Mobil versiya
Davamlı və dayanıqlı inkişaf
Tarix: 13-07-2023 | Saat: 14:26
Bölmə:Siyasət / Özəl | çapa göndər

Davamlı və dayanıqlı inkişaf

Uzun illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir. Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır. Bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyən edən və dünya iqtisadiyyatında söz sahibi olan “qlobal oyunçu” statusunu təmin etmişdir.
İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə inkişafın müxtəlif aspektlərini toxunulmuşdur. Ölkə başçısı son altı ayda iqtisadi həyatada baş verən mühüm dəyişiklikləri təhlil edərək, gələcək strateji hədəflərin istiqamətini gösətərmişdir.
Dövlətimizin başçısı qeyd etmişdir ki, Cari ilin altı ayında əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi ki bu sahədə nəzərdə tutulan işlər yerinə yetirilmişdir. Cari ilin dövlət büdcəsi 33 milyard manat müəyyən edilsə də ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi dürüstləşmədən sonra 36 milyard manatdan artıq olmuşdur. Bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq-dyə cənab Prezident öz çıxışında vurğulamışdır.
Beş fundamental nəticə ─ qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah bu gün ölkənin sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir. Cənab Prezidentin çıxışında bu aspektlər geniş təhlil edilərək əsas prioritetlər üzrə fəaliyyətin istiqamətləri diqqətə çatdırılmışdır. Qeyd edildiyi kimi makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.
Cənab Prezident Ermənistanla aparılan sülh danışıqlarının da artıq müəyyən istiqamətə yönləndiyi və sürətləndiyi barədə məlumat verərək bildirmişdir ki, “Son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb. Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın.” Təbii ki, bütün bunlar Azərbaycanın iqtisadi və siyasi nüfuzunun getdikcə armasının, qətiyyətli xarici siyasətin bəhrəsi kimi dəyərləndirilməlidir. “Sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq” -deyə söyləyən Prezident bir daha Azərbaycanın müharibə ritorikasından yox, sülh çağırışlarından yana olduğunu xatırlatdı. Çünki bizim heç kimin nə torpağında, nə də sərvətində gözümüz yoxdur, yalnız sülh və sabitlik şəraitində dövlətimizin maraqları naminə yaşamaq istəyirik.
Lakin sülh istəyimizdən asılı olmayan səbəblər üzündən hərbi potensialımızı artırmaq məcburiyyətindəyik. Cənab prezident bunu dünyada gedən proseslərə əlaqələndirərək bildirmişdir: “Ancaq biz görürük ki, dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz demək olar ki, bunu hər gün görürük, hər gün. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar. Ölkələr deyəndə mən bütün böyük ölkələri nəzərdə tuturam. Necə deyərlər, hərəsi öz xətti ilə ya konvensiyaları pozur, ya beynəlxalq hüquq normalarını pozur, ya da oturuşmuş beynəlxalq davranış qaydalarını pozur və bunu heç gizlətmir də. Ona görə, əlbəttə ki, biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Mən demişəm, iki istiqamət üzrə - hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq.”
Ölkə başçısı həmçinin Azərbaycanın nəqliyyat imkanlarından, logistika sahəsində geniş perspektivlərdən bəhs edərək, artıq öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik. İlk növbədə, Qara dənizdə. Üç böyük tanker alınmışdır, hərəsi 115 min tonluq. Bu, ilk dəfədir Azərbaycan tarixində. Tankerlərə “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilib.
İlk növbədə ölkəmizdə ekoloji mühitin təmzi olması vacibdir və bunu pozan hər bir şəxs və ya şirkət kimliyindən asılı olmayaraq cəzalandırılacaqdır. Bu fikri söyləyən cənab Prezident həm də qeyd etmişdir ki, hər hansı problem varsa qanunla, qayda ilə aradan qaldırılmalı, insanların rahat yaşaması, təmiz atmosfer altında yaşaması ümdə məsələ olmalıdır. Qarabağ uğrunda yüzlərlə şəhid verən, gecə gündüz dağlarda asayişi qoruyan daxili qoşunlarımıza, polisə qarşı nalayiq hərəkətlər də qınanmalı, günahkarlar cəzalandırılmalıdır.
Dövlətimizin başçısı bildirmişdir ki, Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması əhəmiyyətli hadisədir. Bu günə qədər ixracla bağlı əsas qaz resursumuz “Şahdəniz” qaz-kondensat yatağı idi. Bu gün bizim artıq iki böyük qaz-kondensat yatağımız var. “Abşeron” qaz yatağı ilə bağlı ümidlərimiz böyük idi. İlkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan “Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. “Abşeron”un birinci fazası artıq icra edilir və SOCAR öz xarici tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı tezliklə daha fəal danışıqlara başlamalıdır.”
Müşavirədə səslənən fikirlər ölkəmizin bundan sonra da inkişaf startegiyasına önəm verdiyini, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, insanların rifah halının yaxşılaşdırılması sahəsində inamlı qərarların qəbul ediləcəyini özündə ehtiva etmişdir. Bir daha aydın oldu ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır. Öz tarixi ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024