Mobil versiya
Eldar Quliyev: “Fevralın 7-də seçki məntəqəsinə gedərək öz Prezidentinə səs verən hər bir vətəndaş öz imzasını Azərbaycan tarixinin ən şərəfli səhifəsinə atmış oldu”
Tarix: 09-02-2024 | Saat: 11:14
Bölmə:Manşet / Siyasət / Seçilənlər-4 / Özəl | çapa göndər

Eldar Quliyev: “Fevralın 7-də seçki məntəqəsinə gedərək öz Prezidentinə səs verən hər bir vətəndaş öz imzasını Azərbaycan tarixinin ən şərəfli səhifəsinə atmış oldu”

Azərbaycan 2024-cü ildə möhtəşəm qələbələr yolunu inamla və uğurla davam etdirir. Əlbəttə ki, bu ilin ən möhətəşəm hadisələrindən biri, bəlkə də birincisi və ən vacibi kimi fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri Azərbaycan dövlətçiliyi tarixinə ən parlaq səhifələrdən biri olaraq yazılacaq. İlk dəfə olaraq müstəqil Azərbaycan dövlətinin istisnasız bütün ərazilərində keçirilməklə, bu seçkilər 2023-cü ildə bərpa edilmiş suverenliyimizin təsbiti oldu. Ötən ilin 19 sentyabr tarixində keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanın silahlı qüvvələrinin Qarabağ bölgəsində qalan birləşmələrinin tərk-silah olunaraq ölkə ərazisindən çıxarılmasına, eləcə də Xankəndidə yaradılmış qondarma separatçı rejimin ləğvinə nail oldu. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan Bayrağını məhz Heydər Əliyev ilində Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə qaldırmaqla ölkəmizin öz suverenliyini tam bərpa etdiyi barədə dünyaya ən önəmli mesajını göndərdi.

Əlbəttə ki, Azərbaycanın gündən-günə artan nüfuzu, möhkəmlənən beynəlxalq mövqeləri fonunda sayı getdikcə artan dost ölkələrin bütün bu hadisələrə adekvat reaksiya vermələri, ölkəmizin və dövlət başçımızın ünvanına bu gün də daxil olan təbrik mesajları ölkəmizin haqlı mövqelərinin dünyada dəstəkləndiyini bir daha təsdiq edir. Bununla belə, bəzi Qərb dövlətlərinin ölkəmizə qarşı davamlı olaraq nümayiş etdirdikləri qərəzli münasibət bu qüvvələrin nə Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi Qələbəni, nə də 2023-cü ildə özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməsi faktını hələ də həzm edə bilmədiklərini göstərir.

Bugünkü buraxılışımızda fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərinin mahiyyəti, bu seçkilərin ölkəmizin suverenliyinin təsbit olunması baxımından önəmi, bu il dövlətimizin qarşısında duran vacib vəzifələr, eləcə də Azərbaycan ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə AİA.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.



- Xoş gördük Sizi, Eldar müəllim. 2024-cü ildə ilk dəfə Sizinlə görüşmək bizə çox xoşdur və bu müsahibəyə razılıq verdiyinizə görə Sizə bütün redaksiyamız adından dərin təşəkkürümüzü bildiririk. Yəqin ki, bugünkü söhbətimizin əsas mövzusunun fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri barədə olacağını bilirsiniz...

- Mən də sizi ürəkdən salamlayıram və fürsətdən istifadə edib, möhtərəm dövlət başçımız cənab İlham Əliyevi yenidən Ölkə Prezidenti seçilməsi münasibətilə, eləcə də bütün xalqımızı növbəti dəfə etdiyi ən doğru tarixi seçimi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu seçkilərin xalqımız və dövlətimiz üçün əhəmiyyəti həqiqətən də ölçüyəgəlməz qədər böyükdür və mən də bu barədə bəzi fikirlərimi paylaşmaq üçün məmnuniyyətlə suallarınızı gözləyirəm.

- Elə isə, Eldar müəllim, dərhal mövzuya keçid edək. İlk növbədə əlbəttə ki, 7 fevral Prezident seçkilərinin nəticələri ilə bağlı fikirlərinizi almaq istərdim. Prezident İlham Əliyevin bu seçkilərdə bəlkə də indiyədək müşahidə olunmamış böyük üstünlüklə qalib gəlməsini necə şərh edə bilərsiniz?

- İlk növbədə mən birmənalı olaraq deyə bilərəm ki, möhtərəm dövlət başçımızın bu seçkilərdə məhz belə bir üstünlüklə qalib gələcəyi gözlənilən idi. Bunu izah etmək üçün istərdim ki, biz bu baş vermiş tarixi hadisənin mahiyyətinə bir nəzər salaq. 2024-cü il fevral ayının 7-də ilk dəfə olaraq, bu məqama xüsusi diqqət edin, məhz ilk dəfə olaraq müstəqil Azərbaycanın istisnasız bütün ərazilərində Prezident seçkiləri keçirildi. Bu seçkilərdə iştirak edən milyonlarla vətəndaşlarımız arasında on minlərlə gənclər olublar ki, onlar bu hüququ ilk dəfə əldə ediblər. Təbii ki, yaşları ilə bağlı. Bu nəsil işğal altında olan ərazilərdən düşmən tərəfindən qovulmuş insanların məcburi köçkün olaraq ölkənin başqa bölgələrində səs vermələrinin necə sıxıcı, rüsvayçı bir hiss yaratdığını heç zaman bilməyəcəklər. Lakin Azərbaycan xalqının böyük bir hissəsi bunu bilir və heç zaman da unutmayacaq. Necə ki, biz bütün bu sıxıntılara, rüsvayçılığa da məhz Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin son qoyduğunu heç zaman unuda bilmərik. Əlbəttə, düşmən üzərində qələbə qazanmaq üçün bir çox amillərin olması vacibdir. O cümlədən güclü iqtisadiyyat, güclü ordu, hərbi əməliyyatların gedişinə üçüncü tərəflərin müdaxiləsinin qarşısını alacaq beynəlxalq şərait, xalq-ordu-iqtidar birliyi – bütün bunlar və hələ bizim nəzərimizdən qaçan bir çox digər iqtisadi, siyasi, diplomatik amillər olmadan müharibədə qalib gəlmək mümkün deyil. Lakin bütün bu amillərin mövcudluğu da hələ tam qələbəyə zəmanət verə bilməz. Əgər ordunun başında, dövlətin başında bütün bu amilləri formalaşdıran və onları qələbənin əldə edilməsinə yönəldə bilən, xalqın və ordunun inandığı, güvəndiyi Lider durmazsa bütün cəhdlər və səylər tam gözlənilməyən nəticələrə gətirib çıxara bilər. Azərbaycanın ən böyük üstünlüyü də məhz cənab İlham Əliyevin timsalında belə bir ümumxalq Liderinin olmasındadır. Bu baxımdan Qalib Azərbaycan xalqının bundan sonra da öz gələcəyini məhz öz Qalib Liderinin rəhbərliyi ilə qurmaq arzusu təbiidir, qanunauyğundur. Fevralın 7-də keçirilmiş Prezident seçkilərində də məhz bu qanunauyğunluq xalqın iradəsinin ifadəsində öz əksini tapmış oldu.

- Eldar müəllim, Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi rəsmi məlumatlarda da bu fakt öz əksini tapdı ki, bu seçkilərdə seçici fəallığı da indiyədək müşahidə olunan ən yüksək, rekord səviyyədə idi. Bu barədə nə deyə bilərsiniz?

- Mən deyərdim ki, seçicilərin bu fəallığını hətta MSK-nın açıqlamalarını almadan da görmək olurdu və bu da gözlənilən idi. Hələ ötən ilin sonlarında, dövlət başçımız növbədənkənar Prezident seçkilərinin təyin olunması barədə məlum Sərəncamını imzaladıqdan dərhal sonra cəmiyyətdə başlanan müzakirələr bunu deməyə əsas verirdi ki, 7 fevral seçkilərində səsvermə hüququna malik olan əhalinin mütləq əksəriyyəti iştirak edəcək. İnsanlar bunu istəyirdilər, arzulayırdılar. Yenə də, bunu şərtləndirən əsas amil bu seçkilərin müstəqil Azərbaycanın 2020-ci ildən sonra daxil olduğu yeni, epoxal dövrdə keçirilən ilk seçki olmasındadır. Yəqin mənimlə razılaşarsınız ki, öz xalqının yazılan tarixinin bir parçası, fəal iştirakçısı olmaq normalda hər bir insanın istəyidir. Prezident seçkiləri də vətəndaşa məhz belə bir şans verən ən böyük, ən önəmli siyasi hadisədir. Bu seçkilər bir ilk idi. Həm də möhtəşəm bir ilk idi. Əlbəttə ki, gələcəkdə Azərbaycanda seçkilər çox olacaq. Amma məhz bu il, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri ölkənin bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçirildi. Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətdir. Bütün bu ərazilərdə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bir müddət əvvəl müqəddəs bayrağımızı ucaltmaqla öz xalqına sonsuz qürur hissi yaşatmışdır. Növbədənkənar Prezident seçkiləri də mahiyyət etibarı ilə ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti oldu. Fevralın 7-də seçki məntəqəsinə gedərək öz Prezidentinə səs verən hər bir vətəndaş da bu əlamətdar tarixi hadisənin artıq sadəcə müşahidəçisi deyil, fəal iştirakçısına çevrildi və öz imzasını Azərbaycan tarixinin bu şərəfli səhifəsinə atmış oldu. Belə bir tarixi şansı kimsə qaçırmaq istəməz. Seçici fəallığını stimullaşdıran ən böyük amil də məhz bu idi.

- Seçki günü yayımlanan televiziya reportajlarında bir-iki təxribat cəhdlərinin də yer alması barədə məlumatlar təqdim olunmuşdu. Bu epizodları necə şərh edə bilərsiniz?

- Məncə bu o qədər önəmsiz, əhəmiyyətsiz bir məqamdır ki, bu barədə uzun-uzadı danışmağına belə dəyməz. Sadəcə bir məsələni qeyd etmək olar ki, bu hərəkətləri ilə Qərbdəki müəyyən anti-Azərbaycan qüvvələrin sərəncamında olan bəzi insanlar aldıqları avansların əvəzini ödəməyə çalışdılar. Bəli, istənilən bir ölkədə keçirilən seçkilər, xüsusən də Prezident seçkiləri kənar qüvvələrin müdaxiləsi, siyasi təxribatlar üçün ən əlverişli zaman sayılır. O cümlədən, Azərbaycanın da qələbələri, uğur və nailiyyətləri ilə barımaq istəməyən məlum Qərb ölkələri bu seçkilərin legitimliyinə kölgə salmaq üçün hər əmələ əl atmağa hazır idilər. Lakin onlar da başa düşürdülər ki, bu dəfə vəziyyət tam fərqlidir. Möhtərəm dövlət başçımızın 2003-cü ildən bəri uğurla həyata keçirdiyi möhtəşəm daxili və xarici siyasət kursu bu gün Azərbaycanda elə bir ictimai-siyasi sabitlik, milli həmrəylik mühiti, xalq-iqtidar birliyi formalaşdırmışdır ki, bu mühit istənilən bir xarici qüvvənin müdaxiləsini istisna edir. Eynilə həmin anti-Azərbaycan qüvvələr də heç bir nəticə əldə edə bilməyəcəklərini yaxşı bilirdilər. Buna görə də, dediyiniz kimi, bir-iki xırda, əhəmiyyətsiz epizod nəzərə alınmasa, ümumilikdə 7 fevral seçkilərinin sabit ictimai şəraitdə keçdiyini birmənalı qeyd edə bilərik.

- Eldar müəllim, əslində məni seçkilərlə bağlı maraqlandıran və Sizin də bu barədə fikrinizi öyrənmək istədiyim bir məqam da var. Lakin söhbətimiz Qərbin Azərbaycanla bağlı mövqeyinə toxunmuşkən, istərdim bu mövzunu bir qədər də davam etdirim. Konkret olaraq, Avropa Şurası Parlament Assambleyasının yanvarın 22-də keçirilmiş qış yarım-sessiyasının açılışında bu təşkilatda ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməməsi barədə qəbul edilmiş qərar və bunun mümkün nəticələri barədə fikirlərinizi bilmək istərdim.

- Əslində Avropa Şurası belə bir qərəzli qərarın qəbuluna doğru artıq 2020-ci ilin payızından gəlməyə başlamışdı. Ölkəmiz öz torpaqlarının işğalına son qoyduqdan sonra AŞPA ölkəmizə qarşı qərəzli və əsassız hücumlarını kəskinləşdirdi. Müharibədən sonra keçən növbəti üç il ərzində bu hücumlar getdikcə intensivləşdi. Nəhayət, ötən il Azərbaycan Qarabağda separatizmin kökünü birdəfəlik kəsəndən və öz ərazilərində suverenliyini tam bərpa edəndən sonra bu təşkilat tərəfindən 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edildi. Həmin qətnamənin 23-cü bəndində AŞPA 19 sentyabrda baş tutan lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatlıq ifadə etmiş və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələmişdi. Bu ilin yanvar ayında da bu hədələr gerçəkləşdirildi. Amma baxaq, görək bu rüsvayçı, riyakar və qərəzli addımı atmaqla Avropa Şurası nə qazandı, Azərbaycan nə itirdi? Bilirsiniz ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olmuşdur. Bunda da əsas məqsəd Qarabağ probleminin sülh yolu həllinə nail olmaq üçün sözügedən təşkilatın dəstəyini almaq idi. Lakin uzun illər davam edən işğal dövrü ərzində AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin işğalı ilə bağlı heç bir təsirli tədbir görmədi. Təşkilatın ara-sıra verdiyi bəyanatların isə heç bir hüquqi çəkisi olmayıb. Halbuki, işğal faktına görə ən azından Ermənistanın səs hüququ əlindən alına bilərdi. Amma bu da baş vermədi. Əksinə Avropa Şurasına üzv olduğumuz bütün dövr ərzində gedən proseslər ermənipərəst qüvvələrin bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə etdiklərini göstərmiş oldu. Bu gün isə, artıq Qarabağ problemi də yoxdur. Deməli, Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığına da elə bir ehtiyac qalmayıb. Yəni, Azərbaycan faktiki olaraq bu qərardan heç nə itirmir və bu kimi qərəzli addımların ölkəmizin nə beynəlxalq mövqelərinə, nə də daxildə gedən proseslərə heç bir təsiri ola bilməz.

(ardı var...)

Söhbətləşdi: Azər Məmmədov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024