Mobil versiya
Müqəddəs bayrağımız sarsılmaz ümumxalq birliyinin rəmzidir
Tarix: 07-11-2023 | Saat: 09:25
Bölmə:Siyasət / Özəl | çapa göndər

Müqəddəs bayrağımız sarsılmaz ümumxalq birliyinin rəmzidir

Artıq üç ildir ki, Azərbaycan xalqı 9 noyabr Dövlət bayrağı gününü qalib ölkə, qalib xalq olaraq qeyd edir. Lakin bu ilki bayram indiyədək görünməmiş ruh yüksəkliyi və daha böyük coşqusu ilə fərqlənir. Çünki məhz bu il, oktyabr ayının 15-də Ölkə Prezidenti cənab İlham Əliyev müqəddəs üçrəngli Bayrağımızı Xankəndidə ucaltdı və bununla da Azərbaycanın artıq bütün ərazisində dövlətimizin suverenliyi tam bərpa edildi. Bir məqamı xüsusi qeyd etmək istərdim ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın uzun illərdən sonra ilk olaraq məhz Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması sonradan Azərbaycan Respublikasının AXC-nin varisi kimi təqdim olunması baxımından mühüm rol oynayıb.
İlk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və həmin iclasın keçirildiyi AXC Nazirlər Şurasının binası üzərində qaldırılıb. Bu bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmub. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. Sonralar Ulu Öndər bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.
Bu gün Azərbaycanın Dövlət bayrağının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda dalğalanması xalqımızın birliyinin, dövlətimizin gücünün göstəricisidir. Ümummilli Lider Heydər Əliyev öz tarixi çıxışlarından birində demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.” Belə də oldu. Azərbaycan xalqı öz müqəddəs bayrağı altında və öz müdrik Prezidentinin ətrafında sıx birləşərək üç il bundan öncə Ulu Öndərin ən böyük vəsiyyətinə əməl etdi, Vətən torpaqlarını düşməndən təmizlədi. 30 ilə yaxın müddət ərzində erməni işğalı səbəbindən torpaqlarımızın 20 faizi müqəddəs bayrağımızın həsrətini çəkirdi. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində buna son qoyuldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz cəmi 44 günə işğal altında olan əraziləri düşməndən addım-addım təmizləyərək hər kənddə, hər şəhərdə üçrəngli bayrağımızı ucaltdı. Bu tarixi Qələbə milli birliyimizin, həmrəyliyimizin sayəsində əldə olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2021-ci il yanvarın 15-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Dövlətimizin başçısı həmin gün hərbçilərlə keçirdiyi görüşdə belə demişdir: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”. Möhtərəm dövlət başçımız azad olunmuş bütün ərazilərimizdə Dövlət bayrağını şəxsən dalğalandırmaqla bizim bu torpaqlara qayıdışımızın əbədi olduğunu bir daha bütün dünyaya bəyan etmiş oldu.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024