Mobil versiya
Aqiyə Naxçıvanlı: “Azərbaycanın hər bir qələbəsi ədalətin təntənəsidir”
Tarix: 22-09-2023 | Saat: 14:34
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Aqiyə Naxçıvanlı: “Azərbaycanın hər bir qələbəsi ədalətin təntənəsidir”

“200 il bundan əvvəl çar Rusiyasının Cənubi Qafqazda yürütdüyü siyasətə uyğun olaraq tarixi Azərbaycan torpağı olan Qarabağa İrandan və bəzi Yaxın Şərq ölkələrindən köçürülən ermənilər bu ərazilərdə məskunlaşdıqları ilk gündən xalqımıza qarşı düşmənçilik və etnik dözümsüzlük sərgiləməyə başlayıblar. XX əsrin əvvəllərində Rusiyanı bürümüş inqilabi hərəkatlar səbəbilə yaranmış şəraitdən sui-istifadə edən erməni qəsbkarları, ifrat millətçilik üzərində qurulmuş daşnaksutyun siyasətinə uyğun olaraq Azərbaycana qarşı əsl qətliamlar törətmiş, 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşına erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə həkk olunmuşdur. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat öz fikirlərini davam etdirərək bildirib ki, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də kütləvi şəkildə həyata keçirilmişdir: “1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Qeyd etmək lazımdır ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair ilk siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilmişdir. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.”

Daha sonra A.Naxçıvanlı Azərbaycanın Vətən müharibəsinə yalnız sülh yolu ilə torpaqlarımızın geri qaytarılması ilə bağlı bütün imkanlar tükəndikdən sonra başladığını və bu addımın tarixi zərurət olduğunu vurğulayaraq bunları deyib: “44 günlük Vətən müharibəsi birmənalı olaraq, Ermənistanın Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan II Qarabağ savaşına qədər keçən 30 il ərzində bütün dünyada olan ermənipərəst qüvvələrin səylərilə beynəlxalq riyakarlığın ən bariz təzahürləri ilə üz-üzə qalmışdı. Nəticə etibarı ilə ölkəmizə öz torpaqlarını müharibə yolu ilə azad etməkdən başqa bir seçim buraxılmadı. Bu hal deməyə əsas verir ki, bu gün beynəlxalq hüquq normaları işləmir. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən dörd qətnamənin icrasın bütün bu illər ərzində təmin olunmaması da bunu sübut edir. 2020-ci ilin sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə olunmaqla Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi atəşə tutdular. Bu qanlı təxribat nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak oldular. Artıq bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə erməni qəsbkarlarının qanlı cinayətlərinə son qoymaq məqsədilə bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Bu qərar əlbəttə ki, artıq yetişmiş bir tarixi zərurət idi və bütün Cənubi Qafqazın gələcək müqəddəratının müəyyənləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edirdi. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında bir Dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.”

Öz açıqlamasında deputat həmçinin Azərbaycanda hər bir şəhid ailəsinə, hər bir qaziyə və müharibə iştirakçısına göstərilən dövlət qayğısından da bəhs edib: “Azərbaycan bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil kimi məhz vətəndaş məmnunluğu prinsipini tutan dövlətdir. “Mən hər zaman qazilərin yanında olacağam” – deyən cənab Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş oldu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər Ölkə Prezidenti İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsinin bir təzahürüdür. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 02 dekabr 2020-ci il tarixli Sərəncamla 27 sentyabr Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunacaq. Əlbəttə ki, bu Sərəncam da şəhid ruhlarına, şəhidlərin doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın bariz təzahürüdür.”
Sonda A.Naxçıvanlı bəzi dünya güclərinin hələ də ermənilərə havadarlıq etmələrinin və bu əsasda Ermənistanda revanşizm əhval-ruhiyyəsinin bəslənməsinin təhlükəli tendensiya olduğunu qeyd edib və cari ilin 19 sentyabr tarixində keçirilmiş antiterror tədbirlərinin də məhz ölkəmizə qarşı davam etdirilən düşmənçilik siyasətinin nəticəsi olduğunu vurğulayıb: “Vətən müharibəsinin başa çatmasından sonra üç il keçsə də erməni faşizminin təzahürləri hələ də özünü göstərməkdədir. Bu, çox təhlükəli tendensiyadır və ilk növbədə Ermənistan dövlətinin özü üçün. Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə demişdir ki, revanşizm yolverilməzdir və əgər erməni faşizmi baş qaldırmağa bir də cəhd göstərərsə, Azərbaycanın “Dəmir yumruğu” onun başını heç bir tərəddüd etmədən bir daha əzəcək. 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilmiş lokal antiterror əməliyyatı bu sözlərin əyani təsdiqi oldu. İlk növbədə, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan özünün silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş birləşmələrini indiyədək ərazilərimizdən çıxarmamışdı. Bu isə əlbəttə ki, ümumilikdə regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. Həmçinin son üç il ərzində Ermənistanın Azərbaycana qarşı terror və diversiya aktları da səngimək bilmirdi. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər həlak oldular. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışlar. Məhz elə bu səbəbdən də lokal xarakterli antiterror tədbirlərin görülməsi qaçılmaz oldu. Cəmi bir sutka davam edən əməliyyatlar nəticəsində düşmən ağ bayraq qaldıraraq təslim oldu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin silahı yerə qoyaraq ölkəmizin ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərksilah olunması, eyni zamanda bütün silah-sursat və ağır texnikanın Azərbaycana təhvil verilməsi ölkəmizin növbəti parlaq Qələbəsi, ədalətin təntənəsidir”, - deyə Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb.












Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə