Mobil versiya
Əməkdaşlığa əsaslanan siyasət
Tarix: 20-09-2023 | Saat: 09:56
Bölmə:Siyasət / Özəl | çapa göndər

Əməkdaşlığa əsaslanan siyasət

Sentyabrın 14-də cənab Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. İlk dəfədir ki, Məşvərət görüşünə regiondankənar ölkənin rəhbəri dəvət olunub. Bu, dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin edilməsinə, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Hazırkı geosiyasi landşaft çərçivəsində bu daha vacib kurslardan biridir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələri baxımından çox dinamik il olub. Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində artıq Xəzər dənizinin Qafqaz və Mərkəzi Asiyanı ayırmadığını, əksinə bu iki regionu birləşdirdiyini demək olar.
Son bir il ərzində Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir. Bu münasibətlərin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün Türk dünyası üçün mühüm əhəmiyyət daşıyır. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər dövlətləri birgə əməkdaşlığa səsləyir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin perspektivlərini müəyyənləşdirir.
Cənab Prezident Məşvərət görüşündə çıxış edərək bildirmişdir ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkldaşlığa böyük üstünlük verir və bu əməkdaşlığın bütün sahələrdə davamlı inkişafını görmək istəyir. Ortaq mədəni tarixə malik xalqlarımızın dostluq və qardaşlıq ənənələrini yaşatmaq, inkişaf etdirmək zəruridir və bu sahədə mühüm addımların atılması sevindiricidir.
Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi region olduğunu bildirən cənab prezident bu region ölkələri ilə iqtisadi münasibətlərin, ticarət əlaqələrinin artdığını bildirmiş və qeyd etmişdir ki, bundan sonra da əlaqələrimiz genişlənəcəkdir: “İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb.”
Regionun hər bir ölkəsi ilə ayrıca sazişlərin, əməkdaşlığın olduğunu qeyd edən ölkə başçısı Mərkəzi Asiyanı Avropa ilə birləşdirən nəqliyyat dəhlizinin Azərbaycandan keçdiyini bildirərək söyləmişdir ki, bu yollar və imkanlar qardaş ölkələr üçün həmişə açıqdır və lazımi dəstək verməyə hazırıq: “Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat–logistika infrastrukturu onlar üçün açıqdır.”
Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsinin fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş “Rəqəmsal İpək Yolu” layihəsinin olduğunu söyləyib.
Region ölkələri çalışır ki, daha da müstəqil olsunlar və heç bir dövlətdən asılı olmasınlar. Bunun üçün də qarşılıqlı əməkdaşlıq vacib şərtlərdən biridir. Ona görə də Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq güclənir. Çünki Avropaya açılan pəncərə azərbaycandır və ölkəmizin geniş logistika və nəqliyyat imkanları vardır. Bu da əlbəttə, Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün önəmli rol oynamasına səbəb olur. Ölkəmizin başçısının həyata keçirdiyi siyasət isə birmənalı olaraq həm dövlətimizin, həm də qardaş və dost ölkələrin iqtisadi cəhətdən inkişafına hesablanmışdır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024