Mobil versiya
Təranə Rəcəbli: “Xalqın və dövlətin gələcəyi baxımından həyati əhəmiyyət kəsb edən 2003-cü ilin Prezident seçkilərindən düz 20 il sonra Ali Baş Komandan növbəti dəfə tarix yazdı”
Tarix: 17-10-2023 | Saat: 17:58
Bölmə:Siyasət / Özəl / Manşet | çapa göndər

Təranə Rəcəbli: “Xalqın və dövlətin gələcəyi baxımından həyati əhəmiyyət kəsb edən 2003-cü ilin Prezident seçkilərindən düz 20 il sonra Ali Baş Komandan növbəti dəfə tarix yazdı”

“Azərbaycan xalqı 2003-cü ilin oktyabr ayının 15-də ölkəmizdə keçirilmiş prezident seçkilərində öz səsini respublikamızda Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə verdi və Ulu Öndərin siyasi varisinə etimad göstərərək cənab İlham Əliyevi Prezident seçdi. Bu münasibətlə xalqa müraciət edən möhtərəm dövlət başçımız söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Xalqın və dövlətin gələcəyinin müəyyənləşdirilməsi baxımından həyati əhəmiyyət kəsb edən bu əlamətdar gündən düz 20 il sonra, 2023-cü ilin 15 oktyabrında Azərbaycan Prezidenti növbəti dəfə tarix yazdı. Həmin gün Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ağdərə, Xankəndi, Xocavənd və Xocalı şəhərlərində müqəddəs üçrəngli bayrağımızı şəxsən özü qaldırdı. Ötən illər ərzində verdiyi vədlərin istisnasız olaraq hamısına əməl edən cənab Prezident İlham Əliyev bu vəzifəyə seçildiyi ilk gündən Azərbaycan Bayrağını o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərimizdə qaldırılmasını qarşına bir nömrəli vəzifə qoymuşdu. Azərbaycan xalqı da bütün bu iyirmi ili öz Prezidentinin ətrafında getdikcə daha sıx birləşərək bu müqəddəs məqsədinə doğru inamla irəliləyirdi. Bu illər ərzində dövlət başçımızın müdrik siyasəti və unikal strategiyası sayəsində Azərbaycan ilk növbədə öz iqtisadiyyatını gücləndirdi və ordu quruculuğu işini tamamilə yeni bir mərhələyə çıxardı. Çünki, möhtərəm Prezidentimizin oktyabrın 15-də xalqa ünvanlanmış müraciətində də qeyd etdiyi kimi, əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordun olmalıdır. Həmçinin ötən dövr ərzində uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq statusu sürətlə artmağa başladı. Ölkəmiz dünya miqyasında özünə layiq yerini tuta bildi. Bu gün isə, Azərbaycanın mövqeyi, dövlətimizin verdiyi qərarlar və atdığı addımlar kifayət qədər böyük coğrafiyada xüsusi önəm kəsb edir. Əminliklə deyə bilərik ki, bu gün artıq dünyada Azərbaycanla hesablaşırlar.”

Bu sözləri mətbuata verdiyi müsahibəsində Sumqayıt Perinatal Mərkəzin baş həkimi, YAP Sumqayıt şəhər təşkilatının üzvü, əməkdar həkim Təranə Rəcəbli deyib.

Həmçinin müsahibimiz Azərbaycan Ordusunun öz qüdrətini, öz şücaətini və peşəkarlığını son üç il ərzində artıq bir neçə dəfə döyüş meydanlarında nümayiş etdirmək imkanına malik olduğunu qeyd edib: “İstər 2020-ci ildə II Qarabağ savaşına başlayarkən, istərsə də keçən ay antiterror tədbiri həyata keçirərkən Azərbaycan faktiki olaraq bu addımları atmağa məcbur edilmişdi. Çünki, Ermənistan xarici havadarlarının dəstəyi ilə zəbt etdiyi torpaqların bir qarışını belə geri qaytarmaq niyyətində olmadığını artıq dəfələrlə nümayiş etdirmişdi. Həmçinin, bu məsələ ilə məşğul olmuş vasitəçilər də faktiki olaraq münaqişənin həllinə yox, onun dondurulmasına çalışır, münaqişəni əbədi etmək istəyirdilər. Buna görə də ilk növbədə Azərbaycan 2020-ilin sentyabr ayının 27-də sonradan Vətən müharibəsinə çevrilmiş əks-hücum əməliyyatlarına başladı. Vətən müharibəsi cəmi 44 gün çəkdi. Şanlı Ordumuz Şuşanı azad edəndən sonra düşmən təslim oldu və kapitulyasiya aktını imzaladı. Eynilə bu il sentyabrın 19-da da Azərbaycan Ermənistanın növbəti təxribatlarına, eləcə də ölkə ərazisində separatizmin qalıqlarına son qoymaq məqsədilə antiterror tədbiri keçirməyə məcbur oldu. Cəmi 23 saat davam edən antiterror əməliyyatı dövlətimizin və ordumuzun gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bu gün isə, bir vaxtlar torpaqlarımızda yaratdıqları qondarma rejimin marionet liderləri Bakıda təcridxanada oturub öz aqibətlərinin necə olacağı barədə düşünürlər. Onların paytaxtımıza qədər sürüb gələcəklərilə xalqımızı təhdid etdikləri tankları isə, artıq neçə müddətdir ki, Hərbi Qənimətlər Parkının ekspozisiyasında öz layiqli yerlərini tutublar. Bütün bunlara görə də biz hamımız, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. İyirmi il ərzində Azərbaycanda elə bir gənc nəsil yetişmişdir ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idilər və bunu qürurla edirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq.”

Öz fikirlərini davam etdirən T.Rəcəbli Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə Ulu Öndərimizin ən böyük vəsiyyətinə əməl olunduğunu vurğulayaraq bunları deyib: “Azərbaycan xalqının öz xilaskar oğlu və Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə ən böyük töhfəsi ölkəmizin bütün ərazisində suverenliyinin tam bərpa edilməsi oldu. Çünki Ulu Öndərimizin xalqa və öz siyasi varisi cənab İlham Əliyevə ən böyük vəsiyyəti torpaqlarımızın işğaldan azad olunması idi. 1987-ci ildə Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılmasından iki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan alınaraq Ermənistana verilsin. Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il dövlətimiz və xalqımız üçün ən faciəvi, böhranlı və utancverici illər kimi tarixdə qaldı. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini qorudu. Ulu Öndər Heydər Əliyevin dühası Azərbaycan xalqının yardımına yetişdi və xalqımız haqlı olaraq Ulu Öndəri Xilaskar adlandırır. Dövlət başçımızın xalqa müraciətində qeyd etdiyi kimi, Ulu Öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək böyük rəmzi məna daşıyır. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub. Bu gün bizim Bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər”, - deyə Təranə Rəcəbli fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025