Mobil versiya
Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi, siyasi-iqtisadi suverenliyinin təmin olunması sürətləndi və xalqımızın gələcək taleyi müəyyən edildi
Tarix: 03-10-2023 | Saat: 15:06
Bölmə:Siyasət / Özəl | çapa göndər

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi, siyasi-iqtisadi suverenliyinin təmin olunması sürətləndi və  xalqımızın  gələcək taleyi müəyyən edildi

Ümummilli Liderin ümumilikdə  hakimiyyətinin hər iki dövrü Azərbaycanın bu günü və gələcəyi ilə bağlı qərarlarla, təşəbbüslərlə, biri-birindən mühüm addımlarla zəngindir. Müdrik dövlət xadimi, görkəmli siyasətçi, Ulu Öndər Heydər Əliyev ölkəmizin və millətimizin müqəddəratının həll olunduğu son dərəcə mürəkkəb və təhlükəli məqamlarda öz üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək ölkəmizi zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail oldu. Dahi şəxsiyyət Azərbaycanı bütün dünyaya humanist dövlət kimi tanıtmağı bacardı. 1993-cü il oktyabrın 3-də qədirbilən xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Həmin gün ölkəmizdə keçirilən prezident seçkilərində xalqımızın böyük əksəriyyəti Ulu Öndər Heydər Əliyevə etimad göstərdi, özünün Prezidenti seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz etməklə, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Beləliklə, Azərbaycan xalqının gələcək taleyini müəyyən edən mühüm başlanğıcların əsası qoyuldu. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmaqla, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.

Hələ Ulu Öndərin 90-cı illərin əvəllərində Naxçıvan MR Ali Məclisinin sədri kimi fəaliyyət göstərdiyi vaxtlar parlamentin yeni tərkibdə keçirilən sessiyalarında gündəliyə çıxarılan məsələlər, qəbul edilən tarixi qərarlar Azərbaycanın müstəqilliyinə və suverenliyinə atılan addımlar idi. O zaman Naxçıvan Muxtar Respublikasında yaranmış gərgin, böhranlı vəziyyəti aradan qaldırmağın öhdəsindən məhz Heydər Əliyev – böyük təcrübəyə malik, səriştəli bir rəhbər, dünyada tanınmış siyasətçi gələ bilərdi. Naxçıvanda 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə bu günün hakim partiyası – Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Müstəqillik tariximizin ən parlaq səhifələrindən biri bu günlərdə reallaşdı. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi.

Azərbaycan xalqı çox xoşbəxt bir xalqdır ki, Ulu Öndər Heydər Əliyev kimi fenomen bir şəxsiyyət ölkəyə rəhbərlik etdi. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Hər bir ölkənin inkişafında sabitliyin, iqtisadi tərəqqinin rolunu önə çəkən Ümummilli Lider bu çağrışı da etdi ki, Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan müstəqil siyasətinin uğurlarını yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, milli  Konstitusiyamız qəbul edildi, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal- azərbaycançılıq ideologiyası ətrafında sıx birliyə çağrıldı. Azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparıldı,  cəmiyyətin idarə edilməsində əhəmiyyətli rola malik olan, ayrı-ayrı sahələrin inlikafına yol açan qanunlarımız qəbul edildi. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı dövlət siyasətinin əsasına çevrildi. Ümumilikdə bütün sahələrdə geniş vüsət alan islahatlar prosesi Azərbaycanın hərtərəfli inkişafını şərtləndirdi. Ulu Öndər Heydər Əliyev iqtisadi və siyasi islahatların vəhdətinin yaradılmasını prioritet məsələ kimi qarşıya qoydu. İlk dəfə olaraq ölkəmizdə özünüidarəetmə orqanı – bələdiyyələr yarandı, Azərbaycan Avropa Şurasına qəbul edildi, Bakıda dünya azərbaycanlılarının qurultayı keçirildi, ən əsası azərbaycançılıq ideyası, milli özünüdərk gücləndirildi. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və nüfuzu sayəsində ölkəmizin iqtisadi müstəqilliyini və əhalinin yüksək rifah halını təmin edəcək inkişaf strategiyası işlənib hazırlandı, “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqavilələri imzalandı, tarixi İpək Yolunun bərpasına başlandı.

Məhz 1993-2003-cü illərdə qoyulan təmələ əsaslanaraq dövlət başçısı İlham Əliyev 2003-cü ildə  Prezident kimi jurnalistlərə ilk müsahibəsində bildirdi ki,  hər şey iqtisadiyyat üzərində qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Artıq bu istiqamətdə çox böyük işlər görülüb. 1993-2003-cü illərdə Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını ilk dəfə beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirilməsi də məhz Ulu Öndər Heydər Əliyev Əliyevin iti zəkası, fədakar əməyi, böyük zəhməti sayəsində mümkün olub. Bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyev dahi şəxsiyyətin şah əsəri olan müstəqil Azərbaycanda bərqərar olan siyasi, iqtisadi və sosial inkişaf siyasətini uğurla davam etdirir.

Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024