Mobil versiya
Qətiyyətli mövqe
Tarix: 18-10-2023 | Saat: 15:25
Bölmə:Siyasət / Özəl | çapa göndər

Qətiyyətli mövqe

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərək mövcud vəziyyət, Azərbaycanın mövqeyi barədə geniş çıxış etmişdir. Ölkəmizin başçısı Azərbaycan-Ermənistan münasibətlərində gərginliyin, münaqişənin tarixinə toxunaraq hələ 200 il əvvəl mövcud olmayan bir dövlətin, bir qurumun sonradan iddialarla çıxış etməsinin kökündə dayanan səbəblər haqqında ətraflı məlumat vermişdir.
Cənab Prezident qeyd etmişdir ki, Azərbaycanda Dağlıq Qarabağ adlı bir dövlət, bir qurum olmamışdır. 1805-ci ildə Rusiya imperiyası tərəfindən ilhaq olunan Qarabağ xanlığı şimalda mövcud olan xanlıqlardan-feodal dövlətlərindən biri idi və Qarabağ xanlığında yaşayanlar da, onun xanı İbrahimxəlil xan da Azərbaycan türkü olmuşdur. Daha sonra Cənubi Qafqazın sovetləşdirilməsindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması isə regionda demoqrafik vəziyyətin dəyişməsi ilə bağlı olduğunu qeyd edən cənab İlham Əliyev SSRİ dağılan ərəfədə baş verən prosesləri xatırladıb.
Cənab Prezident deyib: “Sovet İttifaqının süqutundan sonra açıq təcavüz və Azərbaycan torpaqlarının işğalı ilə davam etdi. Nəticədə Azərbaycan ərazisinin təxminən 20 faizi – həm Qarabağ bölgəsi, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, həm də həmin muxtar quruma heç bir aidiyyəti olmayan yeddi rayon işğal edildi. Etnik təmizləmə həyata keçirildi, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından qovuldu və 2020-ci ilin payızına qədər vəziyyət belə olaraq qaldı. Azərbaycan bütün vasitələrlə məsələni sülh yolu ilə həll etməyə çalışdı. Biz ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak etdik. Yeri gəlmişkən, bu münaqişənin nizama salınmaması bir daha göstərir ki, ATƏT-də böyük dəyişiklik olmalıdır.”
2004-cü ildən başlayaraq münaqişənin nizamlanması prosesində bilavasitə iştirak etdiyini xatırladan cənab İlham Əliyev bildirib ki, bu müddətdə aparılan danışıqlar səmərəsiz olsa da ümid vardı. Lakin Ermənsitan Respublikasının baş naziri “Qarabağ Ermənistandır və nöqtə” deyərək bu ümidləri boşa çıxardı. Bundan sonra azərbaycanın yeganə çıxış yolu qalırdı və biz sonuncu variant olaraq silahlı yolla problemin həllinə başlamağa məcbur olduq. Ermənsitanın baş nazirinin bu iddiasını şərh edən ölkə basçısı bildirib: “Onu demək lazımdır ki, bu, suveren Azərbaycan dövlətinə qarşı açıq ərazi iddiası idi, çünki dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan qondarma “Dağlıq Qarabağ respublikasını” tanımırdı. Yəni, erməni rəhbərliyinin bu təxribatçı, düşünülməmiş, deyərdim ki, aydın olduğu kimi, özünə qarşı sui-qəsdçi addımı və digər, o cümlədən hərbi xarakterli təxribat fəaliyyətləri, 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasına gətirib çıxardı. Rusiya Federasiyasının və şəxsən Prezident Vladimir Vladimiroviç Putinin vasitəçiliyi ilə 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə keçmiş Dağlıq Qarabağ regionunun ətrafındakı rayonların hələ də işğal altında olan ərazilərinin də Azərbaycana qaytarılmasını, regiona isə Rusiya sülhməramlı kontingentinin yeridilməsini nəzərdə tutan üçtərəfli Bəyanat imzalandı.”
Lakin bundan sonra da Ermənistanın öz iddialarından əl çəkməməsi, Bəyanatın ən vacib müddəlarından olan bütün Ermənistan silahlı birləşmələrinin Qarabağ regionundan çıxarılması tələbinin yerinə yetirilməməsi, mina terroru getdikcə daha çox qurbanlara səbəb olmağa başladı.
Azərbaycan dövlətin antiterror əməliyyatına başlamasının da kökündə bu amillərin dayandığını qeyd edən cənab İlham Əliyev demişdir: “Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edirdi. Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı.”
Cəmi 24 saat davam edən antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etdik. Bu əməliyyat zamanı bir dənə də olsun mülki obyektə və mülki şəxsə ziyan dəymədi. Silahlı terrorçular silahı yerə qoymaqla bərabər Azərbaycan ərazisini tək edərək getdilər. Lakin mülki əhalinin ziyan çəkməməsinə baxmayaraq kimlərinsə təkidi ilə ərazini tərk etdilər. “Bununla belə, Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər. Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir”-deyə diqqətə çatdıran cənab Prezident Fransanın bu sahədə canfəşanlıq etdiyini xatırladaraq onun vasitəçilik etməsinin absurd olduğunu qeyd etdi: “Fransa Prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub. Necə deyərlər, öz gözündə tiri görməyib başqasının gözündə tük axtarmaq lazım deyil. Fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib. Bu, soyqırımıdır. Hələ Fransanın Afrikada, Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlərini demirəm. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Azərbaycan və şəxsən mənim tərəfimdən bu məsələ Qoşulmama Hərəkatının sədri kimi dəfələrlə Qoşulmama Hərəkatının sammitlərində qaldırılıb və qanlı müstəmləkə keçmişi olan və hətta bu gün bəzi Afrika ölkələrinin nə qədər səy göstərsələr də, xilas ola bilmədikləri bu ölkə bizi beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu, absurddur.”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışının sonunda bir daha vurğuladı ki, biz sülh prosesindən geri çəkilməyəcəyik. Sadəcə regionda müharibə əhval-ruhiyyəsini qızışdırmaq istəyən qüvvələrin təlimatına uymaqdansa, həqiqi sülh istəyində olan Ermənistan lazımdır. Əgər Ermənistan bu prosesdən yayınarsa ilk öncə zərər çəkən də özü olacaqdır.

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025