Mobil versiya
Anar Nəbiyev: Möhkəm təməl uğurların əsasıdır
Tarix: 30-08-2023 | Saat: 15:12
Bölmə:Siyasət / Özəl | çapa göndər

Anar Nəbiyev: Möhkəm təməl uğurların əsasıdır

“Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir.” Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev, eyni zamanda bildirmişdir ki, həm elm sahəsində, həm təhsil, ədəbiyyat, mədəniyyət və bizim mənəvi mənbəyimiz olan İslam dini sahəsində tarixi ənənələrimizdən istifadə edərək gənclərimiz üçün bütün dünyaya geniş yol açmaq lazımdır.
Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü gənclərə diqqət və qayğı ilə xarakterizə edilir. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək minlərlə Azərbaycan gənci keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir. Həmin dövrdə hərbi kadrların yetişdirilməsi məsələsi də prioritet idi. Ümummilli Liderin gərgin səyələri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin əsası qoyuldu. Həmçinin həmin dövrdə Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili xüsusi diqqət mərkəzində idi. Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından, sözün əsl mənasında, qəhrəmanlığa bərabər bir addım gələcəyin müstəqil Azərbaycanı, onun gəncliyi naminə atılmışdır. Dahi şəxsiyyət Heydər Əliyev bu çağırışı etmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. 
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasına çevrildi. Gəncləri daim savadlı, təhsilli, müasir dünyagörüşə malik gənclər kimi görmək istəyən Ümummilli Lider onların təhsilinə xüsusi diqqət göstərdi. Təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi də davam və inkişaf etdirilməyə başlandı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara Prezident təqaüdünün verilməsi barədə qərarı Onun təhsilə diqqətinin daha bir nümunəsi oldu.
Gənclərin inkişafı hər zaman Ümummilli Liderin fəaliyyətinin əsas istiqamətlərində biri olub. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər  Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” Ümummilli Liderin gənclərə əsas çağırışlarından biri tariximizi, dilimizi, ədəbiyyatımızı yaxşı öyrənmək, milli-mənəvi dəyərlərimizi qorumaq və inkişaf etdirmək idi. O, Azərbaycan gənclərini hərtərəfli inkişaf etmiş gənclik kimi görmək istəyirdi.
Son 20 ilə yaxın  dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə biri-birindən mühüm Fərman və Sərəncamlar imzalamış, Dövlət proqramları təsdiqləmişdir. Cənab İlham Əliyev ilk gündən “Qara qızıl”ın insan kapitalına çevrilməsi çağırışını etdi və müqayisəli təhlil əsasında bildirdi ki, inkişaf etmiş ölkələrə diqqət yetirsək onları irəli aparan bilikdir, təhsildir, yeni texnologiyalardır. Prezident İlham Əliyevin Sərəncamları əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində minlərlə  Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. O da məlumdur ki, Prezident İlham Əliyev ötən il “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nı  təsdiqlədi. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.
Göründüyü kimi, Ümummilli Liderin bütün sahələrdə yaratdığı  möhkəm təməl  uğurlu nəticəsini verir. Azərbaycanın gələcəyi olan gənclərimiz qarşıya qoyulan hədəflərə doğru inamla addımlayır.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024