Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllinə böyük töhfələr verəcək”
Tarix: 28-10-2023 | Saat: 14:13
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllinə böyük töhfələr verəcək”

“Bu gün Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi məqsədilə bir çox önəmli layihələr həyata keçirilməkdədir. Qeyd etmək lazımdır ki, reallaşdırılan bu layihələrdə əsas hədəf heç də ölkənin daixili enerji təhlükəsizliyinin təmin edilməsi deyil. Məsələ bundadır ki, Azərbaycan özü üçün bu məsələni hələ bir neçə il əvvəl həll edib. Bu gün ölkəmiz nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam neftin, neft məhsullarının, təbii qazın, neft-kimya məhsullarının və elektrik enerjisinin qonşu dövlətlərə və Avropaya ixracatçısı kimi çıxış edir. Beləliklə, Azərbaycanın bərpaolunan enerji ilə bağlı dövlət proqramları tamamilə fərqli gündəliyə malikdir. İlk növbədə bu layihələr Azərbaycanın bu sahədə nəhəng potensialı nəzərə alınmaqla, enerji ixracının şaxələndirilməsini nəzərdə tutur. Təbii ki, nəticə etibarı ilə ölkə iqtisadiyyatının yeni, ekoloji təmiz sektorunun yaradılması da əsas hədəflərdəndir. Bu baxımdan 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı imzalanmış müqavilələr, eləcə də Azərbaycan Dövlət Neft Şirkəti ilə “Masdar” şirkəti arasında bu ilin yanvar ayının 15-də imzalanmış “Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində əməkdaşlığa dair anlaşma”, “Bərpa olunan enerji və enerji səmərəliliyi”, “Bərk məişət tullantılarından enerji istehsalı”, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan və təmiz enerji sahələrində əməkdaşlığa dair” anlaşma memorandumları mühüm addım olmuşdur. Bu sahədə dünya liderlərindən olan “Masdar” ilə əməkdaşlıq Azərbaycanın yaxın gələcəkdə yaşıl enerjinin çox mühüm ixracatçısına çevrilməsinə əlverişli zəmin yaradır. Oktyabrın 26-da rəsmi açılış mərasimi keçirilmiş 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi də bu istiqamətdə atılan mühüm addımlardan biridir.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Novruzəli Aslanov səsləndirib.

Fikirlərini davam etdirən deputat həmçinin qeyd edib ki, dünən açılışı olmuş Qaradağ GES-in təməli ötən ilin mart ayında qoyulmuşdur və dövlətimizin dəstəyi sayəsində bu layihə belə qısa müddətdə uğurla başa çatdırılmışdır: “Məlum olduğu kimi, Qaradağ GES-n təməlqoyma mərasimi 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib. İctimaiyyətə təqdim olunan məlumatlardan da aydın olur ki, bu GES Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyanın hasil edəcəyi enerji hesabına hər il 110 milyon kubmetr həcmində təbii qaza qənaət olunacaq və atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Birmənalı olaraq deyə bilərik ki, belə iri həcmdə işlərin rekord qısa müddətə, həm yüksək keyfiyyətlə başa çatdırılması birbaşa Azərbaycan dövlətinin dəstəyi sayəsində mümkün olub. Stansiyanın açılış mərasimində etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev xüsusi olaraq vurğuladı ki, bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin sadəcə birincisidir. Bərpaolunan enerji istehsalı üzrə gələcək əməkdaşlıq planlarının həyata keçirilməsi isə, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycanın yaşıl gündəliyə doğru irəliləyişi məqsədli seçimdir. Bu, təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə böyük töhfədir.”

Daha sonra Novruzəli Aslanov Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud olan münasibətlərdən bəhs edərək bunları deyib: “Azərbaycanın xarici əlaqələrinin dinamik inkişaf etdirilməsi, o cümlədən dost və qardaş müsəlman ölkələri ilə münasibətlərin yeni, strateji səviyyəyə yüksəldilməsi bu gün dövlətin xarici siyasətinin əsas prioritet istiqamətlərindəndir. O cümlədən ölkəmizin Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq münasibətləri yüksək səviyyədə qurulub və hazırda bir bir çox sahələrdə strateji əhəmiyyət daşıyır. Qeyd olunmalıdır ki, xüsusilə 2003-cü ildən sonrakı dövr ərzində ölkələrimiz arasında bir çox əhəmiyyətli sahələri əhatə edən onlarla razılaşma, saziş, anlaşma memorandumu və digər vacib hüquqi sənədlər imzalanmışdır. Qaradağ GES-in açılış mərasimində Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirlə təmsil olunması, həmçinin böyük nümayəndə heyətinin iştirakı ölkələrimiz arasında tərəfdaşlığın və dostluğun yaxşı nümunəsidir. Elə həmin gün Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Biləsuvar və Neftçala rayonlarında Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı və Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqavilələri imzalanıb. Dövlət başçımızın qeyd etdiyi kimi, bu irimiqyaslı layihələri xarici şirkətlər və investorlar üçün cəlbedici edən əsas məqam bu gün ölkəmizdə investisiya mühitinin çox müsbət olması ilə bağlıdır. Azərbaycan uzun illər ərzində özünü etibarlı tərəfdaş kimi təsdiq edərək neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. Bu gün isə qarşıda duran yeni hədəf artıq bərpaolunan enerji sahəsidir və heç bir şübhə yoxdur ki, Azərbaycan bu sahədə də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza atacaq” – deyə, deputat fikirlərini sona çatdırıb.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024