Mobil versiya
Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığı
Tarix: 18-10-2023 | Saat: 10:17
Bölmə:Özəl | çapa göndər

Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığı

Füzuli rayonu doğma Azərbaycanımızın qədim tarixə, zəngin infrastruktur və tarixi abidələrə malik olan bölgələrindəndir. Əsası 1827-ci ildə qoyulan Füzulinin ilkin adı yerləşdiyi yaşayış məskəninə uyğun olaraq Qarabulaq adlandırılmışdır. 1930-cu ildə  rayon təşkil olunmuş və  Qarabulaq adı  Qaryagin adı ilə əvəz olunmuşdur. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Erməni işğalından əvvəl  Füzuli rayonunda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur.
23 avqust 1993-cü il tarixində Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin əmri ilə 1993-cü ilin dekabr ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əks hücum əməliyyatı baş tutdu. “Horadiz əməliyyatı” adı ilə tarixə düşən döyüşlər  5 yanvar 1994-cü ildə qələbə ilə başa çatdı. Döyüş əməliyyatları nəticəsində rayonun 22 yaşayış məntəqəsi və strateji əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad olundu.
Hazırda  işğalçılardan təmizlənmiş həmin ərazilərdə  65962 füzulili doğma yurd-yuvalarında yaşayır və fəaliyyət göstərir.  Rayon əhalisinin qalan hissəsi isə məcburi köçkün olaraq Bakıda, Sumqayıtda və Azərbaycanın digər şəhər və rayonlarında məskunlaşmışdır. Erməni  silahlı qüvvələri ilə mübarizədə  füzulilər də qəhrəmanlıqla döyüşmüş, xeyli şəhid və itki vermişdir. Rayon sakinlərindən  400 nəfər əlil, 657 nəfər şəhid olmuş, 181 nəfər əsir və itkin düşmüşdür. Təhrik olunduğumuz bu silahlı münaqişələrdə göstərdiyi qəhrəmanlığa görə 8 nəfər füzulili Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Ordumuz güvənc yerimiz, milli qürurumuzdur. Vətən adlı əmanətin keşikçisi, arxamız, dayağımızdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ərazi bütövlüyümüzün bərpası uğrunda başlanan Vətən müharibəsi Cənab Prezidentimiz,  Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, sərkərdəlik bacarığını,  tarix yazan şanlı Azərbaycan Ordusunun mütəşəkkilliyini, hərbi hazırlığını və döyüş əzmini  bütün dünyaya göstərdi.  44 günlük Vətən müharibəsinin ilk günündən bir-birinin ardınca yaşayış məntəqələrinin, kənd və şəhərlərin azad olunması ilə nəticələnən döyüş əməliyyatları arasında Füzuli əməliyyatı öz mühüm əhəmiyyəti ilə seçildi.  Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.
Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri.
Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin, bu mühüm qələbədə payı olanların şücaət və vətənpərvərliyi diqqətdən kənarda qalmamış,  dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə  “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Fatimə Talıbzadə Astan,
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025