Mobil versiya
Dünyaya qardaşlığın, dostluğun nümunəsini təqdim edən Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.
Tarix: 02-10-2023 | Saat: 10:00
Bölmə:Siyasət / Özəl | çapa göndər

Dünyaya qardaşlığın, dostluğun nümunəsini təqdim edən       Azərbaycan və Türkiyə  hər zaman bir-birinin yanındadır.

Sentyabrın 25-də Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə səfəri çərçivəsində Naxçıvanda qarşılayan dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında münasibətlərimizin gələcək inkişafında stimulverici amil olan uğurlarımızı bir daha diqqətə çatdırdı. İki qardaş ölkənin Prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Əlaqələrin yeni istiqamətlər üzrə inkişafında hüquqi baza olan sənədlər imzalandı. Azərbaycan-Türkiyə əlaqələrinin uğurlu inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. İki qardaş ölkənin həmrəyliyi və əməkdaşlığı beynəlxalq aləmdə əmin-amanlığın, təhlükəsizliyin, əməkdaşlığın tənzimlənməsində, regionda meydana çıxan problemlərin həllində böyük əhəmiyyətə malikdir. Sevincini və kədərini birlikdə bölüşən iki qardaş ölkənin rəhbərləri tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hər iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə daha yüksək səviyyəyə çatmaqda, keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Dünyaya qardaşlığın, dostluğun nümunəsini təqdim edən Türkiyə və Azərbaycan hər zaman biri-birinin yanındadır. Tarixin bütün sınaqlarından şərəflə çıxan bu birliyin daha da möhkəmlənnməsi hər iki tərəfin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Azərbaycan və Türkiyənin sıx münasibətləri dünya ölkələri üçün nümunədir və xüsusilə Türk dünyası dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir. Bir sözlə, Azərbaycan bu prosesdə Türkiyə ilə birgə liderliyi ələ alıb və onu uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında bu mühüm məqam daim vurğulanır ki, bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə Rəcəb Tayyib Ərdoğanın  liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz.  Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan amili ən önəmli amillərdən biridir. Səfər çərçivəsində müzakirə olunan məsələlər birliyimizə, həmrəyliyimizə bir daha işıq saldı. Bütün sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin miqyasının daha da genişlənməsi möhkəm təmələ əsaslanır. Uğurların təməlində Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığı, dünyaya nümunə olması dayanır. Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuata birgə bəyanatlarında səsləndirdikləri fikirlər də bütün məqamları özündə ehtiva etdi. Türkiyə və Azərbaycan iki qardaş ölkədir. “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımlayıb və bundan sonra da addımlayacaq.
İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nun, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin; “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması iki ölkə arasında əlaqələrin möhkəmləndiyinin təzahürüdür.
Dünya 44 günlük İkinici Qarabağ müharibəsində, həmçinin postmünaqişə dövründə Azərbaycan-Türkiyə qardaşlığının möhkəm təmələ əsaslandığının bir daha şahidinə çevrildi. İki dost ölkə atdıqları addımları ilə ədalətin, beynəlxalq hüququn yanında olduqlarını təsdiqləyirlər. Türkiyənin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə siyasi və mənəvi dəstəyini daim vurğulayan dövlət başçısı İlham Əliyev ölkəmizin bundan güc aldığını bütün çıxışlarında bildirir. Qürur dolu tariximiz olan 44 günlük Vətən müharibəsinin ilk günlərindən qardaş ölkənin Azərbaycana siyasi-mənəvi dəstəyi gücümüzə güc qatdığı kimi sentyabrın 19-20-də Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı, dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarına qarşı antiterror tədbirlərində Türkiyə Azərbaycanın yanında oldu. Bu tarixi gündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikada, Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında, dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən açıq və birmənalı bəyanatlar səsləndirərək bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bəyan etdi. Rəcəb Tayyib Ərdoğanın dünyanın ən ali kürsüsündən - Qarabağ Azərbaycan torpağıdır – söyləməsi təbii olaraq gücümüzə güc qatdı. Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Hər iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Səfər zamanı keçirilən görüşdə Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Atılan hər bir addım, reallaşan, eyni zamanda, yeni gündəmə gətirilən layihələr ölkələrimizin, xalqlarımızın nə qədər bir-birinə bağlı, yaxın olduğunu göstərir.
Azərbaycan-Türkiyə əlaqələrinin uğurlu inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sülhün, sabitliyin bərqərar olmasına hesablanıb.

Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir
rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024