Mobil versiya
Novruzəli Aslanov: “Xalq Prezident İlham Əliyevin alternativsiz liderliyini seçkilərdə yüksək siyasi fəallığı ilə bir daha təsdiq etdi”
Tarix: 09-02-2024 | Saat: 10:36
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Xalq Prezident İlham Əliyevin alternativsiz liderliyini seçkilərdə yüksək siyasi fəallığı ilə bir daha təsdiq etdi”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev keçən il Xankəndidə, Xocalıda, Ağdərədə müqəddəs bayrağımızı ucaltmaqla bütün xalqımıza necə sonsuz qürur hissi yaşatmışdısa, bu il fevralın 7-də keçirilmiş prezident seçkilərinin gedişində ailə üzvləri ilə birlikdə məhz Xankəndidə səs verməklə, dövlətimizin başçısı bu qüruru daha da artırdı. Hələ bir necə ay bundan əvvələ qədər bu qədim Azərbaycan şəhəri separatçıların və terrorcuların özlərinə qərargah qurduqları və uzun illər boyunca oradan bizə təhdidlər yağdırdıqları bir məkan idi. Lakin cənab Prezident İlham Əliyev bütün bu haqsızlıqlara - ərazilərimizin işğalına, vətəndaşlarımızın öz dədə-baba yurdlarının həsrətini çəkərək yaşamalarına, düşmənin müqəddəs torpaqlarımızda at oynatmasına bir gün mütləq son qoyacağını öz xalqına vəd etmişdi. 2020-ci ildə işğala son qoymaqla, 2023-cü ildə isə ölkənin ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməklə möhtərəm dövlət başçımız bütün vədlərinə əməl etdi. Son üç ildə Azərbaycan xalqı uzun müddət arzusunda olduğu möhtəşəm tarixi hadisələrin ardıcıl olaraq şahidinə, daha dəqiq desək bilavasitə iştirakçısına çevrildi. Müzəffər Ali Baş Komandanımızın Şuşada, Laçında, Kəlbəcərdə və işğaldan azad edilmiş bütün digər rayon və bölgələrimizdə Azərbaycan bayrağını dalğalandırması, Bakıda möhtəşəm Zəfər paradı, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması, Xankəndidə tarixi Qələbəmizin 3-cü ildönümünə həsr olunmuş hərbi parad və nəhayət ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş rayon və bölgələrdə keçirilmiş ilk prezident seçkiləri. Həqiqətən də son dörd ildə biz şanlı tariximizin ən möhtəşəm dövrünü yaşayırıq.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Seçkilərin gedişində müşahidə olunan seçici fəallığının da məhz ölkədə hökm sürən ümumi ruh yüksəkliyinin bir göstəricisi olduğunu deyən deputat həmçinin bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu gün yazılan şanlı tariximizin bir parçası olmağı özünə şərəf bilir: “7 fevral seçkilərində Azərbaycan xalqı bir daha öz iradəsini ifadə edərək, öz gələcəyini yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə qurmaq istəyini və buna heç bir alternativ olmadığını bütün dünyaya bəyan etdi. Bu gün yenidən qurulan dünya düzəni, sürətlə dəyişən qlobal çağırışlar fonunda planetimizin istənilən bir guşəsində yerləşən hər hansı bir ölkənin milli maraqlarını yalnız əsl siyasi lider keyfiyyətlərini özündə cəmləşdirə bilmiş dövlət başçısı qoruya bilər. Məhz bu baxımdan da hazırda Azərbaycanı sadəcə Cənubi Qafqazın lider ölkəsinə deyil, ümumilikdə Avrasiya məkanında gedən geosiyasi proseslərə real təsir imkanlarına malik olan nüfuzlu ölkəyə çevirmiş cənab Prezident İlham Əliyev həqiqətən də öz xalqının və ölkəsinin rəqibi olmayan siyasi lideridir. Azərbaycan xalqı bunu bir daha öz etimadı ilə, seçkilərdə nümayiş etdirdiyi yüksək siyasi fəallığı ilə təsdiq etdi. Bu gün Azərbaycanın şanlı dövlətçilik tarixinin ən şərəfli səhifələri yazılır. Seçkilərdə iştirak etmək hüququ isə, hər bir vətəndaşa öz azad iradəsini ifadə etməklə yanaşı, eyni zamanda da yazılan tariximizin bir hissəsi olmaq şansı verir. Bu, hər bir vətənpərvər insan üçün ən böyük şərəfdir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024