Mobil versiya
Zamanın tələbi-haqqın, ədalətin təntənəsidir
Tarix: 07-07-2023 | Saat: 11:39
Bölmə:Siyasət / Özəl | çapa göndər

Zamanın tələbi-haqqın, ədalətin təntənəsidir

Qoşulmama Hərəkatı beynəlxalq münasibətlər sisteminin önəmli təsisatlardan biri olaraq BMT Baş Assambleyasından sonra dünyada ikinci ən böyük qurumdur. Bu Hərəkat müxtəlif regionları əhatə etməklə fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirir. Hərəkat qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynayır. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi təməl prinsipləri özündə ehtiva edir. Qoşulmama Hərəkatının tribunası Azərbaycana hər zaman imkan verib ki, Ermənistanın təcavüzkar siyasətini buradan ifşa etsin, həqiqətləri dünya ictimaiyyətinə çatdırsın. Bundan başqa, işğaldan əziyyət çəkən dövlət kimi verdiyi mesajlar, səsləndirdiyi faktlar bəşəriyyətin dinc yanaşı yaşaması üçün sülhdən başqa alternativin olmadığı gerçəkliyi üzərinə aydın işıq salıb.
2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan Respublikası 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Üstəlik, Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdilər.
Hazırda Qoşulmama Hərəkatına üzv olan ölkələrin ərazisində dünya əhalisinin 55 faizi yaşayır. Dünyanın neft ehtiyatlarının 75, təbii qaz ehtiyatlarının isə 50 faizindən çoxu həmin ölkələrin payına düşür. Bu isə onun həm də iqtisadi əməkdaşlıq üçün ciddi perspektiv vəd edən beynəlxalq təsisat olduğunu göstərir.
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşünün keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham əliyev görüşdə iştirak və çıxış edib.
Qeyd edək ki, Prezident İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-adım strateji hədəflərə yaxınlaşdırır. Bu görüşdə də cənab Prezident bir sıra qlobal məsələrə toxunaraq ciddi mesajlar səsləndirdi, Azərbaycanın hədəfləri, Hərəkat qarşısında duran vəzifələri elan etdi.
Ğlkə başçısı neokolonizmin, millətçiliyin hər cür təzahürünün əleyhinə olan azərbaycanın mövqeyini bir daha dünyaya bəyan etdi. Cənab Prezident qeyd etmişdir ki, Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır.
Əvvəllər qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Zənnimizcə, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar.” Nekolonializm meyllərinin artmasından narahatlığını ifadə edən ölkə başçısı bildirmişdir ki. “Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Mən öz haqq işlərini və azadlıq arzularını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Bakı nazirlər görüşü çərçivəsində tədbir keçirəcək Fransanın dənizaşırı icma və ərazilərindən olan hörmətli nümayəndələri salamlayıram.
Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.”
Bu gün Fransada baş verən hadisələr göstərir ki, sözdə demokratiya və insan haqları tərəfdarı olan, suveren ölkələrin işini həyasızcasına müdaxilə etməyə çalışan Fransa rəsmiləri öz ölkələrində belə adi insan haqlarını müdafiə etməkdə çətinlik çəkirlər. Çünki onların yürütdüyü siyasət bumeranq kimi geri qayıdır. Öz ölkəsində sabitliyi təmin edə bilməyən Makron Ermənistana havadarlıq edir, hər vəchlə Cənubi Qafqazda sülhə mane olmaq üçün dəridən-qabıqdan çıxır. Azərbaycanın 44 günlük savaşda qazandığı qələbəni həzm edə bilməyən bu ölkənin rəhbərliyi “Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da mənfur təcrübəni tətbiq etməyə çalışır.”
“Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik” -deyə cənab İlham Əliyevin səsləndirdiyi fikir görüş iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır.
İşğala məruz qalmış, ərazisinin 20 faizi uzun müddət işğal altında saxlanmış dövlətin başçısı kimi bu işğala son qoyulmasını tarixi Zəfər adlandıran cənab İlham əliyev qeyd etmişdir ki, “2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir.”
Təəssüf ki indi Azərbaycan əraziləri minalarla zəhərlənmiş 10 ölkədən biridir. Lakin bu bizi öz hədəflərimizdən yayındırmır.” Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid və ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz və inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir. Altmış min hektar meşəlik məhv edilmiş, kəsilmiş və daşınmışdır, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərləndirilmişdir”-deyə qeyd edən Prezident bir daha bəyan etmişdir ki. Azərbaycan indi qüdrətlidir, öz sözünü deyə və həyata keçirə bilir. Qoşulmama Hərəkatının Azərbaycana dəstəyini yüksək qiymətləndirən ölkə başçısı Hərəkatın bundan sonra da haqq və ədalət uğrunda mübarizə aparacağını qeyd etmişdir:” Qoşulmama Hərəkatına üzv olan ölkələr işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. 2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələri BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını alıblar”.
Xüsusi əhəmiyyətə malik olan bu görüşdə Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması göztərir ki. Ölkəmizin başçısı beynəlxalq tribunalardan dövlətimizin mənafeyini əks etdirən çıxışları ilə bir daha iradə nümayiş etdirir və daim haqq-ədalət mübarizəmizdə ardıcıl və davamlı fəaliyyətimiz olacaqdır. Bu da bir sıra dövlətlərə, o cümlədən Fransaya ciddi mesajdır. Onlar anlamalıdır ki, Azərbaycan sözdə demokratiya, insan haqları deyib, əməldə təcavüzə dəstək siyasəti yürüdənlərin qarşısında geri çəkilməyəcəkdir. Çünki bu, zamanın tələbidir, haqqın, ədalətin təntənəsidir.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024