Mobil versiya
Türk dünyasının birliyi əsas çağırışlardandır
Tarix: 22-02-2024 | Saat: 09:27
Bölmə:Siyasət | çapa göndər

Türk dünyasının birliyi əsas çağırışlardandır

“Bu reallıq beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın iki ölkə yoxdur. Azərbaycan-Türkiyə birliyi regionda sülhün, sabitliyin qarantı kimi qeyd edilir. Hər iki ölkə ədalətin, beynəlxalq hüququn yanındadır və bütün məsələlərin məhz bu prinsiplər əsasında həll olunmasına səy göstərirlər. Azərbaycan və Türkiyə Prezidentlərinin qarşılıqlı səfərləri əsasında bu əlaqələr daha da möhkəmlənir, münasibətlərin gələcək inkişafına xidmət edən addımların atılması ilə yadda qalır. Fevralın 19-da növbəti dəfə dünyanın diqqəti bu birliyə, həmrəyliyə yönəldi. Belə ki, cənab İlham Əliyev ənənəyə uyğun olaraq prezident seçkilərindən sonra ilk rəsmi səfərini məhz qardaş Türkiyəyə etdi. Bu addım yalnız ölkələrimiz deyil, Prezidentlər arasında şəxsi dostluq və qardaşlıq münasibətlərinin təqdimatı oldu. Cənab İlham Əliyevin fevralın 7-də keçirilən seçkilərdə tarixi zəfərə imza atdıqdan sonra ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsindən böyük məmnunluq hissi keçirdiyini bildirən Prezident Rəcəb Tayyib Ərdoğan bu yeni dövrdə mükəmməl səviyyədə davam edən əməkdaşlığımızı həmişəkindən daha yüksək səviyyəyə çatdıracağımıza ürəkdən inandığını diqqətə çatdırdı. “

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikasına diqqət yetirmək kifayətdir: “Dövlət başçısı İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra Azərbaycana göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. 2021-ci ildə Şuşada Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsi, Şuşa Bəyannaməsinin imzalanması bütün məsələlərdə bir yerdə olmağımızı, bir nöqtəyə vurmağımızı şərtləndirdi. Şuşa Bəyannaməsinin müddəalarında da bu məqam öz əksini tapır ki, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü dövlət tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Dövlət başçısı İlham Əliyev Müttəfiqlik Bəyannaməsini belə dəyərləndirir ki, aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bunun özü hər şeyi deyir.”

Əliabbas Salahzadə məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji və nəqliyyat layihələrindən bəhs edərək bu mühüm məqamı xüsusi vurğulayıb ki, həmin layihələr sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır: “Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan məsələlərdir. İki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artaraq 7,5 milyard dollara çatması münasibətlərimizin hazırkı səviyyəsinin aydın mənzərəsini yaradır. Hədəf bu rəqəmi 15 milyard dollara çatdırmaqdır. Atılan addımlar və onların uğurlu nəticələri cənab İlham Əliyevin “Vaxtilə biz qarşıya müştərək hədəflər qoyduq və indi bu hədəflərə doğru gedirik” fikirlərinin təsdiqi və təqdimatıdır. Ötən il Azərbaycandan qardaş Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilib. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur. Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Eyni fikirləri nəqliyyat ilə bağlı da qeyd etmək olar. Əhəmiyyətinə görə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən geri qalmayan, iki qardaş ölkənin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən Bakı-Tbilisi-Qars dəmir yolunun yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırması üçün bu ilin ortalarında tam istismara veriləcəyi bildirildi. Atılan addımlar ölkələrimiz arasında münasibətlərin inkişafı ilə yanaşı, bu layihələrin iştirakçısı olan dövlətlərin uzunmüddətli iqtisadi tərəqqisinə də xidmət edir.”

Millət vəkili onu da qeyd edib ki, qardaş Türkiyə ilə bütün sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir: “Tarixi Zəfərimizdən sonra media sahəsində əməkdaşlığın qurulması bir çağırışa çevrildi. Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın tarixi Zəfərinin dünyaya təqdimatı olan 10 dekabr 2020-ci il tarixində keçirilən Zəfər paradında iştirak etmək üçün ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu xüsusi diqqət çəkdi. Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaların geniş vüsət aldığı hazırkı zamanda Ortaq Media Platformasının yaradılması vacib və əhəmiyyətli addım oldu. Hər bir ölkənin inkişafında gənclərin rolunu nəzərə alsaq onların təhsili xüsusilə diqqətdə olmalıdır. Azərbaycan-Türkiyə əlaqələrində təhsil sahəsi də diqqətdən kənarda qalmır. Cənab İlham Əliyevin budəfəki səfəri çərçivəsində imzalanan üç sənəddən biri təhsillə bağlı oldu. Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. Cənab İlham Əliyevin vurğuladığı kimi, Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, birliyimizin növbəti rəmzidir. Yaxın gələcəkdə universitetin nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəyinə əminik.”

“Azərbaycan-Türkiyə əlaqələrinin ayrı-ayrı sahələr üzrə inkişafı, atılan addımların davamlılığı münasibətlərin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu birlik, qardaşlıq xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafı öz növbəsində böyük ailə olan türk dünyasının birliyinə öz müsbət təsirini göstərir. Səfər çərçivəsində Prezidentlərin keçirdikləri görüşlərdə, mətbuata birgə bəyanatlarında bu məsələyə də xüsusi diqqət yönəldildi. Bir daha vurğulandı ki, böyük coğrafiyaya, təbii qaynaqlara, insani resurslara, geniş potensiala malik olan Türk Dövlətləri Təşkilatının birgə səylərlə daha da inkişaf etdirilməsi vacibdir”,- deyə Əliabbas Salahzadə vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024