Mobil versiya
“Yaşıl inkişaf” ölkəsi
Tarix: 28-10-2023 | Saat: 17:34
Bölmə:Siyasət / Özəl | çapa göndər

“Yaşıl inkişaf” ölkəsi

Bu gün ölkə başçısının birbaşa rəhbərliyi və iradəsi ilə həyata keçirilən mükəmməl xarici siyasət kursu ölkəmizin bütün geopolitik platformalarda yüksək mövqeyini təmin edir. Hazırda Azərbaycanın Avropa üçün mühüm enerji tərəfdaşıdır. Eyni zamanda, ölkəmiz Türk dünyasında, eləcə də İslam aləmində mühüm iqtisadi, üstün siyasi mövqe tutur. Bütün bu uğurların dövlət başçısının balanslaşdırılmış və ölkəmizin maraqlarına hesablanan daxili və xarici siyasətinin mükəmməl vəhdətinin nəticəsi olduğu bəllidir.
“Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” sənədində müəyyən edilmiş beş milli prioritetdən biri təmiz ətraf mühit və “yaşıl inkişaf” ölkəsidir. “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası”nda da bu prioritetlə bağlı konkret vəzifələr öz əksini tapıb. Ölkədə quraşdırılmış gücün bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər ən azı 30%-ə çatdırılması planlaşdırılır. BMT-nin iqlim dəyişikliyi ilə bağlı son iki konfransında qəbul edilmiş könüllü öhdəliklərə uyğun olaraq, digər məsələlərlə yanaşı, biz istixana qazları emissiyalarının 2050-ci ilə kimi 1990-cı ilə nisbətən 40%-ə qədər qədər azaldılmasını və azad edilmiş ərazilərdə sıfır emissiyalı “Yaşıl Enerji Zonası”nın yaradılmasına nail olmağın hədəf seçilməsi birbaşa cənab Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır. Hal-hazırda beynəlxalq enerji şirkətləri – “Masdar”, “ACWA Power” və “bp” ilə ümumi gücü 710 MVt olan külək və günəş enerjisi layihələri həyata keçirilir.
Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.
Tədbirdə çıxış edən ölkə başçısı deyib: “Bu gün biz nisbətən qısa zamanda - təxminən ilyarımdan bir qədər çox müddət ərzində Abşeron yarımadasının bu boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyini görəndə çox qürur duyuruq. Bu, əlamətdar nailiyyətdir. Mən Azərbaycanın inkişafına verdiyi bu möhtəşəm töhfəyə, həmçinin yaşıl enerjiyə keçidlə bağlı ölkəmizə sadiqliyinə görə “Masdar”ı, onun rəhbərliyini təbrik etmək istərdim.
Bu gün qonaqlarımız arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirini, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini görməkdən qürur duyuruq. Bu, tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsidir, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirir. Birincisi, ona görə ki, artıq göstərildiyi kimi, bu, regionda ən böyük günəş elektrik stansiyasıdır və ikincisi, ona görə ki, artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır.”
Azərbaycanla BƏƏ arasında bağlanmış müqavilələrin uğurla davam etdirildiyini qeyd edən ölkəmizin başçısı bildirib ki, qısa zamanda 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasiminin şahidi olacağıq. Ona görə də bugünkü tədbiri Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi hesab edirik.
Ölkəmizdə xarici investisiyanın təşviqi, xarici sərmayədarlar üçün yaradılmış şəraitin əlverişli olduğuna diqqəti çəkən cənab Prezident neft-qaz ixracının davam etdiyini bildirərək indiki dövrdə “yaşıl enerji”yə tələbatın artmasını nəzərə alaraq Azərbaycan bu sahədə çocx böyük layihələr həyata keçirməkdədir. Cənab president deyib: “ Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda bizim iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Lakin, eyni zamanda, biz başa düşürük ki, bizim neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi biz neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır.
Əlbəttə ki, növbəti illərdə biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac edəcəyik. Bu məqsədlə biz bu potensialı yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə çox yaxından işləyirik.”
“Yaşıl” enerjinin, xüsusilə Xəzər dənizinin külək enerjisi və “yaşıl” hidrogenin istehsalı-ixracı, enerji səmərəliliyi və metan emissiyalarının azaldılması üzrə də əməkdaşlığı əhatə edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmizin həyata keçirdiyi layihələr dünyanın təhlükəsizlik sisteminin daha etibarlı şəkildə təmin olunması istiqamətində yeni imkanlar açır. Prezident İlham Əliyevin yürütdüyü enerji siyasəti Azərbaycanın beynəlxalq aləmdə önəmini artırıb və ölkəmizi dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional aktora çevirib.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-05-2024