Mobil versiya
SPECA qardaş türk dövlətləri ilə daha bir effektiv əməkdaşlıq platformasıdır
Tarix: 25-11-2023 | Saat: 19:03
Bölmə:Özəl | çapa göndər

SPECA qardaş türk dövlətləri ilə daha bir effektiv əməkdaşlıq platformasıdır

Hazırda Azərbaycan SPECA həftəsinə ev sahibliyi edir. Forumda regionun tranzit marşrutlarının şaxələndirilməsi, rəqəmsallaşma, ticarət və nəqliyyatın inkişafı, eləcə də davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində mühüm rolu müzakirə olunur.
Azərbaycanı Mərkəzi Asiya dövlətləri ilə əlaqələndirən bir çox amillər var. Qeyd edək ki, SPECA qardaş türk dövlətləri ilə daha bir effektiv əməkdaşlıq platformasıdır. Qeyd edək ki, SPECA 1998-ci il martın 26-da Özbəkistanın paytaxtı Daşkənd Bəyannaməsi ilə təsis edilib. Sənədi Mərkəzi Asiya ölkələrinin prezidentləri, BMT-nin Avropa İqtisadi (UNECE), Asiya və Sakit Okean İqtisadi komissiyalarının (ESCAP) icraçı katibləri imzalayıblar. Proqramın məqsədi iştirakçı ölkələrə iqtisadi inkişaf, əməkdaşlıq, Avropa və Asiya iqtisadiyyatlarına inteqrasiyada köməklik etməkdir. Sovet ittifaqı dağılandan sonra SPECA ölkələri çox uzun və çətin yollar keçib, vətəndaş müharibələri, ərazilərin işğalı, suverenliyin pozulması kimi hallarla üzləşib. Üzv ölkələr bütün bu kimi çətinlikləri arxada qoyub. Onlar beynəlxalq siyasi arenada özlərini təsdiqləyiblər. Hazırda SPECA-ya Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildirlər. Bu region dövlətləri ilə bizi vahid tarixi tellər bağlayır. Həmçinin, bizim bir çox geosiyasi proseslərə regional və daha qlobal anlamda ortaq baxışımız mövcuddur.
Belə ki, iqtisadi baxımdan Azərbaycan bu region ölkələri ilə sıx və intensiv kooperasiyadadır və xüsusilə Özbəkistan və Qazaxıstanla güclənən iqtisadi münasibətlərimiz bunun əyani sübutudur. Azərbaycanın coğrafi yerləşməsi Mərkəzi Asiya üçün böyük üstünlükdür. Azərbaycan bu böyük coğrafiya üçün açar rolunu oynayır. Mərkəzi Asiyada həyata keçirilən böyük layihələri, Eləcə də, həm enerji, həm də ticarət marşrutlarını Azərbaycansız təsəvvür etmək çətindir. Bu həqiqət özünü Vətən müharibəsindən sonra daha aşkar göstərir, ona görə ki, Azərbaycanın özünün ərazi bütövlüyünü təmin etməsi “Orta dəhliz” adlandırılan qlobal logistika layihəsini aktuallaşdırıb və bu, faktiki olaraq tarixi “İpək yolu”nun bərpası deməkdir.
Üzv ölkələr arasında çox ciddi və məhsuldar əməkdaşlıq mövcuddur ki, bunun bəhrələrini tezliklə hiss edəcəyik. Həmçinin Azərbaycan enerji mənbələrindən asılı olan Qərb üçün Orta Asiyaya çıxış deməkdir. Azərbaycan sabit siyasi və iqtisadi mühitə, dayanıqlı iqtisadiyyata və sosial rifaha malik bir ölkədir. Ölkəmiz bütün sahələrdə yüksəlişdədir, iqtisadiyyatla yanaşı intellektual və demoqrafik potensialımızı da nəzərə almaq şərti ilə. Odur ki, Azərbaycan həm Mərkəzi Asiya üçün Avropaya, həm də Qərb üçün bu regiona qapı, açar rolunu oynayır. Azərbaycanın əhəmiyyəti olduqca böyükdür. Regional əməkdaşlıq qlobal inkişafa təkan verir. Belə münasibət həm də təhlükəsizliyin təmin olunması üçün şərait yaradır. Ölkəmiz bu istiqamətdə aparıcı yerlərdən birini tutur. Orta Dəhliz layihəsi SPECA-nın iqtisadi, ticarət və nəqliyyat əhəmiyyətini daha da artıracaq. Bu, perspektivdə Mərkəzi Asiya-Xəzər-Cənubi Qafqaz-Qara dəniz marşrutunu aktuallaşdıracaq. Üç regionun biri-biri ilə sıx əməkdaşlığı Asiya ilə Avropanı birləşdirən ən mühüm alternativ yol olmaq imkanını yaradır. Bu, həmçinin enerjidaşıyıcıları üçün əsas ixrac kəmərlərindən ola bilər.
Tarixi hadisələr nəticəsində uzun illər Xəzər dənizi Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında bölücü olub. Lakin hazırda bu su hövzəsi Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlıq, iqtisadi-ticarət körpüsü rolundadır. Hazırda SPECA-da iştirakçı ölkələrdə siyasi sabitliyin hökm sürməsi də regional əməkdaşlıq üçün münbit şərait yaradır. Bu isə onu başqa bölgələrdən müsbət mənada fərqləndirən başlıca cəhətlərdəndir. Sabitlik bu Proqramı başqa ölkələr üçün də cəlbedici edir.
Azərbaycan əməkdaşlığa, infrastruktura, sülhə və antikolonializmə dair tədbirlərə ev sahibliyi etmək, bu istiqamətdə təşəbbüslər göstərməklə regional əhəmiyyətini artırır. Sülh, sabitlik, əməkdaşlıq rifaha xidmət edir. Azərbaycan da bu amillərə xüsusi üstünlük verir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025