Mobil versiya
Hüquqi dövlət quruculuğu və Ulu Öndər Heydər Əliyev irsi
Tarix: 13-11-2023 | Saat: 23:56
Bölmə:Siyasət / Özəl | çapa göndər

Hüquqi dövlət quruculuğu və Ulu Öndər Heydər Əliyev irsi

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Heydər Əliyev şəxsiyyəti və fəaliyyəti təkcə Azərbaycanın coğrafiyası ilə məhdudlaşmır. O, digər xalqların da tarixində mühüm rol oynamış, onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Heydər Əliyev bütün mənalı ömrünü yalnız insanlığa və xalqına xidmət göstərməyə sərf etmişdi. Bu böyük şəxsiyyət Azərbaycan xalqının təhlükəsiz yaşaması, azadlıq haqqını tapması uğrunda mübarizə aparmışdı. “Haqqı tapdanan insanların arxasında güclü dövlət durmalıdır, ədalət durmalıdır”. Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyev "Ədaləti ədalətsizliklə bərpa etmək olmaz", - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi.

Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.
Ümummilli liderimizin 1969–1982–ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.

Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev Sovetlər Birliyi kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə orada da kəskin fərqlənmişdi. Heydər Əliyev görkəmli dövlət xadimi və müdrik siyasətçi kimi ən yüksək vəzifəyə çəkilməyə layiq bilinirdi. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdi. Heydər Əliyev SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsinin qeyri–mümkün olduğunu başa düşən məkrli qüvvələr onu vəzifədən uzaqlaşdırmağa çalışmışlar. Lakin buna baxmayaraq, Heydər Əliyev hər zaman xalqımızın yanında olmuşdur.

Xalqımız 20 Yanvar faciəsini yaşayarkən ümummilli liderimiz çoxlarının cürət etmədiyi qətiyyət göstərib Moskvada Sovetlər Birliyi rəhbərliyini ifşa etdi, imperiya siyasəti əleyhinə çıxdı, doğma xalqı ilə bir yerdə olduğunu bir daha nümayiş etdirdi.
Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.
Bütün işlərində ardıcıl olan və qarşıya qoyduğu məqsədlərə nail olan ulu öndər 1997–ci ildə deyəcək: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir”.
Ölkədə cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik–hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai–siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. “Dövlət – dövlətçiliyi qorumalıdır” fikrini dönə–dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkdi. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994–cü ildə imzaladığı xüsusi fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq bu ümumbəşəri sosial bəla ilə mübarizəyə başlanıldı.

Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat–qat çətin olduğunu deyən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi.

Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin–amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə–neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Demokratik–hüquqi dövlət quruculuğu prosesi də tam ictimai–siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradılmalı idi.

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev isə hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.
“Konstitusiya yaratmaq üçün, şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik” – deyən ulu öndər Heydər Əliyev konstitusiyaçı alim kimi bu sahədə bütün problemləri öyrənərək və görkəmli filosofların elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan Respublikasının ilk milli Konstitusiyasını yaratdı.

Demokratik tələblərə tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixilik qazandı. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyətin əsası qoyuldu. 1995-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu.

Azərbaycan Respublikasının insan hüquqlarının qorunması sahəsində əldə etdiyi ən mühüm nailiyyətlərdən biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” memorandum oldu. Həmin memoranduma əsasən, BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması, prosedur və hesabatlar sisteminin təkmilləşdirilməsi, mülki cəmiyyətin inkişafı və digər məsələlər sahəsində Azərbaycan Respublikası hökuməti ilə birgə tədbirlər həyata keçirildi. 1998-ci ilin 22 fevralında ümummilli lider Heydər Əliyev “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalamış, insan hüquqları sahəsində həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası müəyyən edilmişdir. Bu sənədlə insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılmışdır.

Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm addımlarından biri, ölüm cəzasının ləğvi oldu. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir.

Avropa Şurasına üzvlük ərəfəsində Azərbaycan ümumavropa hüquq məkanına inteqrasiya olunmağa başladı. Ölkəmiz 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv qəbul edildi, Avropa İnsan hüquqları Konvensiyasına qoşuldu və bununla Avropa İnsan hüquqları Məhkəməsinin yurisdiksiyasını qəbul etdi. Azərbaycanın Avropa Şurasının sənədlərinə qoşulması milli qanunvericiliyin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesini daha da sürətləndirdi.

Heydər Əliyevin hüquqi dövlət quruculuğunda zəngin irsinə nəzər salarkən Uinston Çerçilin sözlərini xatırlatmaq olar: “dövlət xadiminin siyasətçidən fərqi ondadır ki, siyasətçi növbəti seçkiləri, dövlət xadimi isə gələcək nəsli düşünür”. Bu sözlər sanki Azərbaycanın sabahını, xalqımızın rifahını daim düşünən ümummilli liderimiz Heydər Əliyev haqqında deyilmişdi.
Məhz Ümummili liderin başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilibdir. Həyata keçirilən səmərəli hüquqi islahatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun tərəfindən imzalanan fərman və sərəncamlar qısa dövr ərzində ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir.

Heydər Əliyev ideologiyasina söykənən və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, inkişaf streategiyası müasir hərbi-sənaye kompleksinin formalaşdırmağa və Azərbaycanı güclü bir dövlətə çevrilməsini şərtləndirdi. 2020-ci il Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun böyük şücaəti ilə 44 günlük Vətən müharibəsi böyük qələbə ilə başa çatdı. Vətən müharibəsində əldə olunmuş tarixi Zəfər bu gün ulu öndərin vəsiyyətinə ləyaqətlə əməl etmiş cənab İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev ideologiyasina söykənən siyasi kursun yeni keyfiyyətdə və yeni çağırışlar fonunda davamının nəticəsi kimi dəyərləndirilməlidir.

Bu gün Azərbaycan cəmiyyəti indiyə qədər görünməmiş böyük sürətə inkişaf edir. Belə şəraitdə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq insan hüquq və azadlıqlarına təminat verən demokratik, hüquqi dövlət və
vətəndaş cəmiyyətinin formalaşması prosesi Prezident İlham Əliyev tərəfindən yeni çağırışlar fonunda, yeni keyfiyyətdə ardıcıl surətdə davam etdirilməkdədir.

Mən həyatımda üç şeyə: Yaradanıma, zəhmətimə və bir də xalqıma arxalanmışam”. Bəli bu sözlər otuz ildən artıq bir müddət ərzində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran, hələ sağlığında ikən canlı əfsanəyə çevrilən Heydər Əliyevə aiddir.

Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024