Mobil versiya
Sülhə çağırış
Tarix: 10-10-2023 | Saat: 11:56
Bölmə:Siyasət / Özəl | çapa göndər

Sülhə çağırış

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.
Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.
Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyırdı.
Gürcüstan Respublikasının rəhbərliyi ilə görüşdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatla çıxış etdilər. Ölkəmizin başçısı cənab İlham Əliyev ilk öncə Azərbaycan-Gürcüstan əlaqələrinin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edərək bu qonşu dövlətdə Ümummilli lider Heydər Əliyevin xatirəsinə göstərilən ehtirama görə təşəkkürüünü bildirdi. Heydər Əliyev və Eduard Şevarnadzenin təməlini qoyduğu dostluq, mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin indi də davam və inkişaf etdiyini bildirən cənab İlham Əliyev qeyd etdi: “Onların dostluğunun çox böyük tarixçəsi var. Sovet dövründə onlar bir-birilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Xalqlarımız üçün ən ağır dövrdə, - o acı və ağrılı günləri biz xatırlayırıq, - məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.”
Cənubi Qafqazda sülhün bərqərar olması üçün vacib olan məsələlərin geniş şəkildə müzakirə olunduğunu diqqətə çatdıran ölkəmizin başçısı çox ciddi bir mesaj verdi və bildirdi ki, hazırda regionumuzda sülhə gəlmək üçün əlverişli şərait yaranmışdır: “Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür. Sadəcə olaraq biz bundan məhrum idik, ona görə ki, Azərbaycan ərazilərinin bir hissəsi uzun illər işğal altında idi və təbii ki, bu vəziyyət imkan vermirdi ki, normallaşmaya doğru addımlar atılsın. İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar.”
Cənab Prezident Ermənistan rəhbərliyini hər hansı vasitəçilər olmadan, elə qonşu ölkədə ikitərəfli görüşə səsləyərək bunun daha münasib olduğunu xatırlatdı və əslində üç Cənubi Qafqaz dövlətinin birliyi formatında görüşlərin keçirilməsini təklif etdi: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər.”
Azərbaycan-Gürcüstan əlaqələlərinin digər aspektlərinə toxunan ölkə başçısı enerji, nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdiyini və yeni layihələrin həyata keçirildiyini qeyd etdi: “Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz - yenə də Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Əminəm ki, ondan sonra biz konkret işlərə start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm bizim, həm də ki, tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.”

Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025