Mobil versiya
“İşğaldan əvvəlki Füzuli rayonu”
Tarix: 18-10-2023 | Saat: 10:23
Bölmə:Özəl | çapa göndər

“İşğaldan əvvəlki Füzuli rayonu”

Füzuli Azərbaycanın qədim və əhəmiyyətli bölgələrindən biridir. Əvvəlcə bu yerin adı Qarabulaq adlandırılıbdır. Təbii ki, burada bol sulu çayların olması bu adın verilməsinə səbəb olubdur. “Qara” sözü rəng mənasında yox, böyük mənasında işlədilibdir. Bədnam qonşuların-insanlıq tarixinə ləkə olan ermənilərin müdaxiləsi nəticəsində bəzi tarixi yer adlarımız da öz mənasını itirib. Sonralar bu qədim torpağımızın adı dəyişdirilərək Qaryagin olubdur. O Qaryagin ki, Sisianov kimi türklərə qənim kəsilən bir şovinist idi. Lakin haqq-ədalət öz yerini gec-tez tapır. 1959-cu ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə bu rayonu Füzuli adlandırırlar. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqanrayonları və Araz çayı boyunca İranlahəmsərhəddir.
Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.2020-ci ilə qədər rayonun 1993-94-cü illərdə işğaldan azad olunmuş ərazilərində 13 qəsəbə və 24 kənd mövcud olub. Qəsəbələrdən 12-si ("Qayıdış" qəsəbələri) ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. 2021-ə qədər ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.
Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılıb, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilib. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal-Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. məsafədə yerləşən Azıx mağarasında tapılıb. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.
Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb etmişdir. Füzuli əməliyyatı ilə tarixi, qədim yaşayış məskənimiz azad olundu, on minlərlə insanın o yerlərə qayıtması təmin edildi. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir.

Aidə Məhərrəmova,
ADPU.YAP üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025