Mobil versiya
Müstəqilliyimizin memarı
Tarix: 08-12-2023 | Saat: 12:21
Bölmə:Siyasət / Özəl | çapa göndər

Müstəqilliyimizin memarı

Məlumdur ki, Azərbaycanın minillik tarixində dövlət və dövlətçilik ənənləri olmuş, bir sıra dövlətlərin qurulması, nəhəng imperiyaların mövcudluğu xalqımızın adı ilə bağlı olmuşdur. Lakin zaman keçdikcə işğallar, müstəmləkəçilik bu ənənəni zəiflətsə də məhv edə bilməmişdir. Çünki hər dövrdə bu xalq bir dahi şəxsiyyət yetişdirərərək özünün tarixi gələnəklərini qoruya bilmişdir. Belə şəxsiyyətlərdən biri də Ulu öndər Heydər Əliyevdir.
Ulu Öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdən biridir. Ümummilli lider dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbii hesab olunur. Fəaliyyətinin hər bir dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli, müasir ruhlu bir dövlətin yaradılması idi. Elə bir dövlət ki, müstəqilliyi, özünəxas çalarları və daim inkişaf edərək dünyada layiqli yer tutsun.
keçən əsrin 90-cı illərinin çox mürəkkəb dönəmində Azərbaycan xalqı Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinin zəruriliyini dərk etdi və buna nail oldu. Bununla Azərbaycanın müasir dövlətçilik tarixində ciddi bir dönüş başladı. Heydər Əliyev fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna xidmətlər göstərdi.
Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini bəyan edəndə bütün dünya qarışıq vəziyyətdə idi. Sosialist düşərgəsi dağılmış, Qərb siyasi dairələri üçün özlərindən tam asılı məkanların yaranması imkanları genişlənmişdi. Qərb yeni müstəqil dövlətlərin ozünəmxsusluğunu qəbul etmək istəmirdi. Bu xüsusiyyət onlar üçün bir köhnəlik əlaməti idi və buna görə də liberalizm, demokratiya, insan haqları, iqtisadi inteqrasiya, islahatlar, azad ticarət və digər bu kimi təmtəraqlı ibarələrdən istifadə edərək, öz iradələrini qəbul etdirməyə aramsız cəhdlər göstərirdilər. Bu tələyə düşənlər oldu və acı nəticələrlə üzləşmək zorunda qaldılar. Təəssüf ki, Azərbaycan da 1993-cü ilin birinci yarısına qədər kənar təsirlərin altında idi.
Üstəlik, havadarlarının böyük yardımı ilə Ermənistan silahlı quldur dəstələri Azərbaycan ərazisinə aramsız hücumlar edirdi. Nəticədə, ölkədə siyasi xaos yaranır, ərazilər işğal olunurdu. Azərbaycana o dövrdə rəhbərlik edənlər isə lazımi səviyyədə peşəkar olmadıqlarından vəziyyəti nizama sala bilmirdilər. Əksinə, ölkə parçalanmaq və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı.
Belə bir məqamda Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi zərurətini dərk edən Azərbaycan xalqı öz gələcək taleyini dahi şəxsiyyət Heydər Əliyevə etibar etməklə çox ağır müsibətlərdən yan keçə bildi. Həmin məqamda Heydər Əliyevin dahiliyi bütün parlaqlığı ilə özünü göstərdi. Hər şeydən əvvəl güclü dövlət qurmaq ideyasını cəmiyyətə təlqin edən dahi şəxsiyyət demokratik cəmiyyətin yalnız güclü dövlətdə mümkün ola biləcəyini isbat etdi. Ulu öndər “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır”-deyə müstəqil dövlətçilik məfkurəsində bu mübarizənin son dayanacağının inkişaf etmiş Azərbaycan olacağını göstərmiş oldu.
Güclü dövlətin mövcudluğu üçün güclü iqtisadiyyatın olması gərəkliyindən çıxış edən Heydər Əliyev “Əsrin müqaviləsi” kimi nəhəng layihəyə imza ataraq regionda maraqları olan böyük dövlətlərlə bərabərhüquqlu münasibətləri qura bildi. Çox çətin şəraitdə daxili sabitliyi təmin edə bilən bu dahi şəxsiyyətin siyasi dühası hətta bizi sevməyənlər tərəfindən belə etiraf olundu. Dünyanın bütün böyük dövlətləri ilə əlaqələrin qarşılıqlı faydalı əməkdaşlıq müstəvisinə keçməsində Ulu Öndərin müstəsna xidmətləri zaman keçdikcə öz əhəmiyyətini bir daha göstərmiş olur.
“Biz öz daxili siyasətimizlə çalışırıq ki, Azərbaycanın dövlət quruculuğu, cəmiyyətin təşkil edilməsi və iqtisadiyyatın inkişafı dünya dövlətlərinin təcrübəsi əsasında olsun və beləliklə də Azərbaycan Respublikası dünya miqyasında öz layiqli yerini tuta bilsin”-ideyasından çıxış edən Ulu Öndər cəmiyyətin bütün təbəqələrinin sosial və siyasi mənafelərini özündə ehtiva etməyə qadir, demokratikləşmə prosesinin fundamental prinsiplərinə əsaslanan, keçid dövrünün xarakterik keyfiyyətlərini nəzərə alan demokratik idarəetmə sistemini formalaşdırmaqla, əslində mükəmməl dövlət idarəçilik sistemi yaratdı. Azərbaycanın dövlət quruculuğunun təməl prinsipləri hazırlanıb həyata keçirildi. Gənclərlə görüşündə “əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir” -deyə xitab edən ümummilli lider gedəcəyimiz yolu göstərdi və xalqı, onun mübariz gəncliyini bu amal uğrunda mübarizəyə səslədi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır.”
“Biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq.”-deyən böyük şəxsiyyət milli azadlığın mahiyyətini, müstəqilliyin əhəmiyyətini ən incə detalları ilə çatdırır, bu ideyanı həyata keçirmək üçün xalqı öz arxasınca aparırdı. Hər şeydən öncə Vətəndir, milli mənafedir şüarı Ümummilli liderin həyat amalı idi. Onun düşüncəsində müstəqillik çox qiymətli bir sərvət idi. Çünki sovetlər dönəmində ən yüksək vəzifələrdə olsa da müstəqil olmamağın əzablarını da, çətinliklərini də görmüşdü. Həyat təcrübəsi bu dahi şəxsiyyətə hələ gənclik illərindən xəyalını qurduğu müstəqil dövlətin keşməkeşli, lakin şərəfli yol olduğunu təlqin etmişdi. Ona görə də: -“Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır.” – deyən Ulu öndər bu müstəqilliyin davamlı olması üçün mübarizənin labüdlüyünü də qeyd edirdi.
Ulu Öndərin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının liderinə çevirməklə bərabər, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevirmiş oldu. Gələcək nəsillər bu nümunədən bəhrələndikcə Azərbaycan dövləti öz qüdrətini daha da artıracaq və Ulu öndərin xatirəsi daim yüksək səviyyədə anılacaqdır.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə