Mobil versiya
CƏNAB PREZİDENT İLHAM ƏLİYEV 2023-CÜ İLDƏ QARŞIYA QOYULAN BÜTÜN VƏZİFƏLƏRİ YERİNƏ YETİRDİ
Tarix: 02-01-2024 | Saat: 16:33
Bölmə:Özəl | çapa göndər

CƏNAB PREZİDENT İLHAM ƏLİYEV 2023-CÜ İLDƏ QARŞIYA QOYULAN BÜTÜN VƏZİFƏLƏRİ YERİNƏ YETİRDİ

Hər zaman olduğu kimi, 2023-cü ildə də iqtisadi tərəqqi prioritet oldu. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Məhz iqtisadi müstəqilliimizin təmin edilməsi fonunda ölkəmizin siyasi mövqeyinin möhkəmlənməsi mümkün olmuşdur. Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Ölkəmizin bu resurslardan səmərəli istifadəsi yeni-yeni layihələrin gündəmə gətirilməsini şərtləndirdi ki, bu da öz növbəsində dünyanın enerji xəritəsinin yenidən tərtibində öz sözünü dedi.

Bu ilin aprelində dövlət başçısı İlham Əliyevin Bolqarıstana işgüzar səfəri zamanı Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” imzalandı. Bu münasibətlə keçirilən tədbirdə Bolqarıstan Prezidenti Rumen Radev bildirmişdir: “Bu uğur - Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması əhəmiyyətli dərəcədə Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla əlaqədardır.” Tədbirdə xüsusi qonaq qismində iştirak etməklə bağlı təklifini qəbul etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Bolqarıstan Prezidenti ölkələrimiz arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək onu da əlavə etmişdir ki, son bir ildə bu əməkdaşlıq çox uğurla inkişaf edib və hazırda artıq yeni müstəvidədir.
Azərbaycanın enerji sektorunda uğurlarının təqdimatı olaraq dekabrın 10-da Serbiyanın Niş şəhərində keçirilən Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimini qeyd edə bilərik. Dövlətimizin başçısı mərasimdəki çıxışında bildirmişdir ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir: “Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və bizim gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcəkdir.”
Azərbaycan bugünümüzün əsas çağırışlarını da yüksək səviyyədə cavablandırır. Bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması əsas prioritetlərdən biridir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu məqama xüsusi diqqət yönəldir ki, neft-qaz potensialımızın zəngin olmasına baxmayaraq gələcəyimizi təmiz “yaşıl enerji”nin istehsalında və ixracında görürük.

Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında dövlət başçısı İlham Əliyev dünya ictimaiyyətinin diqqətini bu statistik rəqəmlərə yönəltmişdir. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.

Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və Anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı oldu. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.

Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.
Azərbaycan 2023-cü ildə sosial dövlət imicinə yenilərini əlavə etdi. Cari ilin ilk ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ilk addım atıldı. Yanvarın 1-dən minimum əməkhaqqı 15 faiz artırılaraq 300 manatdan 345 manata, minimum pensiya məbləği isə 40 manat artırılaraq 240 manatdan 280 manata çatdırıldı. Eyni zamanda müavinət və təqaüdlər də artırıldı. Prezident İlham Əliyevin 5 yanvar 2023-cü il tarixli Sərəncamı sayca dördüncü sosial paket idi və 1,9 milyon vətəndaşı əhatə etməklə il ərzində 750 milyon manatdan çox vəsaitin xərclənməsini nəzərdə tuturdu. Son beş ildə dördüncü sosial paketin icrası ölkə iqtisadiyyatında artımın nəticəsi və təkcə neftin deyil, dövlət büdcəsinə neftdənkənar sahələr üzrə gəlir və vəsait daxilolmaları hesabına idi. Ölkə başçısı çıxışlarında dəfələrlə qeyd edir ki, büdcəyə nəzərdə tutulandan nə qədər çox vəsait daxil olarsa bu, əhalinin sosial ehtiyacları üçün xərclənəcək.
İşğaldan azad etdiyimiz ərazilərimizdə yenidənqurma və bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar xərclənib. Ölkə başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışı zamanı isə qeyd etmişdir ki, növbəti ildə Qarabağda yenidənqurma işlərinə ən az 2,4 milyard dollar vəsaitin xərclənəcəyi nəzərdə tutulur.

Dövlət başçısı İlham Əliyev bu günlərdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunu təsdiqlədi. Qanunla Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 milyard 397 milyon 645 min manat, yerli gəlirləri 775 milyon 355 min manat, mərkəzləşdirilmiş xərcləri 35 milyard 978 milyon 197 min manat, yerli xərcləri 784 milyon 803 min manat) məbləğində təsdiq edildi. Həmçinin “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında”
Qanun təsdiqləndi. Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir. Qanun 2024-cü ilin yanvar ayının 1-dən qüvvəyə minir.
Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından üç ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistan nə sənəddən irəli gələn öhdəlikləri yerinə yetirir, nə də Azərbaycan tərəfinin irəli sürdüyü sülh təklifinin reallığa çevrilməsi istiqamətində konkret addımlar atır. Hər zaman olduğu kimi, qarşı tərəf yenə də himayədarlarının təklifini gözləyir. Müxtəlif vasitələrlə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğu diqqətdən kənarda qalmır. Amma bir reallığı unudur ki, Azərbaycan qalib ölkə olmaqla hazırkı dövrdə sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirir. Rəsmi Bakı daim bu bəyanatı da Ermənistanın və havadarlarının diqqətinə çatdırır ki, sülh təklifi uzun müddət masa üzərində qalmayacaq. Təbii ki, Ermənistan ona yaradılan şansdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmaq imkanı qazana bilər. Amma görünür. Ermənistan hələ havadarlarından lazım olan təklifi almayıb. İşğalçı dövlət 30 il yaşadığı asılılıq vəziyyətini bu gün də qabarıq şəkildə büruzə verir. Bütün hallarda Azərbaycan regionda dayanıqlı inkişafın və təhlükəsizliyin təmin edilməsi istiqamətində davamlı addımları ilə diqqətdədir.
Tarixi Zəfərimizdən sonra ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun artdığı diqqətdən kənarda qalmır. Regionda dayanıqlı inkişafın və təhlükəsizliyin yaradılması və Ermənistanla münasibətlərdə yeni səhifənin açılması istiqamətində Azərbaycan səylərini günbəgün artırır. Qeyd etdiyimiz kimi, Ermənistan isə prosesin uzanması üçün müxtəlif bəhanələrə əl atır. Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi rəşadətli Ordumuzun bu ilin 19 sentyabr tarixində bir günlük lokal antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu. Bunun nəticəsində suverenliyimiz tam təmin olundu. Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı dalğalanır. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Xocavəndə, Xocalıya, Şuşaya, bunların ardınca Ağdama səfəri özündə mühüm məqamları açıqladı. Böyük Qayıdış Proqramının yaxın zamanlarda tam şəkidə başa çatacağı gün uzaqda deyil. Bir sıra mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirildi, görülən işlərlə tanışlıq oldu. Onuda qeyd edək ki, Xankəndidə Zəfər matçı keçirildi.

Uğurlarımız davamlıdır. Azərbaycanın düşünülmüş və tərəqqiyə hesablanmış siyasəti gələcəyə daha böyük inamla baxmağa əsas verir. Tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz Azərbaycan tarixinin zəfər səhifələrini zənginləşdirir. Artıq günümüzün əsas hədəfi Qərbi Azərbaycana qayıdışdır. Bu hədəfə də zamanında nail olacağımız şəksizdir. Bir sözlə, 2024-cü ildə ölkəmizi daha möhtəşəm uğurlar gözləyir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə