Mobil versiya
Ali Baş Komandan otuz illik işğala son qoyaraq müqəddəs Bayrağımızı Xankəndidə, Ağdərədə, Xocalıda və Xocavənddə də qaldırdı
Tarix: 04-11-2023 | Saat: 16:36
Bölmə:Siyasət / Özəl | çapa göndər

Ali Baş Komandan otuz illik işğala son qoyaraq müqəddəs Bayrağımızı Xankəndidə, Ağdərədə, Xocalıda və Xocavənddə də qaldırdı

Ulu Öndər Heydər Əliyevin memarı olduğu müasir müstəqil Azərbaycan Respublikasının Şərqin ilk demokratik dövləti olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması qürurverici bir haldır. Ölkə Prezidenti cənab İlham Əliyev bu məqamı xüsusi vurğulayaraq belə demişdir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”. Möhtərəm dövlət başçımızın 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. 2020-ci ilin noyabr ayının 8-də müqəddəs Bayrağımız azad olunmuş Şuşada ucaldıqdan sonra artıq üçüncü ildir ki, Azərbaycan xalqı bu günü xüsusi ruh yüksəkliyi ilə, qalib xalq olaraq qeyd edir. Bu bayramın ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilməsi isə, Bayrağımıza olan xüsusi ehtiramın təcəssümüdür.
Məlum olduğu kimi, Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilərək, həmin iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Bayrağmızın üzərindəki üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Müstəqil Azərbaycanın Dövlət rəmzi kimi üçrəngli Bayrağımızın qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Əlbəttə ki, bu il Azərbaycan xalqı Dövlət bayrağı gününü əvvəlki illərdə, hətta son üç ildə də görünməmiş bir ruh yüksəkiliyi ilə qeyd edir. Bu da təsadüfi deyil. Çünki məhz bu il, sentyabr ayının 19-da keçirdiyi antiterror əməliyyatının nəticəsi olaraq Azərbaycan artıq ölkənin bütün ərazisində öz suverenliyini tam təmin etdi və oktyabr ayının 15-də Ölkə Prezidenti, Silahlı Qüvvələimizin Ali Baş Komandanı cənab İlham Əliyev otuz illik fasilədən sonra Xankəndidə, Ağdərədə, Xocalıda və Xocavənddə müqəddəs bayrağımızı qaldırdı. Bu möhtəşəm gün Azərbaycan tarixinə ən şərəfli günlərdən biri kimi yazıldı.

Lütvəli Şıxəliyev,
YAP Saatlı rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025