Mobil versiya
Xalqa xidmət partiyası
Tarix: 19-11-2023 | Saat: 12:32
Bölmə:Siyasət / Özəl | çapa göndər

Xalqa xidmət partiyası

Müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılması təşkil edir. Bu mərhələni ona görə qürur və iftixar hissi ilə şanlı tarix adlandırırıq ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə xaos və hərc-mərclik içində olan, vətəndaş müharibəsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın xilasının, tənəzzüldən azad olaraq tərəqqi yoluna nail olmasının əsası qoyuldu. Milli maraqların keşiyində duran və vətənpərvərlik hissinin daşıyıcısı olan hər bir azərbaycanlının etibarlı partiyasına çevrilən YAP-ın müstəqil Azərbaycanın siyasi tarixindəki misilsiz roluna nəzər salmaq üçün bir sıra məqamlara toxunmaq lazımdır.
Ötən əsrin 90-cı illərində hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, ölkəni idarə edə bilməməsi səbəbindən Azərbaycan hətta parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkəmizin sərvətlərinə göz tikən bədxah qüvvələr Azərbaycanı xaos meydanına çevirməyə və öz maraqları əsasında idarə etməyə çalışırdılar. İnsanlar həmin dövrdəki rəhbərliyin ölkəni xilas edəcəyinə inanmırdılar. Məhz belə bir dövrdə güclü siyasi liderə və təşkilatlanmış qüvvəyə ehtiyac olduğu üçün insanların mənəvi gücünü səfərbər etmək, ölkəmizi düşdüyü mürəkkəb vəziyyətdən xilas etmək naminə Ulu öndər Heydər Əliyev vətənpərvər ziyalıların təkidli çağırışlarını və müraciətlərini nəzərə alaraq YAP-ı yaratdı. YAP-ın yaranması həm də tarixi zərurətin nəticəsi, sosial sifariş – çağırış idi. İlk günlərdən partiyanın sıralarına ən nüfuzlu şəxslər, ziyalı və vətənpərvər insanlar toplaşdı. Əslində, YAP xalqın partiyası kimi yarandı, onun çətinliklərini dəf etmək üçün fəaliyyətə başladı. İnsanlar YAP-ın simasında sivil mübarizənin yollarını müəyyən etdilər. Demokratik prinsiplərə və qaydalara alışdılar. YAP-ın siyasi səhnəyə gəlişi ilə cəmiyyətdə dövlətçilik, müstəqillik ideyaları, vətənpərvərlik duyğuları, sanki, yenidən daha mütəşəkkil şəkildə formalaşmağa və yaşamağa başladı.
Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir.
YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.
Prezident İlham Əliyev YAP-ın VII qurultayında çıxışında demişdir: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”
Bu məşhur çıxış Azərbaycanın qazandığı uğurlarda öz əksini tapdı və reallığa çevrildi.
Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.
VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir.
Cənab Prezident İlam Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq dövlətin hərbi potensialı daha da inkişaf etdirildi. Bu gün Azərbaycan Qafqazın ən qüdrətli ordusuna malik olmaqla yanaşı həm də hərbi istehsala malik dövlətdir. Respublika Prezidenti İlham Əliyev cənablarının təşəbbüsü və qətiyyəti ilə yaradılan hərbi sənaye komplekslərimizdə istehsal olunan silah- sursatlar silahlı qüvvələrimizin istifadəsinə verilməklə bərabər həm də dünya bazarlarına çıxarılır. Son illər ölkədə idmanın inkişafı, səhiyyə və təhsilə aid yeni komplekslərin tikilməsi, təmir olunması, müasir standartlara cavab verən zavod- fabriklərin istifadəyə verilməsi Respublika Prezidenti İlham Əliyev cənablarının apardığı məqsədyönlü siyasətin bariz nümunəsidir.
2021-ci il mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin Vətən müharibəsində tarixi Qələbəsi ilə nəticələnən və ölkəmizlə bağlı dünyada yaranmış reallıqlar dövrünə təsadüf etdi. Həmin qurultay bir daha göstərdi ki, hər zaman siyasi proseslərdə öndə olan hakim partiya yeni dövrə daha fəal, yenilənmiş formada qədəm qoyur. Qurultayda partiyanın yeni Nizamnaməsi təsdiq edilmiş, İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə, yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçilmiş, eləcə də 6 siyasi partiya Yeni Azərbaycan Partiyasına qoşulmuşdur.
YAP-ın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri gənc nəslə diqqət və qayğının artırılması, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması məqsədilə mühüm tədbirlərin həyata keçirilməsidir. Bütün bunların məntiqi nəticəsidir ki, gənclərimiz Yeni Azərbaycan Partiyasına inamla, məhəbbətlə üz tuturlar.
Bu gün yaranmasından 31 il ötən Yeni Azərbaycan Partiyası ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında böyük qələbələrə imza atmaqda davam edir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025