Mobil versiya
Akif Məmmədov: “Azərbaycan Heydər Əliyev İlini əvvəllər heç zaman olmadığı qədər güclü bir ölkə olaraq başa vurmaqdadır”
Tarix: 07-12-2023 | Saat: 18:05
Bölmə:Özəl | çapa göndər

Akif Məmmədov: “Azərbaycan Heydər Əliyev İlini əvvəllər heç zaman olmadığı qədər güclü bir ölkə olaraq başa vurmaqdadır”

12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. Qədirbilən Azərbaycan xalqı hər il bu günü sonsuz sevgi və dərin ehtiram hissi ilə qeyd edir. Saytımızın bugünkü buraxılışında Ümummilli Liderin anım günü ilə əlaqədar suallarımızı Bakı Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov cavablandırır.

- Akif müəllim, danılmaz həqiqətdir ki, müasir müstəqil Azərbaycan dövlətinin bu gün imza atdığı bütün uğur və nailiyyətlərin əsası hələ ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. İstərdim ki, ilk növbədə bu barədə fikirlərinizi bizimlə paylaşasınız.

- Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi qarşısında xidmətləri sözün əsl mənasında misilsizdir. Hələ 1969-cu ilin iyulunda görkəmli tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildikdən sonra respublikanın iqtisadiyyatında nəzərəçarpacaq irəliləyiş yarandı. Qısa müddətdə Azərbaycan aqrar respublikadan sənaye respublikasına çevrildi. Neçə-neçə zavod və fabriklər fəaliyyətə başladı. Xüsusilə müasir, yüksək texnoloji istehsal proseslərinin tətbiq olunduğu müəssisələrin sayı artmağa başladı. Sənayenin inkişafı ilə həm də respublikanın İttifaq miqyasında tanınmasına, milli mədəniyyətin daha şəbəkəli səviyyədə təbliğinə şərait yarandı. Bakının ittifaq miqyasında ən iri şəhərlərdən birinə çevrilməsi də həmin illərə təsadüf edir. Bakıda metro tikintisi başa çatdı, yeni ali təhsil ocaqları fəaliyyətə başladı. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına əsaslanan siyasi kursu Azərbaycanın müttəfiq respublika kimi inkişafında önəmli rol oynadı. Ümummilli Liderimiz özü həmin dövrü hər kəsdən daha dəqiq və obyektiv xarakterizə edərək belə demişdir: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur.” Həqiqətən də bu gün biz birmənalı olaraq deyə bilərik ki, müasir Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, getdikcə artan və şaxələnən xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına sürətli inteqrasiyası hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.

- Sizcə Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını öz üzərinə götürməyini zəruri edən hansı amillər olmuşdur?

- Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi artıq müstəqillik dövründə, amma daha dəqiq desək bu müstəqilliyin az qala itirilməsi ərəfəsində baş verdi. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycanın müstəqilliyi bərpa olundu. Lakin bir tərəfdən ölkədə formalaşmış separatçılıq meyilləri və bu zəmində yetişməkdə olan vətəndaş qarşıdurması, digər tərəfdən erməni işğalı Azərbaycanda dövlətçiliyin itirilməsi təhlükəsini bir reallıq olaraq ortaya çıxarmışdı. Belə bir təhlükəli və mürəkkəb məqamda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Ulu Öndər xalqın israrlı dəvətini qəbul etdi, bununla da xilaskar missiyasını öz üzərinə götürdü və Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsini aradan qaldırdı. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqımızın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Ən əsası, cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, azad bazar iqtisadiyyatına keçidlə bağlı genişmiqyaslı islahatlara başlandı. 1994-cü ildə isə Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Ümummilli Lider Heydər Əliyevin öz xalqı, öz ölkəsi və dövləti qarşısında olan misilsiz xidmətləri Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuşdur.

- Müasir dövrümüzdə Heydər Əliyev strateji kursunun ölkənin ictimai-siyasi həyatında rolu barədə nə deyə bilərsiniz?

- İlk növbədə qeyd edim ki, bu gün biz hamımız müasir Azərbaycanın əldə etdiyi bütün möhtəşəm uğurlara və parlaq qələbələrə görə Ulu Öndərimizin 1993-2003-cü illərdə göstərdiyi misilsiz fəaliyyətinə və 2003-cü ildən sonra ölkəmizdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Heydər Əliyev siyasi xəttinə borcluyuq. Artıq son ayında yaşadığımız 2023-cü il Azərbaycan üçün həqiqətən də möhtəşəm qələbələr ili olmuşdur. Dövlətimizin şanlı tarixinə, xalqımızın qürur yaddaşına əbədi yazılacaq bir sıra önəmli hadisələr məhz bu ildə baş verdi. Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi bu ilin əhəmiyyətini daha da artırmışdır. Azərbaycan xalqı bir daha Heydər Əliyev İlində əldə etdiyi möhtəşəm zəfərlərlə öz dahi xilaskar oğlunun ideallarına sadiqliyini və bu idealların real gücünü bütün dünyaya nümayiş etdirdi. 19 sentyabr tarixində keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan Vətən müharibəsinin başa çatmasından sonra Ermənistanın silahlı qüvvələrinin Qarabağ bölgəsində qalan birləşmələrinin tərk-silah olunaraq ölkə ərazisindən çıxarılmasına, eləcə də Xankəndidə yaradılmış qondarma separatçı rejimin ləğvinə nail oldu. Müzəffər Ali Baş Komandanımız Azərbaycan Bayrağını məhz Heydər Əliyev ilində Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə qaldırmaqla ölkəmizin öz suverenliyini tam bərpa etdiyi barədə dünyaya ən önəmli mesajını göndərdi. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan Heydər Əliyev İlini öz tarixində əvvəllər heç zaman olmadığı qədər güclü və sürətlə inkişaf edən ölkə olaraq başa vurmaqdadır.

- Akif müəllim, ətraflı müsahibənizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Sağ olun.

- Siz də sağ olun.

Söhbətləşdi
Cəmil Kazımov
Anar Dadaşov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə