Mobil versiya
Manaf Manafovdur: “15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifələrindəndir”
Tarix: 14-06-2023 | Saat: 11:17
Bölmə:Siyasət | çapa göndər

Manaf Manafovdur: “15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı səhifələrindəndir”

Bu il Azərbaycan xalqı özünün ən əhəmiyyətli bayramlarından birini, 15 İyun – Milli Qurtuluş Gününü xalqın və dövlətin tarixində silinməz iz buraxacaq əlamətdar bir ildə, Heydər Əliyev İlində qeyd edir. Bugünkü buraxılışımızda mövzu ətrafında AİA.az-ın suallarını Nərimanov rayon MKTB-nin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafovdur cavablandırır.

- Xoş gördük Sizi, Manaf müəllim. İlk növbədə Sizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edirəm.

- Xoş gününüz olsun. Mən də həm sizi, həm də verdiyiniz yaranmış fürsətdən istifadə edərək, saytınız vasitəsilə bütün xalqımızı bu gözəl bayram, əlamətdar tarixi gün – Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Həqiqətən də qalib Azərbaycana möhtəşəm bayramlar yaraşır. 2020-ci ilin noyabr ayından sonra, artıq üçüncü ildir ki, xalqımız bütün bayramlarını fərəh və qüruru ilə qeyd edir. Bu qüruru isə bizə Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə İkinci Qarabağ savaşında tarixi Qələbəni əldə edən Şanlı Ordumuz qaytardı.

- Manaf müəllim, ilk növbədə istərdim ki, Qurtuluş Gününün mahiyyəti barədə oxucularımızla öz fikirlərinizi bölüşəsiniz.

- Əlbəttə ki, mən bunu böyük məmnuniyyətlə edəcəyəm. Çünki o dövrdə xalqımızın yaşadığı bütün faciələrə, dövlətimizin qarşılaşdığı bütün təhlükələrə rəğmən Qurtuluş Günü Azərbaycan xalqının öz irsinə, öz müstəqilliyinə, öz sərvətlərinə sahib dura bilmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirdiyi bir gündür. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etməyə müvəffəq oldu. Lakin müstəqilliyimizin ilk illərində xalqımız bir sıra məhrumiyyətlərə qatlaşmaq məcburiyyətində qaldı. 1992-ci ildə hakimiyyəti zorla ələ keçirən o dövrki iqtidarın səriştəsizliyi ucbatından həm suverenliyimiz, həm də bütövlükdə ölkənin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən o zamanki Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Ölkənin bir sıra regionlarında silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Belə ağır məqamda insanların ümid dolu gözləri Naxçıvana, hətta düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran Ümummilli Lider Heydər Əliyevə dikilmişdi. Xaos və özbaşınalıqlardan cana doyan xalq Vətənin bu ağır günündə dahi oğlu Heydər Əliyevin Bakıya - Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə tələb edirdi. Yaranmış vəziyyətdə Azərbaycanın taleyini öz taleyi bilən Ulu Öndər Heydər Əliyev ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı və iyunun 9-da Bakıya gəldi. Ulu Öndər iyunun 13-də parlamentdə tarixi çıxış etdi. İyunun 15-də isə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, respublikamız diletant, naşı və həris insanların hakimiyyətindən qurtuldu. Azərbaycan sabitlik və inkişafla xarakterizə olunan qurtuluş yoluna qədəm qoydu.

- Heç şübhəsiz bu il qeyd etdiyimiz tarixi günlər arasında 15 İyun tarixinin xüsusi yeri və önəmi var. Eyni zamanda da yaşadığımız 2023-cü il Azərbaycan xalqı üçün xüsusilə əlamətdar bir ildir. Yəqin mənimlə razılaşarsınız ki, Heydər Əliyev İlində yaşadığımız hər bir gün kimi, tarixi günlərin də əhəmiyyəti iki qat artır. Bu bərədə nə deyə bilərsiz?

- İlk növbədə tamamilə düzgün olaraq qeyd etdiniz ki, bu il – Heydər Əliyev İli olaraq, həqiqətən də xalqımızın tarixinə ən əlamətdar, ən şərəfli səhifələrdən biri kimi yazılacaq. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda Heydər Əliyev İli elan olunması qədirbilən Azərbaycan xalqının öz Ümummilli Liderinə, böyük xilaskar oğluna olan sonsuz sevgi və ehtiramını nöbəti nümayişidir. Ümummilli Lider Heydər Əliyevin respublikaya 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixində ən önəmli inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının, müəyyən etdiyi daxili və xarici siyasət kursunun təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadırsa, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi varsa, respublikamız iqtisadi artım tempinə görə son illər bütün dünyada lider mövqelərə yüksəlibsə bütün bunlara görə biz hamımız Heydər Əliyev dühasına borcluyuq. Azərbaycanın tarixinə müasir müstəqil dövlətimizin qurucusu və xalqın xilaskarı kimi daxil olmuş Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətləri olmuşdur. Bir məqamı da xüsusi vurğulamaq istərdim. Dünyanın ən tanınmış siyasi və dövlət xadimləri də etiraf edirlər ki, Heydər Əliyev şəxsi nüfuzu, yüksək idarəçilik keyfiyyətləri, xarizması, intellekti və peşəkar siyasətçiyə xas xüsusiyyətləri ilə nəinki Azərbaycana, hətta daha böyük dövlətlərə liderlik etmək imkanına malik olan nadir şəxsiyyətlərdən idi. Bu da təsadüfi deyil. Ümummilli İider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin həm regional, həm də beynəlxalq siyasətinin müəyyənləşdirilməsində aparıcı rol oynayıb. Ulu Öndərin dediyi hər bir söz, atdığı hər bir addım, Azərbaycan xalqı, onun rifahının yaxşılaşdırılması naminə göstərdiyi qayğı qlobal xarakter daşımış və dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Xalqımızın xilaskar oğlu Heydər Əliyev öz həyatı və yorulmaz fəaliyyəti ilə xalq, Vətən və dövlət üçün yaşamağın, çalışmağın, mübarizə aparmağın əvəzsiz nümunəsini göstərərək nəsillərə örnək ola biləcək bir ömür yaşamışdır.

- Manaf müəllim, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli azərbaycançılıq ideologiyasının ölkənin bugünkü ictimai həyatında rolu barədə nə deyə bilərsiniz?

- Milli ideologiyanın formalaşdırılması Ümummilli Liderimizin respublikanmızın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində atdığı ən mühüm addımlarından biri idi. Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm addımlar atmışdır. Əgər Ümummilli Liderimizin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün ölkəmizin müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğu mümkün olmazdı. Milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın bugünkü davamlı inkişafında özünü aşkar şəkildə büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dünyada gedən geosiyasi və iqtisadi proseslər nəzərə alınaraq həyata keçirilən son dərəcə uğurlu daxili və xarici siyasət sayəsində bu gün Azərbaycan artıq sadəcə regionda deyil, həm də bütün dünyada yüksək nüfuza malik, söz sahibi olan ölkələrdən biridir. Azərbaycan bu gün Avropa İttifaqının enerji təhlükəsizliyin də getdikcə rolu artan etibarlı enerji təchizatçısı, Qoşulmama Hərəkatı kimi nüfuzlu, dünyanın ikinci ən böyük beynəlxalq təsisatına uğurla rəhbərlik bir ölkədir. Birmənalı olaraq deməliyik ki, müasir müstəqil Azərbaycan məhz möhtərəm dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində belə möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı 2003-cü ildən bu günədək əldə olunmuş böyük uğurların, möhtəşəm nailiyyətlərin əsasında isə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və dövlət başçımızın bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

- Manaf müəllim, maraqlı müsahibəyə və ətraflı cavablarınıza görə Sizə təşəkkür edirəm. Sağ olun, növbəti görüşümüzədək.

- Siz də sağ olun.

Söhbətləşdi:
Elman Babayev
Bəhram Hacıyev

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024