Mobil versiya
14 oktyabr İbrahim Ruhkabzadənin doğum günüdür
Tarix: 14-10-2023 | Saat: 12:05
Bölmə:Özəl | çapa göndər

14 oktyabr İbrahim   Ruhkabzadənin doğum günüdür

Vətən sevgisinin şəhidlik zirvəsi

Vətən və millət yolunda canından keçənlərin ömür yolu nə qədər qısa olsa da, onlar səmada parlaq günəşə çevrilməklə əbədi bir ömür qazanıblar. Odur ki, indi harada bir saflıq, sədaqət, qeyrət, əzəmət, halal sevgi hiss olunur şəhidlərin sorağı oradan gəlir. Və Azərbaycan var olduqca, qərinələr keçdikcə şəhid adını daşıyan hər bir igidin saçdığı işiq daha gur yanacaq. Bu gün müqəddəs ruhu Vətənin göylərində, ən uca zirvələrdə dolaşan, adı dillərdə dastana dönən belə mərd igidlərdən biri də İbrahim Rasif oğlu Ruhkabzadədir. Masallı rayonunun Boradigah qəsəbəsində anadan olan İbrahimin ömür yolu cəmi 20 il oldu. Qaldı ki, Vətəninə sonsuz məhəbbəti ona əbədi bir həyat qazandırdı. Vətəndaşı olduğu dövlət də öz igid oğlunun ağır müharibə meydanında göstərdiyi şücaətini “Cəsur döyüşçü”, “ Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə”, Kəlbəcərin, Xocavəndin azadlığı uğrunda medallarla dəyərləndirdi.
Bəli, Tanrının bəxş etdiyi ömrü Vətən yolunda qurban verməyi özünə şərəf bilən İbrahim Ruhkabzadə 2019-cu ildə yağı düşməndən qisas almaq amalı ilə ordu sıralarına yola düşür. Azərbaycanın müqəddəs bir parçası olan Qarabağın azadlığı üçün hər an canından keçməyə hazır olan Masallının igid oğlu İbrahimin əsgərlik həyatı cəbhə bölgəsində başlayır. Xidmət zamanı fəallığı, nizam-intizamı onu başqa əsgərlərdən fərqləndirir. Komandirlərin verdiyi tapşırıqları vaxtında, dəqiq yerinə yetirir, təlimlərdə həmişə uğur qazanır. İbrahimin cəsurluğunu, çevikliyini görüb onu Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil edirlər. Cəbhə xəttində aldığı tapşırıqlar zamanı bir neçə dəfə yağı düşmənlə üz-üzə gəlir, onlara yaxşı də dərs verir. Və əsgər yoldaşlarına dediyi belə olur: “ Canına yağı dadanmış yurd yerlərimiz öz qeyrətli oğullarda kömək istəyir. Biz düşmənin ilan başını əzməyə hər hazır durmalıyıq.”

Bəli, sentyabrın 27-də Vətən müharibəsində İbrahimin döyüş yolu Qarabağın qaynar bölgələrindən keçir. Dəfələrlə ağır savaşlardan üzüağ çıxır. İbrahim Cəbrayıl şəhərinə ilk ayaq basanlardan olur. Üz-üzə gəldiyi erməni dığalarını məhv etdikdən sonra yoldaşlarını da ardınca aparır. Döyüşdən-döyüşə bərkiyən igid əsgər Kəlbəcər, Füzuli rayonlarında çoxlu sayda düşmən yaraqlısını məhv edir. 18 oktyabr Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan gülləyə tuş gələn İbrahimin son sözü də “Vətən “ olur. ..
İndi İbrahimin adı xalqın dilində qəhrəmanlıq simvolu kimi səslənir. Əsl qəhrəman ömrü yaşayan Masallının igid oğlu öz şərəfli ölümü ilə bir daha sübut etdi ki, Vətən sevgisi hər şeydən ucadır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə