Mobil versiya
Milli mücadilənin qalibi
Tarix: 23-10-2023 | Saat: 09:31
Bölmə:Siyasət / Özəl | çapa göndər

Milli mücadilənin qalibi

15 oktyabr 2003-cü ildən bu günə qədər keçən müddət dövlətimizi və xalqımız üçün, hətta bütün dünya azərbaycanlıları üçün əlamətdar hadisələrlə zəngin olmuşdur. İndi həmin tarixdən 20 il ötür. Milli maraqlara və dəyərlərə söykənərək istər xarici, istərsə də daxili siyasətdə öz imzasını yazıb möhürünü vuraraq ölkəmizin inkişafında müstəsna xidmətləri olan, Azərbaycanın dünya miqyasında tanıdılmasında böyük səylər göstərən Cənab Prezidentimiz dövlətimizin güclənməsi, xalqımızın rifahı üçün yorulmadan çalışır. Böyük tarixi naliyyətlər də məhz o gündən başlayır. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu, bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.
Bu gün dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etdi. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı.
Oktyabrın 15-də tarixi torpaqlarımız olan Xankəndi, Xocalı və əsgəranda üçrəngli Azərbaycan bayrağını göylərə qaldıran Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 20 illik hakimiyyətinin hesabatını verdi. Bu illər ərzində onun keçdiyi yol, apardığı siyasət bir örnək, bir məktəb oldu. Vətən göylərinə ucalan bayrağımız onun əlləri ilə Xankəndi səmasında dalğalandı. 20 il ərzində ata vəsiyyətini, doğma xalqına verdiyi vədi yerinə yetirən cənab Prezident 17 il hazırlaşdı, 3 il savaşdı və 200 illik milli mücadilənin qalib sərkərdəsi kimi tarix yazıb tarixləşdi. Heç bir mükafat ummadan, fəxr və fəxarətlə xalqa xidmətin nümunəsi olaraq özü də bir tarix olan insan ömrü yaşamağın fəxri ilə xalqına üz tutdu: “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.”
Azıərbaycan xalqının inamını, etibarını layiqincə yerinə yetirdiyini deyən cənab Prezident bundan sonra da xalqa xidmətin nümunəsi olaraq qalacaq, milli mücadiləmizin bayraqdarı kimi fəaliyyətini davam etdirəcəkdir. “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.”
Bəli, zaman hər kəsin qiymətini vaxtında və layiqincə verir. Dünənə qədər Xankəndidə “at oynadanlar” bu gün layiq olduqları qiyməti gözləyirlər. “Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandırmış üç təlxək bax, burada oturub bizə meydan oxuyurdu, bizi hədələyirdi, bizi təhqir edirdi. Biz isə təmkinlə hər şeyə yanaşdığımız kimi, bu məsələyə də təmkinlə və səbirlə yanaşırdıq. Çünki bilirdik ki, biz buraya gələcəyik. Mən bunu bilirdim. Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik.”
Bu gün Azərbaycan azad və hürdür. Yüz illər boyunca bu azadlığa və hürriyyətə can atan bir xalq nəhayət ki, sözün tam mənasında öz gələcəyinin sahibidir. Bütün bunlar Azərbaycan xalqının heç zaman yaddaşlardan silinməyəcək tarixi qələbələridir. Amma bu qələbələri mümkün edən ən böyük qələbə - xalqın müdrik seçimi idi. Xalq müdrik bir seçim etmişdi – İlham Əliyev seçimi. Məhz Prezident İlham Əliyev ən böyük tarixi qələbələrə Azərbaycan xalqının imzasını atdı, xalqın qürur və ləyaqətini özünə qaytardı.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025