Mobil versiya
Fransa-Ermənistan cütlüyünün suverenliyimizə qarşı atacağı istənilən addıma ən sərt şəkildə cavab veriləcək - ŞƏRH
Tarix: 29-08-2023 | Saat: 15:14
Bölmə:Siyasət | çapa göndər

Fransa-Ermənistan cütlüyünün suverenliyimizə qarşı atacağı istənilən addıma ən sərt şəkildə cavab veriləcək - ŞƏRH

Avqustun 26-də Laçın Şəhəri Günü Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Laçında təntənəli şəkildə qeyd edildi. Artıq Azərbaycan xalqı şəhərlərinin işğalı gününü böyük ağrı və hüznlə, məruz qaldığı ədalətsizliyi və haqsızlığı dilə gətirməklə qeyd etmir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qəhrəman şəhid və qazilərimizin şücaəti və qanı bahasına bu faciəvi günlər tarixin qara səhifələrindən birdəfəlik silindi. İndi biz işğaldan azad edilmiş şəhərlərimizin yeni “doğum günü”nü, dirçəlişini və intibahını qeyd edirik.

Bir millət və xalq üçün bundan böyük xoşbəxtlik və milli qürur mənbəyi ola bilməz. Dövlətimizin başçısının laçınlılarla görüşündə bu xoşbəxtlik açıq-aydın hiss olunurdu. Hər bir laçınlı 31 il ağır məhrumiyyətdən sonra öz doğma torpaqlarına qayıtmağın sevincini və qürurunu yaşayır və tarixi ədaləti “dəmir yumruğ”u ilə bərqərar etdiyinə görə Ali Baş Komandana minnətdarlıqlarını bildirirdilər.

Bu sözləri Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev təntənəli mərasimdə etdiyi çıxış zamanı Laçında qısa müddət ərzində həyata keçirilən böyük həcmli bərpa və quruculuq işlərinə toxundu, Azərbaycana qarşı fitnə və təxribatlarını davam etdirən Fransa kimi ölkələrə bir daha açıq və net mesajlarını çatdırdı. Kifayət qədər qətiyyətli, özgüvənli və cəsarətli mesajın ünvanı son günlər yenə də azğınlaşan Fransa idi. Rəsmi Paris həm 2020-ci ilin oktyabrında, həm də 2022-ci ilin dekabrın 20-21-də və 2023-cü ilin avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etdirə bilməməsinin hələ də “şoku”nu yaşayır, məruz qaldığı rüsvayçı məğlubiyyətini həzm edə və acısını unuda bilmir.

“Bu baxımdan, qarşıdakı günlərdə Fransanın ölkəmizə qarşı yeni təxribatlar planlaşdırması haqqında yayılan xəbərlərə də təəccüblənməməliyik. Belə ki, üç gün öncə “Le Figaro” qəzeti yazdı ki, Fransa həm BMT Təhlükəsizlik Şurasına Azərbaycanın əleyhinə qətnamə layihəsi təqdim etməyə, həm də Paris və Fransanın böyük regionları Qarabağ ermənilərinə 10 tırdan ibarət “humanitar yardım” göndərməyə hazırlaşır. Hətta avqustun 30-da Laçına doğru hərəkət edəcək “humanitar karvan”ı Paris meri Anne Hidalgonun müşayiət edəcəyi bildirilir. Yəni, Nikol Paşinyanın “tır tamaşasının” “2-ci pərdəsi”nin nümayişinə hazırlıq gedir.

Bu məlumatlar bir daha onu göstərir ki, Fransa özünün siyasi riyakarlığı, ikiüzlülüyü və beynəlxalq hüquqa hörmətsizliyi ilə artıq bacısı Ermənistanı da geridə qoyub. Fransanın Azərbaycandakı səfirinin Avropa İttifaqına üzv olan ölkələrin Bakıdakı səfirliklərinə avqustun 26-da şəhər günü münasibətilə Laçında təşkil olunan tədbirdə iştirak etməmələri üçün təzyiqlər etməsini də bu rəzilliyə əlavə etsək (təqdirə layiq haldır ki, Fransanın bu məsuliyyətsiz çağırışına əksər ölkələr qoşulmayıb), görərik ki, Fransa ölkəmizə qarşı açıq düşmənçilik mövqeyi tutub və indiyə kimi düçar olduğu uğursuzluqdan heç bir dərs çıxarmayıb. Düşünürəm ki, Fransanın Bakıdakı səfirinin ölkəmiz əleyhinə bu cür təxribatçı fəaliyyəti davam edərsə, onun “persona non qrata” elan olunması məsələsinə baxılması qaçılmaz olacaq”, - deyə Azay Quliyev vurğulayıb.

O deyib: “Prezident İlham Əliyevin Laçında “biz heç nədən qorxmuruq və heç bir şey bizi yolumuzdan döndərə bilməz” mesajı isə o deməkdir ki, Fransa və Ermənistan cütlüyünün ölkəmizin suverenliyinə və bütövlüyünə qarşı atacağı istənilən addımına bundan sonra da ən sərt şəkildə cavab veriləcək, dünyada “nüfuz böhranı” yaşayan Emmanuel Makron Fransasının Azərbaycana elan etdiyi “səlib yürüşü”nün və planlaşdırdığı təxribatlarının qarşısı qətiyyətlə alınacaq.

Ona görə də şübhə etmirəm ki, əgər, Fransa “Le Figaro”nun yazdığı kimi, bu günlərdə ölkəmizin əleyhinə hər hansı bir qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edərsə və ya “humanitar yardım” şousu adı altında Azərbaycana təzyiq göstərərsə, bununla rəsmi Paris yenə də özünü dünyada rüsvay edəcək və heç bir konkret nəticəyə nail ola bilməyəcək”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024