Mobil versiya
“Böyük Qayıdış” uğurla reallaşır
Tarix: 28-08-2023 | Saat: 17:46
Bölmə:Siyasət / Özəl | çapa göndər

“Böyük Qayıdış” uğurla reallaşır

Bu gün icrası uğurla həyata keçirilən “Böyük Qayıdış” proqramı 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbədən dərhal sonra Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dövlətimizin əsas prioriteti kimi müəyyən edilib. Uzun illər boyunca yurd həsrətilə, məcburi köçkün həyatı yaşamış həmvətənlərimizin öz doğma el-obalarına qovuşmaları üçün hazırda işğaldan azad edilmiş ərazilərimizdə yeni infrasrukturun qurulması, evlərin tikilməsi, yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində vüsətli iş aparılır. Regionun lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi bölgələrdə həyatı sürətlə canlandırır. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə mütəmadi etdiyi səfərlər bir tərəfdən yerlərdə görülən işlərə ən yüksək səviyyədə ciddi nəzarətin olduğunu göstərir, digər tərəfdən də möhtərəm cənab Prezidentimizin müxtəlif obyektləin təməlqoyma və açılış mərasimlərində iştirakı ən effektiv stimul kimi çıxış edir. Qeyd olunmalıdır ki, cənab Prezident İlham Əliyev işğaldan azad olunmuş Laçın rayonuna 2021-ci ilin fevral ayından bu günə qədər artıq altı dəfə səfər etmişdir. Bu səfərlərin hər biri mühüm obyektlərin təməlqoyma mərasimləri və açılışları ilə əlamətdar olmuşdur. İlk növbədə 2021-ci ilin fevral ayında Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Bunun ardınca növbəti iki il yarım ərzində bir çox önəmli obyekt və müəssisələrin təməlqoyma və açılış mərasimləri keçirilib.

Təbii ki, cənab Prezident İlham Əliyevin 25-26 avqust tarixıərində Laçın rayonuna səfəri də istisna olmadı. Səfər çərçivəsində dövlətimizin başçısı AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, əsaslı təmirdən sonra Laçın rayon 2 nömrəli tam orta məktəbin və “Həkəri Balıq Təsərrüfatı”nın açılış mərasimlərində iştirak etdi. Həmçinin cənab Prezident Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış oldu. Qeyd edək ki, bu hava limanının da təməli 2021-ci ildə möhtərəm dövlt başçımız tərəfindən qoyulmuşdur. Laçında Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının reallaşmasına da geniş imkanlar yaradacaq.

Səfər çərçivəsində Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, öz sərhədlərinə nəzarəti həyata keçirmək Azərbaycanın legitim hüququdur və ölkəmiz bu hüququndan istifadə edərək 23 aprel 2023-cü il tarixində Ermənistanla sərhəddə, Laçın rayonu ərazisində sərhəd-buraxılış məntəqəsini qurdu. Azərbaycan bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək bunu etdi. Bununla bağlı Azərbaycana, birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevə qarşı uzun müddət çoxsaylı təzyiqlər, hədə-qorxular oldu və bu gün də davam edir. Lakin heç bir təhdid Azərbaycanın və möhtərəm Prezidentimizin iradəsinə üstün gələ bilməz. Sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizin ərazi bütövlüyünün tam bərpası deməkdir və Azərbaycan bunu beynəlxalq hüquq çərçivəsində təmin etdi.

Bu gün həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq ictimaiyyət Laçın rayonunun timsalında dirçələn Azərbaycan reallıqlarını görür. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Möhtərəm Prezidentimizin dediyi kimi, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024