Mobil versiya
15 OKTYABR 2003-CÜ İL - XALQIN İRADƏSİNİN VƏ İSTƏYİNİN REALLAŞDIĞI GÜN!
Tarix: 10-10-2023 | Saat: 17:33
Bölmə:Özəl | çapa göndər

15 OKTYABR 2003-CÜ İL - XALQIN İRADƏSİNİN VƏ İSTƏYİNİN REALLAŞDIĞI GÜN!

2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib. 2003-cü il oktyabrın 1-də Prezident Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərək bildirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Əlbəttə ki, bu inam Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu.
Hələ Prezident seçkiləri ərəfəsində - 2003-cü il avqustun 15-də prezidentliyə namizəd, Baş nazir İlham Əliyev ABŞ-ın Assoşieyted Press agentliyinin müxbirinə müsahibəsində demişdi: “Ölkəmizin əksər vətəndaşları üçün də ən başlıcası indiki siyasətin davam etdirilməsi, indiki vəziyyətin qorunub saxlanmasıdır. Əgər bu gün məni bunun üçün lazımlı adam hesab edirlərsə, bu məsuliyyəti üzərimə götürməyə hazıram”. Bu əminliyin arxasında Heydər Əliyev məktəbinin verdiyi güc, siyasi səriştə, möhkəm iradə və xalqın Ümummilli Liderin siyasətinə və ona inamı dayanırdı. Cənab Prezident İlham Əliyev həm də ölkə, xalq qarşısındakı xidmətləri ilə özünütəsdiq etmiş praqmatik siyasətçi idi və bilirdi ki, yalnız Heydər Əliyev strategiyasını həyata keçirməklə, onun qoyduğu siyasi yolu davam etdirməklə Azərbaycanı güclü dövlətə çevirmək mümkündür. ABŞ-ın Assoşieyted Press agentliyinə həmin müsahibəsində müxbirin seçkiqabağı kampaniya ilə bağlı sualını cavablandıran İlham Əliyev demişdi: “Mən xalqın arasına çıxanda insanlara çatdırmaq üçün özümlə ancaq bir müraciət götürəcəyəm – müraciətdə deyiləcək ki, gələcək inkişaf üçün Prezident Heydər Əliyevin apardığı siyasətin davam etdirilməsi son dərəcə vacibdir. Əgər bu siyasət davam etdirilməsə, ölkə yenidən anarxiya və qeyri-sabitlik həddinə gəlib çıxacaqdır. Əminəm ki, seçicilər bunu gözəl başa düşürlər. Bu, indiki siyasəti davam etdirəcək hökuməti onların dəstəkləməsinin səbəblərindən biridir. Bu da çox vacibdir. Biz çox layihələr həyata keçirməliyik, çünki Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, demokratikləşmə prosesi davam edir. Bütün bunlar dayandırılmamalıdır.
Xalqa müraciətimin mahiyyəti də məhz bundan ibarətdir. Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu. Prezident kimi fəaliyyətə başlayan cənab İlham Əliyev də andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Dövlətimizin başçısı cənab İlham Əliyevin 20 illik Prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı bu misilsiz uğurlar Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025