Mobil versiya
Azərbaycan xalqı 2003-cü ildə Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevi Ölkə Prezidenti seçməklə, Heydər Əliyev siyasi kursuna səs verdi
Tarix: 14-10-2023 | Saat: 22:46
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan xalqı 2003-cü ildə Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevi Ölkə Prezidenti seçməklə, Heydər Əliyev siyasi kursuna səs verdi

2003-cü ilin 15 oktyabr tarixi müstəqil Azərbaycan Respublikası üçün fövqəladə əhəmiyyət kəsb edən gündür. Həmin gün Azərbaycan xalqı ölkənin bundan sonra hansı yolla gedəcəyinə dair qəti qərar verməli idi. Bu qərardan asılı olaraq ölkəmiz ya Heydər Əliyev siyasi kursu ilə yeni zəfərlərə doğru irəliləyişini davam edəcəkdi, ya da Azərbaycan yenidən təhlükələr və fəlakətlərlə üz-üzə qalacaqdı. Əlbəttə ki, Azərbaycan xalqı bu dəfə də öz müdrikliyini göstərərək ən düzgün qərarı qəbul etdi. Həmin tarixdə keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu Ulu Öndərin siyasi varisi və layiqli davamçısı cənab İlham Əliyevi Ölkə Prezidenti seçməklə, Heydər Əliyevin siyasi kursuna səs verdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən Azərbaycan xalqı Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Bununla da xalqımız sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə heç bir alternativin olmadığını göstərdi.

Həmin tarixi gündən ötən dövrün hər saatı, hər anı və əlbəttə ki, bu gün yaşadığımız möhtəşəm reallıqlar Azərbaycan xalqının 2003-cü ildə ən doğru seçim etdiyini ən əyani şəkildə təsdiq edir. Birmənalı olaraq demək lazımdır ki, ötən 20 il ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanıb, Heydər Əliyev siyasəti uğurla davam etdirilib. Ölkəmiz bütün sahələrdə çox böyük uğurlara imza atıb. Beynəlxalq əlaqələr genişlənib, Azərbaycan dünya dövlətləri sırasında böyük rəğbətə və nüfuza, əlverişli və getdikcə daha da möhkəmlənən mövqelərə malik olan bir ölkəyə çevrilib. Ölkəmizin ikitərəfli əlaqələri getdikcə inkişaf edir, dünyada dostlarımızın sayı getdikcə artır. Bir həqiqətdir ki, bu gün üzv olduğu bütün mötəbər beynəlxalq təşkilatlarda Azərbaycanın sözünün böyük çəkisi vardır.

Təbii ki, bu nailiyyətlər bir tərəfdən lider-xalq birliyi, xalqın öz qətiyyətli, milli maraqlara, müasir çağırışlara adekvat siyasət yürüdən, istənilən məqamda dövlətin strateji mənafelərini üstün tutan Prezidentini birmənalı və qəti olaraq dəstəkləməsi, digər tərəfdən də Ölkə Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, şəxsi nüfuzu sayəsində və həyata keçirdiyi praqmatik siyasət nəticəsində əldə olunmuşdur. Məhz bu siyasətin nəticəsi olaraq bu gün Azərbaycan mühüm beynəlxalq layihələrin ən etibarlı və əsas iştirakçılarından birinə, bir çox hallarda isə həm də təşəbbüskarına çevrilib.

Cənab İlham Əliyevin Prezidentliyinin ilk ilindən etibarən ölkəmizdə dayanıqlı inkişafa nail olmaq üçün məqsədyönlü addımlar atılmışdır. Əlbəttə ki, dövlət başçımızın xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən bu gün Azərbaycanda müşahidə olunan demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə edilmiş yüksək nailiyyətlər xüsusi olaraq vurğulanmalıdır. Möhtərəm Prezidentimizin təşəbbüsləri ilə demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi bu gün Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə demokratik cəmiyyətin davamlı inkişafından xəbər verir.

Azərbaycanda siyasi plüralizmin inkişafına dövlət tərəfindən daim xüsusi dəstək göstərilir. Qərargahı olmayan 25 siyasi partiya üçün müvafiq yerlər ayrılması, habelə vaxtı ötürülmüş qurultaylarının keçirilməsi üçün şəraitin yaradılması da bu istiqamətdə atılan əhəmiyyətli addımlardan olmuşdur. Ötən müddət ərzində 32 siyasi partiya qurultaylarını keçirmiş və nəticələri dövlət qeydiyyatına alınmaqla bu partiyaların fəaliyyətində legitimlik təmin edilmişdir. Həmçinin uzun fasilədən sonra 11 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması təmin edilmişdir. Siyasi partiyaların fəaliyyətinin stimullaşdırılması istiqamətində görülmüş işlər kontekstində müxtəlif media qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması da mühüm əhəmiyyət kəsb edir.

Ölkənin həyatında baş vermiş mühüm hadisələr ilə bağlı siyasi partiyalar tərəfindən birgə bəyanatların verilməsi və işğaldan azad olunmuş ərazilərə iqtidar-müxalifət partiyalarının birgə səfərlərinin təşkili Azərbaycanda yaşanan həmrəylik mühitinin təcəssümüdür. Birgə bəyanatların verilməsi təcrübəsi milli həmrəyliyə, habelə sağlam əməkdaşlıq ənənələrinin zənginləşməsinə xidmət edir. Qeyd olunmalıdır ki, görülmüş işlər və aparılan islahatlar sayəsində bu gün Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir. 760 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir.

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə xalqımızın çoxəsrlik şanlı tarixinin ən böyük və ən şərəfli hadisəsidir. Məlumdur ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsi istiqamətində ilk mühüm addımlar Ümummilli Lider Heydər Əliyev tərəfindən atılmışdır. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin başçısı kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Qarabağın xalqımıza məxsus olduğunu bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, əks halda isə müharibə yolunun da mümkünlüyünü vurğulamışdır. Həmçinin Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaratmış və silahlı qüvvələrimizin peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təchiz edilməsi istiqamətində əhəmiyyətli addımlar atmışdır. 1994-cü ildə isə düşməni atəşkəs barədə razılaşmanı imzalamağa məcbur etmək məqsədilə Azərbaycan Ordusunun uğurla keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altında olan rayon və bölgələrimizdə çox sayda yaşayış məntəqələri düşməndən geri alınmışdır. Lakin bütün bunlarla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tarixi missiyansını məhz Ali Baş Komandan cənab İlham Əliyev həyata keçirdi. Məhz 2003-2020-ci illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirdi və 44 günlük Vətən müharibəsində tarixi Qələbənin qazanılmasına güclü zəmin yaratdı. Ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında təmin etməsini şərtləndirdi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun rəşadəti nəticəsində tarixi Zəfərlə sona çatdı. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğalına son qoyduğu kimi, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini yaratmaqla ölkənin ərazi bütövlüyünü, sentyabrın 19-da isə bütün ərazisində suverenliyini tam bərpa etdi.

Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərində möhtəşəm bərpa-quruculuq işləri aparır və Böyük qayıdış proqramını uğurla həyata keçirir. Cənab Prezident İlham Əliyevin uğurla inkişaf və davam etdirdiyi Heydər Əliyev siyasi kursu ölkəmizi və xalqımızı daha böyük nailiyyətlərə, parlaq qələbələrə doğru inamla aparır.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024