə yatırımlarının həcminin artırılmasına dair razılıq əldə olunub. Belçika şirkətlərinin Bakıda fəal olmasını görmək çox xoşdur. Eyni zamanda, ikitərəfli investisiyaların səviyyəsinin artırılması üçün də bir çox imkanlar var. Belçika dizaynerləri və şirkətləri Bakının möhtəşəm inkişafına öz töhfələrini veriblər. Xüsusilə, “Fluxys” şirkəti Trans-Adriatik boru kəmərinin (TAP), Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından qazı İtaliyada yerləşən birləşdiriciyə çatdıracaq “Cənub” qaz dəhlizinin tikintisində əsas rol oynayır.
“TEAS Brüsseldə yerləşməklə Azərbaycanın haqq səsini Avropa dairələrinə çatdırır və bu missiyanı uğurla həyata keçirir. Aİ–Azərbaycan münasibətləri çox inkişaf edib və bunun nəticəsində birlik və əməkdaşlıq sazişləri imzalanıb. Yeni Çərçivə Sazişi ratifikasiya edilib və bu sənəd bir sıra məsələləri əhatə edir. Mən Azərbaycan Prezidenti İlham Əliyev, həmkarım Elmar Məmmədyarov, həmçinin məcburi köçkünlər ilə görüşmüşəm. Azərbaycan rəsmiləri ilə görüşlərdən məmnun qaldım. Azərbaycanlı məcburi köçkünlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanlarıdırlar. Mən onların dərdinə şərik çıxıram. Tezliklə onların doğma yurdlarına qayıtmasını arzulayıram”.
Belçikanın sabiq iqtisadiyyat naziri və Avropa Azərbaycan Cəmiyyətinin Benilüks ofisinin direktoru Mark Vervilghen deyib: “Nəyə görə Brüssel və Benilüks ölkələri TEAS üçün bu qədər önəmlidir? Bunun bir çox səbəbləri var: Brüssel Avropanın və Avropa İttifaqı institutlarının paytaxtıdır. Brüssel NATO-nun baş qərargahıdır, Brüsseldə ərazinin bir kvadratmetrinə düşən səfirlərin sayı dünyanın hər hansı yerində olduğundan daha çoxdur. Benilüks Aİ-nin müjdəçisi olub və Benilüks Belçika, Niderland və Lüksemburqu təmsil edir. Bunlar güclü iqtisadiyyatı olan üç ölkələrdir. Benilüks Aİ-nin bir növ sınaq laboratoriyasıdır.
Azərbaycan Avropa və Asiya, Rusiya və Orta Şərq arasında bir çox yolların kəsişməsində və mühüm coğrafi məkanda yerləşdiyi üçün geosiyasi cəhətdən vacib ölkədir. Azərbaycan Rusiya, Türkiyə və İran arasında mühüm yer tutur. Bu üç ölkə beynəlxalq siyasət və iqtisadiyyatın gələcək trayektoriyasının müəyyən edilməsində böyük rol oynayır və oynayacaq. Bundan əlavə, Azərbaycan Avropanı Orta Asiya ilə birləşdirən 7200 kilometrlik Şimal-Qərb nəqliyyat dəhlizinin və hazırda inşası gedən 45 milyard dollarlıq “Cənub” qaz dəhlizinin mərkəzi nöqtəsidir. Bu dəhliz Azərbaycan qazını Avropaya gətirəcək və 2020-ci ildən etibarən enerji təchizatında müxtəlifliyi təmin edəcək.
Azərbaycan dünyəvi, tolerant, multikultural və çoxkonfessiyalı ölkədir. Dünya Yəhudiləri Konqresinin nümayəndələri təzəlikcə ölkəyə səfər ediblər ki, onlardan sonra Papa Fransiskin səfəri baş tutdu. Papa Azərbaycanın tolerant olduğunu qəbul etdi. Bu ölkə öz regionunda bir model, ekstremizmə qarşı dayaq və bütün dünya üçün nümunədir”.
Səfir Fuad İsgəndərov qeyd edib ki, Benilüks ölkələri Avropa İttifaqının məhək daşıdır və buna görə də TEAS-ın Benilüks ofisinin olması çox vacibdir. Yüz illər boyu davam edən müharibələrdən sonra Benilüks tamamilə sülhsevər bir məkana çevrilib. Cənubi Qafqazın da bu cür sülhə ehtiyacı var. Avropada ölkəmiz haqqında obyektiv məlumatların çatdırılmasında TEAS çox böyük fəallıq nümayiş etdirir. Azərbaycan beynəlxalq terrorizmə, ekstremizmə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə bütün ölkələrlə, həmçinin Avropa İttifaqı ölkələri ilə sıx əməkdaşlıq edir. Hamımız birlikdə olanda biz daha güclüyük.
Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov bildirib ki, TEAS uzun bir yol keçib. Bizim məqsədimiz mədəniyyətimizi və tariximizi təbliğ etmək və Avropa İttifaqı-Azərbaycan münasibətlərinin genişləndirilməsinə öz töhfəmizi verməkdir. Azərbaycan Aİ ilə eyni dəyər və baxışları bölüşür və bu gün üzləşdiyimiz çətinliklərin öhdəsindən birgə əməkdaşlıq şəraitində gələ bilirik.
Nyu-York şəhərində yerləşən Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu, Avropa Azərbaycan Cəmiyyətinin incəsənət və mədəniyyət üzrə müşaviri, skripkaçı Səbinə Rakçeyeva Azərbaycan folklor melodiyalarını, İ.S.Baxın “D Minorda Tokkata” və “Fuqa” əsərlərini ifa edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024