Mobil versiya
Azərbaycan və Mərkəzi Asiya regionu vahid geosiyasi məkandır
Tarix: 28-11-2023 | Saat: 10:04
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan və Mərkəzi Asiya regionu vahid geosiyasi məkandır

Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 24 noyabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə etdiyi çıxışında hər zaman olduğu kimi, dərin təhlilə və tarixi təkzibolunmaz faktlara əsaslanan detallı açıqlamalar təqdim olunmuşdur. Məlum olduğu kimi hazırda SPECA-ya Azərbaycan sədrlik edir. Ölkəmiz bu il təşkilatın 25-ci ildönümü ilə əlaqədar ilk dəfə olaraq SPECA-ya üzv ölkələrin hökumət və dövlət başçılarının Zirvə görüşünü keçirmək təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmiş və mötəbər beynəlxalq tədbirə ev sahibliyi etmək hüququ Azərbaycana verilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin dəvətilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak ediblər.
Dövlətimizin başçısı Sammitdəki çıxışında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq etdiklərini xüsusi vurğulamışdır. Qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin sentyabr ayının 14-də Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı da ölkələrimiz arasında münasibətlərin növbəti, daha yüksək mərhələyə keçidinin, regional əməkdaşlığın yeni formatının daha bir nümayişi olmuşdur. Məlumdur ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri qırılmaz tellərlə bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Son bir neçə ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində xüsusilə böyük canlanma müşahidə olunur. Cənab Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri xüsusi önəm kəsb edir. Bu səfərlər Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.
Təbii ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin əsasında ilk növbədə Vətən müharibəsindən sonra ölkəmizin nəqliyyat-logistika imkanlarının genişlənməsi faktı durur. Azərbaycan hazırda Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar da məhz ölkəmizin ərazisindən həyata keçirilir. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında ən təhlükəsiz və iqtisadi cəhətdən sərfəli nəqliyyat qovşağına və tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək.
Öz çıxışında cənab Prezident İlham Əliyev rəsmi İrəvana da növbəti dəfə vacib mesaylarını ünvanlamışdır. Dövlətimizin başçısı qeyd etmişdir ki, bu gün ünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. O cümlədən özünü hazırda Fransanın marionetinə çevirmiş Ermənistan kimi ölkəyə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. Bərabərhüquqlu tərəfdaşlıq əlaqələrinin qurulmasında isə məhz həqiqi siyasi müstəqillik ən önəmli amildir. SPECA-ya üzv dövlətlər əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025