Mobil versiya
Azərbaycan ilə Türkiyə arasında imzalanmış sənədlər mühüm tarixi əhəmiyyət kəsb edir
Tarix: 27-09-2023 | Saat: 10:14
Bölmə:Özəl / Siyasət | çapa göndər

Azərbaycan ilə Türkiyə arasında imzalanmış sənədlər mühüm tarixi əhəmiyyət kəsb edir

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 25-də Naxçıvana ikinci dəfə səfər etməsi iki qardaş ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi və möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən tarixi hadisədir. Səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” kimi vacib sənədlər imzalanıb. Azərbaycan-Naxçıvan sənədlərinin imzalanma mərasimindən sonra mətbuata bəyanatla çıxış edən cənab Prezident İlham Əliyev xüsusi önəm kəsb edən hadisə kimi İğdır-Naxçıvan qaz kəmərinin çəkilişini qeyd etmişdir. Dövlətimizin başçısı qeyd edib ki, bu layihə ölkələrimiz arasında qardaşlıq münasibətlərinin tarixində önəmli hadisə olmaqla əlaqələrin inkişafına yeni təkan verəcək, eyni zamanda da Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.

Məlum olduğu kimi, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Öz bəyanatında bu məsələyə toxunan cənab Prezident İlham Əliyev həmçinin bildirmişdir ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Naxçıvanda da şiddətli döyüşlər gedirdi və məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Lakin həmin dövrdə Naxçıvanın enerji təminatı da Azərbaycanın əsas hissəsindən gəlirdi. Bundan istifadə edən Ermənistan bütün elektrik və qaz xətlərini kəsmiş və Naxçıvan 15 il qazsız yaşamalı olmişdur. Yalnız 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq. Bununla belə cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasət kursu Muxtar Respublikanı yaxın gələcəkdə enerji ixracatçısına çevirəcək. Dövlət başçımızın dediyi kimi, Naxçıvanda neft və qaz olmasa da, burada yaşıl enerji istehsalı üçün böyük potensial var. Bu günlərdə Naxçıvanda Türkiyə-Azərbaycan III Beynəlxalq Enerji Forumu keçiriləcəkdir. Forumda həm günəş, həm külək, eyni zamanda su elektrik stansiyalarının inşası ilə bağlı planlar müzakirə olunacaq. Bu planların reallaşması ilə gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaq.

Bir vacib məqamı da qeyd etmək lazımdır ki, TANAP layihəsi, İğdır-Naxçıvan qaz xətti və Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolu strateji əhəmiyyət kəsb edən layihələrdir. Bu layihələr Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəklər. Cənab Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, logistik layihələrin potensialı çox böyükdür və imkanları dəfələrlə artırmaq mümkündür. O cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun potensialı 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. Ermənistan Azərbaycan ilə sülh sazişini imzalamaqla və 10 noyabr üçtərəfli Bəyanatın müddəalarına əməl etməklə bütün bu layihələrdən bəhrələnmək şansı əldə edə bilər. Azərbaycan və Türkiyənin Cənubi Qafqazda müştərək maraqları da bundan ibarətdir ki, regionda sülh və əmin-amanlıq bərqərar olsun, müharibələrə son verilsin və ən əsası bütün ölkələrin ərazi bütövlüyü təmin edilsin. Azərbaycan bu istiqamətdə artıq mühüm addımlar atır. Bu gün Azərbaycandan onun Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar göndərilməsinə başlanmışdır. Yanacaq - neft, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər humanitar yardım edilir və bu, bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır və onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024