Mobil versiya
Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin mənafeyinə uyğundur – Rəy
Tarix: 26-07-2023 | Saat: 14:33
Bölmə:Siyasət | çapa göndər

Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin mənafeyinə uyğundur –

Dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq prinsipini əsas tutan Azərbaycan Çinlə də siyasi, hərbi, iqtisadi, mədəniyyət və digər istiqamətlərdə sıx əlaqələr yaratmağa nail olub. Bu əlaqələr bu gün də davamlı olaraq həyata keçirilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Çin telekanalına müsahibəsində Prezident İlham Əliyevin Azərbaycanla Çin arasında olan mehriban dostluq münasibətlərindən və bu münasibətlərin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən, praktiki fəaliyyətdən, eyni zamanda, iki ölkə arasında əlaqələrin dayanıqlılığı məsələlərindən danışdığını vurğulayan deputat bildirib: “Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər ikitərəfli əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Bu münasibətlərin genişlənməsində dövlət başçıları arasında dostluq münasibətləri xüsusi rol oynayır. Çin və Azərbaycan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də uğurla əməkdaşlıq edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu”.

Vurğulanıb ki, Azərbaycan-Çin əməkdaşlığının inkişafının iki xalqın mənafeyinə uyğun həyata keçirilməsində, qlobal və regional səviyyələrdə sülh və təhlükəsizliyin möhkəmləndirilməsində hər iki ölkə maraqlıdır. Ölkələrimiz arasında münasibətlər siyasi cəhətdən kifayət qədər etibarlıdır və yüksək səviyyədə özünün təzahürünü tapıb. Çin tərəfi dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini bəyan edib. Təbii ki, Azərbaycan da “Vahid Çin” prinsipini dəstəklədiyini açıq şəkildə bəyan edir. Çinlə iqtisadi cəhətdən əməkdaşlıq genişlənir. Azərbaycan iqtisadiyyatında Çinin müxtəlif şirkətləri iştirak edirlər. Eyni zamanda, Çin ilə Azərbaycan arasında əməkdaşlığın daha bir konkret təzahür forması var ki, bu da qədim İpək yolunun bərpası ilə əlaqədar aparılan işlər çərçivəsində reallaşır.

Deputat bildirib ki, hazırda dünyanın dövlətlərarası münasibətlərin balansını qorumaq, xarici siyasət kursunda qarşılıqlı dinamikanı saxlamaq olduqca təmkinli və müdrik siyasət yürüdülməsini tələb edir. Çoxvektorlu və praqmatik xarici siyasət kursu həyata keçirən Azərbaycan Prezidenti Cənubi Qafqaz kimi mürəkkəb bir regionda yerləşən Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində mövqeyini gücləndirmək üçün çox ağıllı və çevik, eyni zamanda, uzaqgörən siyasətin müəllifi kimi qəbul edilməkdədir. Hazırkı mürəkkəb geosiyasi şəraitdə Şimal-Cənub, Şərq-Qərb, Qafqaz, Xəzər-Qara-Baltik dənizləri hövzələri və Mərkəzi Asiya vektorları üzrə həmahəngliyi təmin etmək, regional və qlobal xarakterli proseslərin dərin xarakter aldığı xəritədə milli maraq və mənafeləri qorumaq müdriklik, məharət tələb edir. Bu baxımdan Azərbaycan Cənubi Qafqazın ən güclü aktoru olaraq Qərblə Şərqin maraqlarının kəsişməsində özünün tarazlı siyasi iradəsini nümayiş etdirir və bu siyasi xətt Çinin də maraqlarına cavab verir. Çin Cənubi Qafqazda Rusiyanın maraqlarına toxunmadan “yumşaq iqtisadi güclə” özünün hakim mövqeyini möhkəmləndirməklə həm də yaranmış siyasi boşluğu doldurmaqadadır.

A.Məmmədov vurğulayıb ki, rəsmi Bakı və Pekin bu mürəkkəb dövrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, regional və beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf, mədəni əlaqələrin genişləndirilməsi baxımından həm region dövlətləri, həm də dünya üçün faydalı təşəbbüskarlıqda bərabər niyyət və məramlarla çıxış edir.

Azərbaycan və Çin yeni nəqliyyat, enerji və tranzit marşrutlarının yaradılması və şaxələndirilməsində, Şərq-Qərb təhlükəsizlik və əməkdaşlıq dəhlizinin formalaşmasında maraqlı dövlətlər kimi yaxından əməkdaşlıq edərək Zəngəzur dəhlizinin yaradılması fonunda regionda möhkəm dostluq və birlik formatı yaratmaqda qərarlı və iradəlidir. Avrasiya regionu ölkələri üçün strateji əhəmiyyət kəsb edən bu təşəbbüslər Şərqdən Qərbə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, sülh və tərəqqinin artmasına töhfə verməyə xidmət edir.

“COVID-19 pandemiyası dövründə hər iki ölkə güclü iradə göstərərək, bu qlobal bəlaya qarşı mübarizədə həmrəylik nümayiş etdirdi, bir-birini dəstəklədi, Çin peyvəndinin ilk ixrac istiqamətlərindən biri kimi Azərbaycana təqdim etdi.

Beləliklə, hər iki dost ölkədə siyasət və həyat çox oxşardır. Bizim fəlsəfəmiz eynidir və uğurludur. Dünyanın ən böyük iqtisadi cəhətdən qüdrətli dövlətlərindən biri olan Çinlə Azərbaycanın əməkdaşlığı hər iki ölkənin mənafeyinə tamamilə uyğun gəlir”, - deyə Anar Məmmədov qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2024