Mobil versiya
Yaxın qonşu, etibarlı tərəfdaş
Tarix: 13-10-2023 | Saat: 12:30
Bölmə:Özəl / Siyasət | çapa göndər

Yaxın qonşu, etibarlı tərəfdaş

Bu gün dövlətimiz etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun aparıcı ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın qonşu dövlətlərlə dostluq əlaqələri daim nümunə olmuşdur. Ölkəmizin bir çox layihələrdə ortaqlıq etdiyi qonşularından biri də Gürcüstandır. İki dövlət arasındakı əlaqələr möhkəm təməllər üzərində qurulmuş, Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər əməkdaşlığı yeni mərhələlərə daşımışdır.
Bu əməkdaşlığın təməlini isə ümummilli lider Heydər Əliyev qoymuşdur. Bu gün Gürcüstanda ulu öndər Heydər Əliyevin xatirəsi hörmətlə yad edilir.
Oktyabrın 8-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işgüzar səfərdə olmuş və mətbuata Bəyanatla çıxış etmişdir. Ölkəmizin başçısı ulu öndər Heydər əliyevin 100 illik yubileyinin qeyd edilməsinə, onun xatirəsinin əziz tutulmasına görə təşəkkürünü bildirmiş, ulu öndərinin 100 illiyinə həsr edilmiş sərgiyə baxmışdır. Cənab prezident demişdir: “ Ulu Öndər Heydər Əliyevin xatirəsinə Gürcüstan hökuməti və xalqı tərəfindən göstərilən hörmətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Qeyd olunduğu kimi, bu il ilboyu Azərbaycanda, bir çox ölkələrdə, o cümlədən Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd edilir. Bu gün burada nümayiş etdirilən sərgidə bir şəkil diqqətimizi daha çox cəlb etdi, Heydər Əliyev və Eduard Şevardnadzenin şəklidir. Onların dostluğunun çox böyük tarixçəsi var. Sovet dövründə onlar bir-birilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Xalqlarımız üçün ən ağır dövrdə, - o acı və ağrılı günləri biz xatırlayırıq, - məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.”
Azərbaycan-Gürcüstan əlaqələrinin qədim tarixə malik olduğunu qeyd edən cənab İlham Əliyev bildirmişdir ki, “həm enerji, həm nəqliyyat sahəsində çox böyük planlarımız var, əlbəttə ki, böyük uğurlarımız var. Həyata keçirilmiş layihələr haqqında danışmaq, hesab edirəm ki, əbəsdir, bunu hər kəs bilir. Sadəcə olaraq onu demək istəyirəm ki, bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir.”
Qeyd edək ki, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər bir sıra siyasi məsələlərdə də özünü göstərir. Məlumdur ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü məhz hərbi gücünün hesabına bərpa etdiyi dövrdə bir sıra dövlətlər ölkəmizə dəstəyini nümayiş etdirmişdir. Belə ki, İkinci Qarabağ müharibəsi zamanı Gürcüstanın Azərbaycanın yanında olması, xain Ermənistana silah daşınmasında tranzit ölkə olmaqdan imtina etməsi Gürcüstanın qonşuluq vəzifəsini yüksək səviyyədə icrasından xəbər verir. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini rəsmi şəkildə bəyan etmişdir.
Gürcüstanla ölkəmiz arasındakı münasibətlər mükəmməl hüquqi bazaya malik olmaqla yanaşı, siyasi, iqtisadi və sosial-humanitar sahələri də özündə birləşdirir. Gürcüstan, həmçinin regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.
Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlıq adlandıran ölkəmizin başçısı demişdir: “Mən Gürcüstana tez-tez gəlirəm və hər dəfə gələndə Gürcüstanın yeni bir guşəsi ilə tanış oluram. Hər dəfə həm Gürcüstanın gözəl təbiətinə bir daha heyran oluram, eyni zamanda, Gürcüstanda gedən tərəqqi prosesinə də çox böyük maraqla baxıram və sevinirəm. Cənab Baş nazirin rəhbərliyi ilə Gürcüstan inamla inkişaf edir, Gürcüstanda ictimai-siyasi sabitlik tam bərqərar olunub. Bu sabitliyin mənbəyi Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyidir. Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, imkan verir ki, həm iqtisadiyyat artsın, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın. Biz Gürcüstanın dostu kimi buna ürəkdən sevinirik.”

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025