Mobil versiya
Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixinin ən parlaq simasıdır
Tarix: 29-09-2023 | Saat: 17:01
Bölmə:Siyasət / Özəl | çapa göndər

Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixinin ən parlaq simasıdır

1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə idi. Məhz həmin gün xalqımız taleyüklü seçim qarşısında olduğunu düzgün qiymətləndirdi və özünün xilaskar oğlu Heydər Əliyevi Prezident seçməklə müstəqil müasir Azərbaycanın təməlini qoydu. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Tarix göstərdi ki, əgər müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadim Heydər Əliyevi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, habelə Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.

Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycan dövlətçiliyinin tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan görkəmli şəxsiyyətlər içərisində, dünya miqyaslı siyasətçi, Ümummilli Lider Heydər Əliyevin xüsusi yeri vardır. Ulu Öndər öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlməklə Azərbaycan dövlətçiliyini süqut etməkdən, ölkəni parçalanmaqdan qoruya bilmiş, müasir müstəqil Azərbaycan dövlətini quraraq, gələcək nəsillərə özünün ən böyük irsi kimi əmanət etmişdir.

Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşır, tarixi şəraiti düzgün qiymətləndirir və ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Ulu Öndər beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və müdrik dövlət xadimi olduğunu təsdiq etmişdir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, milli ideologiyanın yaradılması Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Azərbaycan xalqının Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir.

Bu gün Azərbaycan iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, xalq-dövlət-ordu birliyinin təşəkkül tapdığı bir ölkədir. 1993-2003-cü illər ərzində Ulu Öndər tərəfindən görülmüş və əsası qoyulmuş işlər hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Son 20 il ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir.

44 günlük Vətən Müharibəsindəki tarixi Zəfərimiz, Müzəffər Ali Baş komandanımız İlham Əliyevin Cahanşümun sərkərdəlik gabliyyətinin nəticəsi, Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun
təntənəsidir.

Son qəti Qələbəmiz nəticəsində artıq Xocalıda, Ağdərədə,Xankəndində Azərbaycan bayrağı dalğalanır.Bun gün Ulu Öndərimizin, Müqqədəs Şəhidlərimizin, torpaq həsrəti ilə dünyadan köçən soydaşlarımızın ruhu şaddır.

Allah Ulu Öndərimizə, şəhidlərimizə rəhmət eləsin !

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024