Mobil versiya
Zəfər dövrünün hesabatı, gələcəyin hədəfləri
Tarix: 16-01-2024 | Saat: 11:31
Bölmə:Siyasət | çapa göndər

Zəfər dövrünün hesabatı, gələcəyin hədəfləri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bir çox məsələləri - mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. 1993-cü ildən ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyiniə gəlişi ilə başlayan və 2003-cü ildə Azərbaycan xalqının düzgün seçimi nəticəsində davam edən siyasətin nəticələrini geniş spektrdə təhlil edən dövlət başçısı həmin siyasətin nəticəsi olaraq bu gün Azərbaycanın istər regionda, istərsə də dünyada oynadığı rolu xüsusi qeyd etdi: “Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır. Əgər biz bu haqda geniş danışsaq, yəqin ki, bütün müsahibəni buna həsr etməli olacağıq. Sadəcə olaraq, onu demək istəyirəm ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Bu, təkcə mənim fikrim deyil, mənim bəzi həmkarlarım da bu barədə kifayət qədər açıq danışıblar.”
2023-cü ilin ən mühüm hadisələrindən biri olan Laçın sərhəd-keçid məntəqəsi yaradıldıqdan sonra baş verən proseslərə dair sualı cavablandıran cənab Prezident qeyd etdi ki 10 noyabr bəyanatından sonra yaranmış vəziyyət elə idi ki, kimsə bilmirdi ki, bundan sonra hansı proseslər baş verəcəkdir. Separatçıların müqavimət qabiliyyəti sıfır səviyyəsinə ensə də, az sonradan Ermənistanın Laçın yolu vasitəsilə Qarabağa silah, əsgər, minalar göndərməsi revanşist meyllərin inkişafına və separatistlərin yenidən canlanmasına şərait yaratdı. Buna görə də Azərbaycan dövləti həmin yola nəzarətin həyata keçirilməsi üçün lazım olan hər şeyi etdi və nəhayət aprelin 23-də bizim həmin yol üzərində nəzarətimiz bərpa olundu.
2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpa olunmasını və tarixi ədalətin bərqərar olunmasını təmin edən lokal xarakterli antiterror tədbirlərini şərtləndirən amillərə dair sualı cavalandıran cənab İlham Əliyev dedi: “Yəqin ki, onlar gözləmirdilər bu əməliyyat keçiriləcək və kimsə görünür onları inandırmışdı ki, onlar sona qədər orada öz separatist dırnaqarası qurumunda, o qurum çərçivəsində fəaliyyət göstərə biləcəklər.”
Erməni əhalinin Qarabağda yaşamasına münasibət bildirən ölkə başçısı öz mövqeyni təkrarlayaraq bildirdi ki, “Yəni, bütün bu müsbət hadisələr deməyə əsas verirdi ki, qan tökülmədən, heç bir əməliyyat aparılmadan biz öz suverenliyimizi bərpa edəcəyik və Qarabağ ermənilərinə də dəfələrlə deyilmişdir ki, yeganə yolunuz budur: kim istəyir burada qalır, Azərbaycan vətəndaşı kimi yaşayır, kim istəmir, Ermənistana və başqa yerə gedir.”
Tbilisidə keçirilən İpək Yolu Forumunda Ermənistan baş nazirinin “erməni qovşağı” layihəsini “sülhün kəsişməsi” adı altında təqdim etməsinə münasibət bildirən cənab Prezident bunun bir piar aksiya olduğunu qeyd edərək bildirdi ki, Ermənistanın əsas məqsədi Zəngəzur dəhlizi” ifadəsinin aradan çıxarılmasından ibarətdir.
Bu günlərdə ölkəmizdə çox ciddi bir siyasi kampaniya olan Prezident seçkilərinə hazırlıq gedir və fevralın 7-də seçkilər keçiriləcəkdir. Növbədənkənar seçkilərin keçirilməsinin səbəblərini izah edən ölkə başçısı xeyli vaxtdır ki, cəmiyyətdə maraq doğuran, müzakirələrə səbəb olan bu məsələyə tam aydınlıq gətirmiş oldu. Cənab İlham Əliyev qeyd etdi ki bu ilk növbədə Azərbaycan Respublikasının bütün ərazisində keçirilən ilk seçki olacaqdır. İkincisi isə prezident seçkilərinin bütün digər seçkilərdən əvvəl keçirilməsi daha məqsədəuyğundur. Nəhayət, əsas məsələ odur ki, bu seçkilərin keçirilməsi ilə 20 illik bir dövrə yekun vurulur və bundan sonra yeni hədəflərə doğru addımlar atılacaqdır.
Bütün müsahibələrində olduğu kimi bu dəfə də ölkə başçısı özünün qəti mövqeyini sərgiləyərək istər regionda, istərsə də beynəlxalq aləmdə Azərbaycanın dövlət olaraq müstəqil siyasət yürütdüyünü və bu siyasətin bundan sonra da davam edəcəyini əminliklə qeyd etdi.
Ölkə başçısının geniş müsahibəsini əslində həm də 20 illik bir dövrün yekun hesabatı da adlandırmaq olar. Elə bir dövrün ki keşməkeşli, çətin proseslərin baş verdiyi, problemlərlə dolu, lakin sonu qaranlıqdan aydınlığa çıxan bütöv 20 il. Hər halda Azərbaycan xalqı bu 20 illik tarixində əsrlərə bərabər bir inkişaf yolu keçdi, tarixi ədalətsizliyin nəticələri aradan qaldırılmaqla bərabər, qalib xalq statusunu da qazanmış oldu. Bu prosesin həm memarı, həm də baş icraçısı isə bütün qələbələri xalqın adına yazan cənab Prezident İlham Əliyev olmuşdur. Qaranlıqdan aydınlığa doğru yolun ikinci mərhələsi isə daha geniş üfüqlər, daha aydın səma olacaqdır.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə