Mobil versiya
Azərbaycan-Özbəkistan münasibətlərində əldə olunmuş nailiyyətlər yeni əməkdaşlıq perspektivləri vəd edir
Tarix: 24-08-2023 | Saat: 11:06
Bölmə:Özəl / Siyasət | çapa göndər

Azərbaycan-Özbəkistan münasibətlərində əldə olunmuş nailiyyətlər yeni əməkdaşlıq perspektivləri vəd edir

Məlumdur ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə təşkilat daxilində olduğu kimi, ayrı-ayrılıqda ikitərəfli əlaqələrin inkişafını da hər zaman xüsusi diqqət mərkəzində saxlayır. O cümlədən hazırda Azərbaycan-Özbəkistan ikitərəfli münasibətləri də sürətlə inkişaf edir. Ölkə Prezidenti cənab İlham Əliyevin ötən il üç dəfə Özbəkistana səfər etməsi ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edir. Həmçinin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri ölkələrimiz və xalqlarımız arasında uzun illərdən bəri formalaşmış dostluq münasibətlərinin səmimiyyət və möhkəmlik göstəricisi kimi qiymətləndirilə bilər. Birmənalıdır ki, iki yaxın xalq, iki yaxın ölkə olan Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin bu gün tamamilə yeni mərhələyə yüksəlişi bilavasitə iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri sayəsində mümkün olub. Bu gün həm Özbəkistan, həm də Azərbaycan xalqları dövlət başçılarının münasibətlərinin, qarşılıqlı səfərlərinin müsbət nəticələrini əməli işlərdə görürlər. Şavkat Mirziyoyevin Prezident seçildikdən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsi də ölkəmizə və xalqımıza münasibətin göstəricisidir. Buna görə də möhtərəm Prezidentimiz cənab İlham Əliyev də avqustun 22-də mətbuata bəyanatla etdiyi çıxışında bu məqamı xüsusi vurğulamış və Özbəkistan Prezidentinin Azərbaycana bu səfərini yüksək dəyərləndirmişdir.
Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanmışdır. Diqqətəlayiq haldır ki, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan Prezidentinin şəxsi təşəbbüsü ilə orta məktəb binası ölkəmizə hədiyyə olaraq inşa edilmişdir. Bu fakt iki dost ölkə arasında əlaqələrin getdikcə genişləndirilməsini və möhkəmləndirilməsini bir daha təsdiq edir.
Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, dövlət başçıları arasında aparılan danışıqlar çərçivəsində məsələlərin geniş spektri müzakirə olunub. İstər təkbətək, istərsə də geniş tərkibdə keçirilən görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətin möhkəmlənməsi istiqamətində əldə olunmuş nailiyyətlər ətraflı təhlil edilib. Həmçinin bütün sahələr üzrə əlaqələrin gələcək inkişaf yolları müzakirə edilib və müəyyən olunub. Azərbaycan ilə Özbəkistan arasında imzalanmış çox sayda sənədlər də bu münasibətlərin artıq tamamilə yeni və ən yüksək səviyyədə olduğunu deməyə əsas verir. Xüsusilə Ali Dövlətlərarası Şuranın yaradılması barədə imzalanmış müqavilə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin və gündəliyin kifayət qədər geniş olmasının göstəricisi kimi qiymətləndirilməlidir.
Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, bu ay Azərbaycanda Özbəkistanın Mədəniyyət Günlərinin böyük uğurla keçməsi də xalqlarımızın çox yaxın milli-mənəvi və mədəni dəyərlərə sahib olduqlarını bir daha təsdiq etmiş oldu. Bu baxımdan hər iki ölkənin dövlət başçılarının bu cür tədbirlərin müntəzəm keçirilməsi barədə razılığa gəlmələri mühüm əhəmiyyət kəsb edən bir qərardır.

Lütvəli Şıxəliyev,
YAP Saatlı rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025